Vyana görüşündəki yeni detallar

Həmsədrlərin bəyanatından çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında bir cümlə diqqət çəkdi

Source:


Həmsədrlərin bəyanatından çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında bir cümlə diqqət çəkdi

Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başa çatıb.

Rusiya mediası görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun, ABŞ dövlət katibi Con Kerrinin və Fransa xarici işlər naziri Jan-Marj Ayraultun iştirak etdiyini yazır.




Atəşkəs rejiminə riayət olunacaq

Sergey Lavrov danışıqlardan sonra bildirib ki, hər iki tərəf atəşkəs rejiminə riayət edilməsi barədə razılığa gəlib. XİN rəhbəri atəşkəs rejiminə necə əməl ediləcəyi barədə suala cavab verib ki, əldə olunan razılıq barədə birgə yekun bəyanatda məlumat veriləcək. Atəşin dayandırılmasına, atəşkəsə 1994 və 1995-ci illərdə razılaşdırılmış şəkildə nail olmağa çalışılır.

Nazir güzəştlərdən də danışıb: “Qarabağa dair kompromis mümkündür, lakin həll mərhələli olmalıdır. Əgər belə bir kompromis imkanı olmasaydı, Rusiya, ABŞ və Fransa bu işlə məşğul olmağı dayandırardılar”.

“Tənzimləmənin birinci mərhələsinin parametrlərinin razılaşdırılması imkanları var. Bu imkanlar həmsədrlərin ümumi yanaşması axarında olan Rusiyanın vasitəçiliyi çərçivəsində formullaşdırılıb və bizim fransız və amerikan partnyorlarımızın dəstəyini alıb” – Lavrov belə deyib.



“Görüş heç nə ilə nəticələnmədi”

Siyasi şərhçi Elxan Şahinoğlu Vyana görüşünün gözlədiyi kimi nəticələndiyini düşünür: “Yəni heç nə ilə nəticələnmədi”.

O, bu barədə öz Facebook səhifəsində yazıb.

ATƏT-in Minsk Qrupunun bəyanatını şərh edərkən Şahinoğlu bildirib ki, ortaq bəyanat münaqişənin həlli ilə bağlı əsas məsələnin mahiyyətindən çox yenə detallarla boldur: “Şeytan isə bildiyiniz kimi detallarda gizlənib. Bu detallar indiki halda bizim əleyhimizədir. Birinci detal: Münaqişə hərbi yolla həll edilə bilməz”. Bal kimi də həll edilə bilər. Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa, Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativ yolu qalmayacaq. İkinci detal: Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər. Başqa sözlə, vasitəçilər insidentləri araşdırmaq istəyirlər. Bu Ermənistanın çoxdankı istəyidir. Çünki insidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. Biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daima təzyiq altında saxlamasaq, İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Boşaltsaydı, bunu 22 ildə edərdi. Ona görə də Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da təmas xəttindən geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur, ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur”.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizanlanmasını mərhələli şəkildə etmək lazım olacaq” açıqlamasını da şərh edib: “Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına razı sala bilərlər? Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlkitək Ermənistan hakimiyyəti 5 rayonun boşaldılmasını Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq”.

Bununla belə, siyasi şərhçi bütün hallarda Vyana görüşünün bizə lazım olduğunu düşünür: “Çünki bu cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Bütün dünya gördü ki, Azərbaycan əbədiyyətə qədər nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları boşaltmaq əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq əgər Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı dövlət başçısı İlham Əliyevin dediyi kimi imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır”.

O, “Associated Press” agentliyinin görüşdə tərəflərə təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qedə alınması və müşahidəçilərin artırılması təklifi barədə xəbərini belə şərh edib: “Ermənistan işğalı uzatmaq üçün bütün vasitələrə əl atır. Əgər kameralar quraşdırılacaqsa, bu, Azərbaycan-Ermənistan, üstəgəl Naxçıvan-Ermənistan sərhədi boyu quraşdırılmalıdır. Yoxsa bizi öz torpaqlarımızdan ayıran işğal altındakı ərazilərdə hansı kamera quraşdırıla bilər ki? Torpaqlarımızı işğal edən dövləti öz ərazimizdən qova bilməyəcəyik ki, nədi, nədi cəbhədə kamera quraşdırılıb? İşğalçı dünən yenə də hərbçimizi qətlə yetirib. İndi biz cavab verməyək ki, kamera atəşimizi qeydə alacaq?”



