Əftun kişi 1942-ci ildə Oğuzda, yəhudi ailəsində doğulub. Oğuz rayonu 300 ildir ki, həm də etnik yəhudilərin məskənidir. Onun sözlərinə görə, ailəsi dindar olub. Hər cümə günü axşamdan şənbə gününə kimi dini istirahət günü (“Şabat”) olduğundan ailə həmin vaxt heç nə etməz, ancaq Tövrat oxuyarmışlar.
Buna görə də, bir gün əvvəldən yeməklər hazır saxlanılırmış. “Atam vaxtsız vəfat etdiyi üçün 10-cu sinfi bitirəndən sonra fəhləliyə başladım. Sonra bənna oldum. Belə görünməyimə baxma, 50 dənə ev tikmişəm.”
Əftun kişi deyir ki, sovet vaxtı ilə müqayisədə indi daha yaxşıdır. Çünki o zamanlar gedib fəhləlik eləməyə imkan vermirdilər. İndi isə öz təbiricə desək, “harada istəyirsən işlə, pulunu qazan”. Ancaq Əftun kişi artıq təqaüdə çıxıb.
Ümumiyyətlə, yəhudi azlıqlar qeyri-yəhudilər arasında münasibətlərə gəlincə isə hər iki camaatın çox istiqanlı olduğunu, bir-birinin xeyrinə-şərinə getdiyini, hər zaman bir-birinə arxa durduğunu bildirdi: “Hər kəslə get-gəlimiz var. Elə indicə dostum Qardaşağanın yanından gəlirəm. Bir az naxoşlayıb. Yanına gedib-gəlirəm. Söhbət edirəm ki, sıxılmasın”.
Sovetlər dağılandan sonra bütün post-sovet ölkələrindən İsrailə köçən yəhudilər oldu. Əftun kişi deyir ki, İsrailə köçən azərbaycanlı yəhudilərlə də ünsiyyəti saxlayır. Ancaq özü
İsrailə köçmək istəmir: “Mənim vətənim buradır. Atamın, anamın, qardaşımın qəbri buradadır. Mən bura ilə nəfəs alıram. Bir də ki, niyə gedim axı?! Məni burada incidən var?! Oğlum da bu yaxınlarda əsgər gedib. Getməlidir. Getdi də”.