Qaçaq Mayıl və turistlərin məkanına çevrilən mağara

Əsasən turizm bölgəsi olan Quba rayonunun tarixi məkanlarından biri də Qaçaq Mayıl mağarasıdır.

Tarixi mənbələrə görə, Qaçaq Mayıl XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri olub.

Bildirilir ki, XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən, Qubaya hücumlarının Həmdulla əfəndi Əfəndizadə ilə birlikdə qarşısını alan ən mühüm şəxslərdən biri olub.

XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. 7 övladı olub. Seyrə Zahirova, İzzət Zahirova, Ömər Zahirov, Xankişi Zahirov, Baba Zahirov, Osman Zahirov və Hüriyyə Zahirova.

Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilib və o, xidmətə alınıb.

1915-ci ildə Mayıl Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırmış.

Bioqrafiyasında qeyd olunur ki, çoxlu mərd insanları ətrafına yığdığı və onlara arxalandığı üçün Mayılın düşmənləri az olmayıb.

Ona qarşı düşmənçilik edənlər 1918–1920-ci illərdə gizli fitnə-fəsadlar yaratsalar da, 1920-ci ildən sonra ona qarşı açıq silahlı mübarizə aparıblar.

Tarixi məlumatlara görə, Qaçaq Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin fəalları ilə sıx əlaqəsi və dostluq münasibətləri olub.

O, şəxsən Məhəmməd Əmin Rəsulzadə ilə dostluq edib.

Mayılın həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanı tərk etməsinə yardım göstərdiyi də deyilir.

Sarvan döyüşü

Yalama stansiyasında döyüş bitdikdən sonra Qaçaq Mayılın rəhbərliyi ilə Şabranda Sarvan stansiyasında relslər sökülür. Ordunun hərəkəti dayandırılır və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir.

Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək, sağ qalanlarla birlikdə Babadağa çəkilir. Ölkəyə rəhbərlik edən Nəriman Nərimanov yerli əhalini əldə saxlamaq üçün Həmdulla Əfəndiyə toxunulmazlıq verir.

Mayıl M.Ə.Rəsulzadənin Lahıcda qaldığı vaxtlar hər gün onunla görüşür, onu zəruri sənəd və məktublarla təmin edir. Onun Dağıstana keçirilməsi planı Mayıla tapşırılsa da, plan baş tutmur. Mayıl təslim olması barədə təkliflərə rədd cavabı verir.

Mayıl təslim olmadıqca, ətrafına toplaşanların sayı artmağa başlayır.

Quba İcraiyyə Komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Neycə meşəsindəki iqamətgahında gecədən xeyli keçənə qədər görüş davam edir.

Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır. Süfrə başında hörmətsizlik olar deyə, söhbət açılmır. Amma sonda Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla uzadır.
Qaçaq Mayıl ətraf dağların nəzarətçisi təyin edilir. Qonaqlar yola salınır. Amma Hacıyevin dəstəsinin Qubaya çatması ilə mühasirəyə düşməsi bir olur. Qaçaq Mayıl ordaca mövqeyini elan edir. Hüsü Hacıyev Bakıya əliboş dönür.

Hüsü Haciyevin əliboş qayıtması mərkəzi hakimiyyəti narazı salır. İşi bitirmək üçün NKVD-yə tapşırıq verilir.

Plana görə, Qaçaq Mayılın dəstəsində fikir ayrılığı yaradılmalı və onun dəstəsi çökdürülməliydi. Qaçaq Mayılın oğullarından biri öldürülür. Az sonra şayiə yayılmağa başlayır ki, guya Mayıl özü oğlunu öldürdüb. Şübhəli xəbərlər digər oğullarına da çatır. Mayılın ətrafında inamı sarsıdan NKVD onun axırına çıxmaq üçün son həmləyə başlayır.

Qaçaqların arasındakı casus xəbər verir ki, 1924-cü il mayın 24-ü Mayıl Dədəgünəşə Həzrət Babanı ziyarətə gedəcək. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən, Utuq dərəsində tələyə düşür. Qabaq qayadan beşatılanla hədəfə alınan Mayıla iki güllə dəyir.

NKVD-nin planı baş tutur, Mayılın qətli isə guya ondan narazı qalan oğullarının üstündə qalır. Mayılın meyitini Xaşı kəndinə gətirib, pirin yanında dəfn edirlər.

Qaçaq Mayılın öldürülməsindən sonra sağ qalan üç oğlu Babadağa çəkilir və burada mübarizəni davam etdirir. Elə burdan da, ikinci bir qaçağın adı dillərə düşür. Qaçaq Mayılın böyük oğlu Qaçaq Osman sovet hakimiyyətinə qənim kəsilir.

Amma NKVD ondan əl çəkmir. Osman Babadağda “Mayılın kahası” adlanan yerdə yaşamağa məhkum olur. Qışın çovğununda Babadağa, Osmanın arxasınca silahlı dəstə göndərilir. Ancaq dəstə üzvləri soyuqda donur və heç kim geri qayıtmır. Bundan sonra, NKVD sonuncu varianta əl atır. Ölkənin müxtəlif yerlərində təşkil edilən sirklərin sonunda Osman səhnəyə çıxarılır və Sovet dövlətinin sarsılmazlığı mədh edilir. Qısa vaxtdan sonra, dağda qalan İbrahim və digər qardaşı da həbs edilir. Məhkəmə hər üç qardaşı Kazana sürgünə yollayır.

Hazırda Qaçaq Mayılın Qonaqkənddəki ata mülkü olmasına baxmayaraq orada yaşayış yoxdur.

Qaçaq Mayılın mağarası

Sonralar Qaçaq Mayılı tanıyan, döyüş yolunu eşidən hər kəsin içində bir istək də yaranıb: təxminən 150 m yüksəklikdəki bu mağaraya qalxmaq.

100 ilə yaxın insanların bu mağaraya qalxa bilmək istəyi gerçəkləşməsə də, indi dağdakı bu mağaraya, tarixi məkana uşaqdan böyüyə hər kəsin getmək imkanı var.

Mağaraya qalxmaq üçün ən azı 250 pillə çıxmaq lazımdır. Bu yolda qayaların üzərinə Qaçaq Mayılla bağlı bilgilər olan lövhələr vurulub ki, mağaraya qalxana qədər Qaçaq Mayılı daha yaxşı tanısınlar.

İndi Qubaya gələn turistlər arasında tək ekstrimal turizm həvəskarları deyil, tarixlə maraqlanan, mədəni istirahətə üstünlük verən hər kəs Təngəaltı kəndinə gedib, bu mağara ilə tanış olur.

Ana səhifəFotoreportajQaçaq Mayıl və turistlərin məkanına çevrilən mağara