“Üstünlük Azərbaycan tərəfdədir”

Rasim Ağayev
Rasim Ağayev

Ancaq siyasi şərhçi Rasim Ağayev hesab edir ki, Vyana görüşündən sonra danışıqlarda üstünlük Azərbaycanın tərəfindədir: “Ermənistan gözləyirdi ki, 1-5 aprel hadisələrindən sonra Azərbaycan beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevriləcək, amma belə olmadı. Əksinə, atəşkəsi Ermənistanın pozduğunu və işğal etdiyi əraziləri qaytarmaq istəməməsi dünya ictimaiyyətinə bir daha aydın oldu. Üçüncü, Serj Sarkisyanın son hərəkətləri onun revanşa hazırlaşdığını göstərirdi, ancaq Minsk Qrupunun bəyanatı tərəflərin danışıqlara hazır olduğunu ortaya qoydu. Təkliflərə gəlincə, bu, mərhələli plandır. Birinci işğal altındakı rayonlar qaytarılır, sonra status müzakirələri başlanılır, şərtlər qoyulmadan. Ümumiyyətlə, münaqişənin həlli Qərb və Rusiyanın maraqlarına bağlıdır. Bu, onu göstərir ki, Ermənistanın siyasəti region üçün təhlükə yaradır və Sarkisyan danışıqlara məcburən gedir. Ola bilsin, mənim dediklərim çox nikbin görünür, amma ilk dəfədir Azərbaycanın Ermənistanla danışıqlarda mövqeyi möhkəm görünür. Hesab edirəm ki, iyun görüşündən sonra hansısa irəliləyiş ola bilər”.

O, təmas xəttində kameraların quraşdırılması təklifinə təbii yanaşın: “Əgər müharibə istəmiriksə, bu, belə də olmalıdır”.



“Heç kim öz mövqeyindən geri çəkilmir”

Siyasi şərhçi Rauf Mirqədirov isə Meydan TV-yə deyib ki, Vyana görüşünü nə qələbə, nə də məğlubiyyət hesab edir.

Rauf Mirqədirov

Onun fikrincə, ATƏT-nin Minsk Qrupunun bəyanatından məlum olur ki, nə Ermənistan, nə də Azərbaycan öz mövqelərindən geri çəkilmir: “Minsk Qrupunun bəyanatında atəşkəsin pozulmasına, qoşunların təmas xəttində baş verənlərə ümumi toxunulub, qərar qəbul olunmayıb. Amma Azərbaycanın əsas diqqəti münaqişənin həllinə yönəldilməsi təklifi bəyanatda öz əksini tapıb, yəni iyunda görüş nəzərdə tutulub və tərəflər münaqişənin həlli ilə bağlı məsələni müzakirə etməlidir. Lavrovun bəyanatındakı mərhələli həll isə mərhələli planın olduğunu göstərir. Plan Rusiya tərəfindən hazırlanıb və digər həmsədrlər də qəbul edib”.

R.Mirqədirov “bundan sonra nə gözləyirsiniz” sualına belə cavab verib: “Rəsmi Bakı mövqeyini bir daha dəqiqləşdirməlidir, ilk növbədə, sülh danışıqlarının vaxt sərhədləri müəyyənləşməlidir. Artıq 22 ildir sülh danışıqları davam edir və daha 22 il davam etməsi qeyri-mümkündür. Azərbaycan dəfələrlə bunu vurğulayıb və real nəticələr gözlədiyini bəyan edib. Amma bunu bəyan etmək azdır, müəyyən vaxt məhdudiyyətinin qoyulmasının və qərarın qəbulunun zamanıdır. Əgər həmsədrlər bu formatda məsələnin həllinə nail ola bilmirlərsə, danışıqları BMT Təhlükəsizlik Şurasına (TŞ) qaytarmaq lazımdır. BMT TŞ-nin 4 qətnaməsi var və Madrid Prinsiplərində bu qətnamələr əks olunub, yalnız statusun müəyyənləşməsi üçün referendum əlavə müddəa olaraq salınıb. 1993-cü ilin payızında qəbul olunan dördüncü qətnamədə deyilib ki, TŞ yaxın vaxtlarda məsələnin müzakirəsinə qayıdacaq. Artıq 22 ildən çox zaman keçir, amma ortada heç nə yoxdur”.

Ana səhifəAnalitikaVyana görüşündəki yeni detallar