“Bu gözəl ailə tablosunun arxasındakı çata bax. Bura hələ ikinci mərtəbədir”- Sücaət bacısının yaşadığı evin qəzalı vəziyyətin göstərir. Bacısının uşağı, yoldaşı ilə birgə çəkdirdiyi foto divarın bu başından o başınacan uzanan iri çatları örtür. Gülər Abdullayevə danışdıqca bu xoşbəxtlik fotosunun arxasındakı çatlarla yanaşı, ürəkdə yara bağlamış “çatlar” da görünür.
“Avtobusda gedirdik, bizi güllələdilər. Yeddi yaşında qızım Maya Abdullayeva şəhid oldu. Aytəkinin 3 yaşı var idi, atəş vaxtı yaralandı. Mən özüm də yaralandım. Qızımın yasını görmədim. Məni vertalyotla Bakıya göndərdilər, yeddi güllə yarası almışdım”- Gülər Abdullayeva kövrələrək Xocalıda ailəsinin başına gələn faciədən danışır.
“O elə bir səhnə idi ki, adamın beyninə həkk olunur. Lap uşaq olsan da yaddan çıxmır. Yadıma düşür ki, anamın ayağı yanırdı. Bacımın ayaq üstdə sinəsinin üstü qan idi. Necə izah edim…” – 3 yaşında qətliam görən Aytəkin Budaqovanın səsi burada qırılır. Hadisə vaxtı çiynindən güllə yarası alır. Böyüdükcə yaraları sağalır. Amma uşağına hamilə qalarkən başında şiş aşkarlanır. Həkim deyir ki, uşaqlıqda yaşadığı stressin nəticəsidir. Bundan sonra keçirilən əməliyyat onun gözündə problem yaradır. Bir gözü görmür, bir tərəfi iflic olur.
Əli yaxşı işləməsə də, dənizdən yığdığı balıqqulaqları ilə tabloların üstündə gül düzəldir. Bircə istəyi var, burnundakı çəpər əyriliyini aradan qaldırmaq üçün əməliyyat olunsun. Çəpər əyriliyindən beyninə hava yaxşı işləmir və gün boyu bunun əzabı ilə yaşayır.