“Human Rights Watch” Azərbaycanda etiraz aksiyası zamanı baş verənləri pisləyib
“Azərbaycan hökuməti Bakının mərkəzində etiraz aksiyalarına qadağa qoymaqla ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına hörmət və müdafiə ilə bağlı beynəlxalq öhdəliklərini pozur”.
Bu fikirlər “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqaləsində yer alıb.
Məqalə 29 gündür aclıq edən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyasından bəhs olunur.
“Human Rights Watch” Azərbaycanın beynəlxalq öhdəliklərini xatırladaraq yazır ki, Bakı bir sıra insan hüquqları müqavilələrinin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın iştirakçısıdır:
“Hökumət bu müqavilələrlə dinc toplaşmaq hüququna hörmət etmək, işgəncə və digər pis rəftarları qadağan etmək öhdəliyi götürüb. Həmçinin pozuntulara görə məsuliyyət daşıyanları araşdırmaq, müvafiq qaydada mühakimə etmək və qurbanlar üçün adekvat hüquqi müdafiə vasitələri təmin etmək öhdəliyinə malikdir. Azərbaycan ölkədə polisin sui-istifadə ilə bağlı zəif təcrübəsini nəzərə alaraq, qərəzsiz araşdırmanı təmin etməli və günahkarları cəzalandırmalıdır”.
“Human Rights Watch” qeyd edir ki, insanlar 7 il azadlıqdan məhrum edilən müxalifət fəalı Saleh Rüstəmovun azadlığa buraxılmasını tələb etmək üçün dekabrın 1-də Bakının mərkəzində toplaşıb:
“Saleh Rüstəmov noyabrın 6-dan parlamentin 3000 məhbusun azad ediləcəyi gözlənilən amnistiya qanununu qəbul etməsindən sonra aclıq aksiyasına başlayıb, belə ki, amnistiya onun işinə şamil edilməyib. Mitinq başlayan zaman çoxlu sayda polis şəhər mərkəzinin geniş ərazilərini mühasirəyə alıb. Buna baxmayaraq onlarla etirazçı “Saleh Rüstəmova azadlıq!” şüarları səsləndirərək şəhərin mərkəzinə yollanıb. Mülki geyimli, uniformalı polis və təhlükəsizlik işçiləri heç bir xəbərdarlıq etmədən etirazçıları zorla saxlayıb. Onlar Tofiq Yaqublu da daxil olmaqla insanları zorakılıqla polis maşınlarına sürükləyiblər. Sosial şəbəkələrdə yayılan çoxsaylı videolarda polis əməkdaşlarının etirazçılara qarşı kobudluq etdiyi görünür. Polis 40-a yaxın etirazçını avtobusa mindirib və çox keçmədən Bakının kənarında sərbəst buraxıb. Məhkəmələr 5 nəfərə 30 sutkayadək inzibati həbs cəzası verib”.
Məqalədə bildirilib ki, Azərbaycan polisi dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib:
“Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb. Onun üzündə və bədənində açıq-aydın qeyri-insani rəftar əlamətləri görünür”.
“Yaqublu videomüsahibəsində bildirib ki, polis əvvəlcə onu bölməyə aparıb. Orada DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olduğunu dediyi daha bir neçə polis qollarını qandallayıb, başına torba keçirib və döyüb. Onu maşına mindiriblər və şəhərin kənarına gedəndə döyməkdə davam ediblər. Yaqublu videomüsahibədə başındakı torbadan boğularaq öləcəkmiş kimi hiss etdiyini bildirib. O, döyülmənin təsirlərini belə izah edib: “Ətrafa baxmaq üçün barmaqlarımla göz qapaqlarımı qaldırmalıyam. Əsasən üzüm, başım, kürəyim, qollarım, çiyinlərimə vururdular”. Zabitlər ondan siyasi mübarizəni dayandıracağını və prezident İlham Əliyevi tənqid etməyi dayandıracağını kamera qarşısında deməsini tələb ediblər. Polis Yaqublunu Bakının mərkəzindən 70 kilometr aralıda, yolun kənarına atıb. O, qızına zəng vurmağı bacarıb. Yaqublunun üzündə və başında çoxsaylı xəsarətlər var. Yaqublunu müayinə edən həkim onun başında qançır aşkarlayıb. Daxili İşlər Nazirliyi mətbuata açıqlamasında polisin Yaqublunu döyməsi və ya hər hansı təzyiqə məruz qalması faktını təkzib etsə də, “iddiaların müvafiq olaraq araşdırılacağını” bildirib”,-deyə “Human Rights Watch” yazıb.
“Human Rights Watch”ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, Azərbaycan hakimiyyəti yenə də insanların dinc etiraz aksiyaları keçirmək hüququna hörmətsizlik nümayiş etdirib və müxalifətin aksiyasını dağıtmaq üçün zorakılıq tətbiq edib:
“Hakimiyyət hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı operativ, qərəzsiz və hərtərəfli araşdırma aparmalı və sui-istifadələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir”.
“Yaqubluya qarşı dəhşətli pis rəftar həm fərdi, həm də dinc toplaşmaq hüququna qarşı hücumdur”,- Giorgi Qogia belə deyib.
Dekabrın 2-də və 3-də ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri məlum aksiyayla bağlı bəyanatla çıxış ediblər.
Xatırlatma
Dekabrın 1-də paytaxtın “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub. Aksiya zamanı 40 nəfərə yaxın şəxs saxlanılsa da, onların əksəriyyəti sonradan sərbəst buraxılıb.
Dekabrın 2-də Səbail Rayon Məhkəməsi saxlanılan 4 AXCP üzvü və ictimai fəal, tələbə Rüstəm İsmayılbəyli haqda qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.
Eyni zamanda, aksiya günü saxlanılan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun döyülməsi ictimai etiraza səbəb olub.