Meydan TV yeni “Demokratiya” layihəsinə başlayır. Bu layihənin başlama səbəbi iki amillə bağlıdır: Birincisi, Azərbaycanın informasiya məkanında, geniş mənada, demokratiya ilə bağlı akademik mətnlərin və ya tərcümlərin ciddi yoxsulluğu yaşanır. Digər bir səbəb isə demokratiyanın Azərbaycanda sistemli böhran yaşaması və insanların demokratiya ilə bağlı dünyada danışılan, müzakirə edilən problemlərdən, üzləşdiyi çətinliklərdən az məlumatlı olmasıdır.
Yeni layihə ictimai ehtiyacın diqtəsi ilə bir-birinə sıx bağlı olan bu iki ciddi problemi aradan qaldırmaq və boşluğu qismən doldurmaq niyyətindədir.
Amma bu işdə, yəni demokratiya adına könüllülük edəcək insanlara ehtiyacımız var. Akademik mətnləri tərcümə edəcək bacarığa sahib olan insanlardan xahiş edirik ki, bizimlə əlaqə saxlasınlar: demokratiya[at]meydan.tv
Anne Applebaum
Anne Applebaum “Vaşinqton Post”un (“Washington Post”) və “Slate”-nin köşə yazarıdır. O, həm də Legatum London İnstitutunda Keçid Forumuna rəhbərlik edir. Onun son kitabı: “Dəmir Pərdə: Şərqi Avropanın dağıdılması, 1944-1956” adlanır. Kitab 2012-ci ildə nəşr olunub.
1947-ci ildə kommunist veteran, Polşa Siyasi Bürosunun üzvü və hökumətdə nazir olan Stefan Jêdrychowski “Anqlo-Sakson təbliğatı ilə bağlı qeydlər” adlı memorandum yazır. Yazıda Böyük Britaniya və ABŞ mediasının, eləcə də xarici moda və filmlərinin Polşaya təsirindən şikayətlənir. Amma onun əsas hücum obyekti “Gənc Xristianların Birliyi”nin bir qolu olan“Polska YMCA” adlı qurum olur. 1923-ci ildə Varşavada əsası qoyulan, amma daha sonra Hitler tərəfindən qadağan edilən “Polska YMCA”, 1945-ci ildə Cenevrədəki beynəlxalq YMCA və yerli Polşa əhalisinin dəstəyi ilə yenidən bərpa olunur.
YMCA-nın Polşa qolu açıq-aşkar qeyri-siyasi bir qurum idi. Onun Polşada əsas faəliyyəti xarici yardımları – paltarlar, kitablar və qida məhsullarını – paylamaq və gənclər üçün dərslər və tədbirlər təşkil etmək idi. Amma Jêdrychowski burda nəsə gizli motivlər görürdü. Onun düşüncəsinə görə, YMCA-nın təbliğatı “ehtiyatla düşünülmüş… birbaşa siyasi vurğudan kənar” idi və məhz elə bu səbəbdən daha təhlükəli idi. O təklif edirdi ki, Təhlükəsizlik Nazirliyi təşkilatın maliyyə auditini təşkil etsin, hansı növ məlumatların çap edildiyini monitorinq etsin və verilən dərslərin mahiyyətini araşdırsın. İki illik müşahidədən sonra kommunist rəhbərlər qərara gəldi ki, daha bəs edər. Onlar YMCA-nı “burjua-faşizmin aləti” elan edərək, bağladılar. Orvelsayağı qəribə qorxu ilə kommunist gənc aktivistlər əllərində çəkiclərlə kluba hücum etdi və bütün caz disklərini məhv etdi. Daha sonra YMCA-nın yerləşdiyi bina, dövlət tərəfindən idarə olunan “Hərbiçilərin Dostları Liqası” adlı təşkilata verildi.
“Polska YMCA”-nın müharibədən sonra yenidən qurulması, bugünlərdə “vətəndaş cəmiyyəti” adlanan məfhuma ən yaxşı klassik misaldır. Bir çox fenomenlər kimi, tarixi keçmişə gedib çıxır. 18-ci əsrdə dövlət inistitutlarından kənarda fəaliyyət göstərən gildiyalar, klublar və müxtəlif birliklər əhəmiyyət qazanmağa başlayır. Edmund Burke bu kimi birlikləri, heyranlıqla “kiçik qruplar” adlandırır və onları ictimai ruhun təzahürü kimi dəyərləndirirdi. Aleksis de Tokvill (İng:Alexis de Tocqueville) də “müxtəlif yaş qrupundan olan amerikalıların müxtəlif formalarda yaratdıqları” bu “birliklər” haqqında həyəcanla qeydlərini edirdi. O, hesab edirdi ki, bu birliklər diktatorluğun sonuna çıxır:
Əgər insanlar sivil qalmaq və ya sivil olmaq istəyirlərsə, o zaman birlik qurmaq sənəti inkişaf etməli və genişlənməlidir.
