“Dinc etiraz hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və ona hörmət edilməlidir”
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1 dekabr aksiyasıyla bağlı çağırış edib.
Səfirlik dekabrın 3-də yaydığı bəyanatda Azərbaycan hakimiyyətini dekabrın 1-də keçirilən etiraz aksiyasından sonra Tofiq Yaqublu və başqalarının ağır rəftara məruz qalmaları barədə xəbərləri araşdırmağa çağırır.
Səfirlik bildirib ki, dinc etiraz hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və ona hörmət edilməlidir.
ABŞ-ın Azərbaycandakı səfirliyi də dekabrın 2-də hadisə ilə bağlı bəyanat yayıb, narahatlığını ifadə edib.
Dekabrın 1-də paytaxtın “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub. Aksiya zamanı 40 nəfərə yaxın şəxs saxlanılsa da, onların əksəriyyəti sonradan sərbəst buraxılıb.
Dekabrın 2-də Səbail Rayon Məhkəməsi saxlanılan 4 AXCP üzvü və ictimai fəal, tələbə Rüstəm İsmayılbəyli haqda qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.
Eyni zamanda, aksiya günü saxlanılan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun döyülməsi ictimai etiraza səbəb olub.