Son illərdə isə Robert Punam, bu fenomenə yeni baxış gətirərək, onu “sosial kapital” adlandırdı. Bu könüllü təşkilatların “icmanın” ürəyi olduğunu dedi.
Amma iyirminci əsrin əvvələrində, sonradan Bolşevik olmuş gənc inqilabçılar nəsli vətəndaş cəmiyyətinə alternativ olan nəzəriyyəni inkişaf etdirdilər. Burke, Tokville və hətta rus intellektualları inanırdı ki, vətəndaş cəmiyyəti demokratiya üçün çox önəmli rola sahibdir. Lenin isə inanırdı ki, vətəndaş cəmiyyətinin məhvi totalitar diktaturanın qurulması üçün vacibdir. Stuart Finkel izah edir ki, Lenin əmin idi ki, “sosialist cəmiyyətində ictimai sifera təkxətli və unitar olmalıdır”. Məhz bu səbəbdən o, “burjua” anlayışı olan açıq müzakirəni rədd edirdi. Bu məntiqə uyğun olaraq da, bolşeviklər müstəqil birlikləri, ticarət ittifaqlarını və gildiyaları, cəmiyyəti daxildən parçalayan “separatist” və ya “sinifi” hesab edərək, rədd edirdilər. Burjua partiyaları kimi onları da, mənasız hesab edirdilər. Lenin yazırdı ki, “Avropa və Rusiyada mövcud olan siyasi partiyaların adları yalnız reklam xatirinə seçilir. Onların, çox zaman mövcud olmayan “proqramları” da cəmiyyəti aldatmaq üçündür. Faktiki olaraq Burke və Tokville azad təşkilatları hansı səbəbdən sevirdilərsə, bolşeviklər məhz bu səbəbdən onlara nifrət edirdilər. Çünki bu təşkilatlar insanlara öz həyatlarına nəzarət imkanı verir, çünki onlar azad düşüncəni dəstəkləyir, çünki bu təşkilatlar insanları dövlətin gücünə tənqidi yanaşmağa səsləyir.
Bolşeviklərin əlinə imkan düşən kimi, onlar bu nəzəriyyələrini reallığa çevirdilər. Rusiya inqilabının yüksələn zamanında onlar dünyada bəlkə də ilk dəfə elə bir siyasi partiya yaratdılar ki, o partiyanın ən aşkar məqsədlərindən biri də həmin partiyaya loyal olmayan və ya onun tərəfindən yaradılmamış institutları məhv etmək idi. Sovet İttifaqında ən qeyri-siyasi təşkilatlar da qadağan olundu. Çünki Lenin inanırdı ki, bu təşkilatların hamısı doğuşdan siyasidir:
Əgər onlar aşkar şəkildə siyasi deyillərsə, o zaman gizli şəkildə siyasidirlər.
Bolşeviklər, futbol və ya şahmat ilə maraqlandıqlarını deyən birliklərin belə üzdə aldadıcı yarlıqları olduğunu, amma daxildə siyasi məqsəd güddüklərini düşünürdülər. Sankt-Peterburqdan olan akademik Dmitri Likaçev – o sonralar ən məşhur ədəbiyyat tənqidçisi kimi ad qazanmışdı – 1928-ci ildə həbs edildi. Həbsinə səbəb bu idi ki, o, qədim yunanlar kimi bir-birlərini salamlayan fəlsəfi müzakirə birliyinin üzvü idi. Həbsxanadaykən Likaçev “Petroqrad Boy Skaut”-təşkilatının başçısını həbs olunanlar sırasında gördü. Qeyd edək ki, bu təşkilata sonralar Şərqi Avropa da ciddi şübhə ilə yanaşırdılar.
Bolşeviklərin vətəndaş cəmiyyətinə qarşı dərin şübhəçi münasibəti çox nadir hallarda etiraf edilib. Finkel qeyd edir ki, 1920-ci illərin əvvələrində Sovetlər qismən iqtisadi azadlıq dövrünü (Leninin “Yeni İqtisadi Planı”) yaşasa da, həmin dövrdə ədəbiyyat, fəlsəfi və digər birliklərin dağıdılması davam edirdi. Hətta ortadoks Marksistlər üçün də azad ticarət, birləşmək azadlığından – qeyri-siyasi futbol və ya mədəni birliklər də daxil – daha dəyərli idi. Bu Leninin də, Stalinin də, Xruşovun da və Brejniyevin də hakimiyyəti dövründə eyni idi. Sovet tarixi boyu bir çox şey dəyişsə də, Stalinin ölümündən sonra və eləcə də, 1970-1980-ci illərdə vətəndaş cəmiyyətinin təqib olunması davam edib.
Şərqi Avropa kommunistləri də Sovetin bu paranoyasını əxz etmişdilər. Bilinmir ki, bu paranoyanı onlar tez-tez sovetlərə etdikləri səfərdən sonra əldə etmişdilər, ya da onların gizli polisdə olan dostlarının sovetlərdə aldıqları təlimlərdən sonra bu baş vermişdi. Ola bilər ki, bəzi hallarda, Sovetlərin Şərqi Avropada olan generalları və səfirləri tərəfindən onlara paranoyik olmaq göstərişi verilmişdi. Bir neçə hallarda, Sovet hökumətinin Şərqi Avropada olan hökumətləri yerli kommunistlərə bu və ya digər təşkilatların bağlanması ilə bağlı göstərişlər veriblər. Məsələn, Şərqi Almaniyada xizəkçilərin təşkilatının qadağan olunması barədə göstəriş var.
Rusiyada inqlabdan sonra olduğu kimi, Şərqi Avropada da nəinki siyasətçilər, hətta vətəndaş cəmiyyətinin aktivistləri təqib olunmağa, istintaqa cəlb olunmağa başladılar. 1945-48-ci illər arası Macarıstanda seçkilər nəzəri olaraq azad olsa da, Polşada qanuni müxalif partiya fəaliyyət göstərsə də, vətəndaş cəmiyyəti təmsilçiləri, bir çox birliklər artıq təqib olunmağa başlamışdı. Almaniyanı işğal etdikdən bir neçə ay sonra Sovet hərbi komandirləri dini xidmətlərə və tədbirlərə qadağa qoymasa da, onları sıxışdırmağa başlamışdı. 1940 və 50-ci illərin əvvəllərinə kimi fərdi ticarət qadağan olunmasa da, katolik gənclər qrupları həbs edilir və təqibə məruz qalırdı.
Müharibədən sonra bolşeviklərin təsirinə məruz qalan ölkələr də eyni siyasət xəttini tutmağa başladı. Kommunist Çin və Şimali Koreya bu mənada yaxşı nümunə təşkil edir. Bu ölkələrdə bolşevik maniyası bütün azad təşkilatların məhv edilməsi səviyyəsinə gəlib çatır. Bu mənada onlar, bəzən, sovetlərdən daha da irəli gedirdilər. Daha az aşkar görünsə də, ərəb diktatorları, İraq və Livya daxil, eyni siyasət xəttini tutmuşdular. Muammar al-Qadhafi vətəndaş cəmiyyətini məhv etməkdə fanatikcəsinə davranır, hətta onun hakimiyyətinə təhlükə olacağını düşündüyündən siyasi partiya yaradılmasına imkan vermir. Ərəb baharı dövründə alternativ təşkilatların olmaması, radikal islamın cücərməsinə səbəb olan faktlar arasındadır:
Bir çox ölkələrdə məsçidlər yeganə fəaliyyət göstərən azad təşkilatlar rolunu oynayıb.
Repressiya dissidentliyə səbəb olur
Həqiqətən də, Sovetlərdə, onun müstəmləkələrində və onu yamsılayan dövlətlərdə vətəndaş cəmiyyətinin sıradan çıxardılması bu ölkələri unikal edir. Hitler eyni hisslərin daşıyıcısı olsa da, hakimiyyəti az sürdüyündən Almaniyada mövcud olan bütün vətəndaş cəmiyyəti inistitutlarını sıradan çıxara bilmədi. Bunun əksinə, bolşeviklər və onların ardıcılları vətəndaş cəmiyyətini, müxalif siyasi partiyaları, azad sahibkarlığı, bütün növ gənclər birliklərini, idman klublarını, təhsil birliklərini və digər birlikləri sıradan çıxarmaq üçün çox zamanları var idi. Onlar bütün bu birlikləri dövlətin çətiri altında toplaya bildilər.
Amma nəticə olaraq, bolşeviklər bu davamlı siyasətlərində bir şeyi nəzərdən qaçırdılar və səhv etdilər: Lenin anlamırdı ki, cəmiyyətin bütün həyatını nəzarətə almağa çalışan alan totalitar rejimlər, sonda cəmiyyətin hər bir kəsimindən potensial dissidentərin çıxmasına səbəb olacaq. Dövlət işçilər üçün yüksək kvota müəyyən etdiyindən, Şərqi Almaniya işçiləri iş şərtlərinin ağır olmasını əsas gətirərək, 1953-cü ildə dövlətə qarşı etirazlara başladılar. Dövlət yaradıcı adamların, yəni yazıçıların nə yazmalı, rəssamların nə çəkməli olduğunu diqtə etdiyindən, bu diqtədən kənar çıxan bütün yaradıcı kəsim avtomatik olaraq dissidentə çevrildi. Və nə zaman ki, böyük insan kütlələri azad birliklərə qoşulmağa başladı – məsələn, 10 milyon polşalı “Solidarnost” təşkilatının üzvü idi – o zaman rejimin mövcudluğu təhlükəyə düşdü.
Zaman keçdikcə, kommunist rejimlərin siyasi opponentləri anladı ki, bu Sovet tərzi totalitar idarəçiliyin daxili zəifliyidir. 1978-ci ildə yazdığı “Gücsüzlərin gücü” adlı mükəmməl essesində, Václav Havel öz ölkəsinin vətəndaşlarını saxta və pafoslu jarqonu tərk etməyə, onun əvəzində “həqiqətin içində yaşamağa”, bir sözlə, sanki rejim yoxmuş kimi danışıb, hərəkət etməyə çağırırdı. Havel, insanları öz ölkələrinin idarəçilərinin hər şeyə total nəzarət etmək çılğınlığından da uyğun formada istifadə etməyə çağırırdı. O deyirdi ki, əgər dövlət insan fəaliyyətinin bütün sahələrinə nəzarət etmək istəyirsə, o zaman hər bir vətəndaş “cəmiyyətin azadlığını” qorumağa çalışmalıdır. Məsələn, “öz təhsilindən tutmuş, dünya haqqında düşünməyə, azad yaradıcı fəaliyyətlə məşğul olmağa və onu başqa insanlarla ünsiyyət dilinə çevirməyə, ən müxtəlif, azad və müstəqil formada özünü şəkilləndirməyə” səsləyirdi.
Bu dönəmdə, “cəmiyyətin azad həyatı” – vətəndaş cəmiyyəti – ən qeyri-adi formalarda çiçəklənməyə başladı. Macarlar akademik müzakirə klublarına toplaşmağa başladılar. Çexlər caz qrupları yaratdılar. Polşalılar yeraltı skot dəstələr və sonda azad ticarət birlikləri yaratmağa başladılar. Hər yerdə, insanlar rok musiqisi çalmağa, şeir gecələri təşkil etməyə, gizli biznes qurmağa, yeraltı fəlsəfi seminarlar təşkil etməyə, qara bazarda məhsullar satmağa və kilsələrə getməyə başladılar. Onlar həm də öldürücü gücdə lətifələr qoşurdular. Başqa cəmiyyətlərdə bu kimi fəaliyyətlər qeyri-siyasi fəaliyyət kimi qəbul edilirdi. Hətta Şərqi Avropada belə bu fəaliyyətlər ciddi “müxalifətçilik” sayılmırdı. Amma bu, insanlara həyatlarının müəyyən sahələrində şəxsi nəzarət hissi verirdi. Yəni insanlar dövlətdən azad olmuş və rahat şəkildə yaşamaq hissini duya bilirdilər.
Zamanında onların da siyasətə ciddi təsiri olub. 1956-cı ildə Macarıstanda olan kiçik akademik müzakirə qrupları böyüyərək, ictimai görüşlər keçirməyə başladılar və sonda bu Macarıstan inqilabına aparıb çıxardı. 1980-ci ildə “Solidarnost” hüquqi mövcudluğunu təsdiq etsə də, ilyarım sonra qanunla qadağa edildi. 1989-cu ildə Şərqi Almaniya Protestan qrupları və azad aktivistlər Leipziqdə yürüşlər keçirdi, bu isə Berlin divarlarının aşmasında mühüm rol oynadı.
Kommunizim çökdükdən sonra Şərqi və Mərkəzi Avropada insanlar yenidən azad şəkildə toplaşmağa, təşkilatlar qurmağa başladılar. Amma bəzi yerlərdə, bu deyilməsi asan, amma edilməsi çətin proses oldu: vətəndaşların azad intellektual, siyasi, xeyriyyə və ya idman təşəbbüslərini həyata keçirdiyi özəl, sivil, sosial və xeyriyyə institutları artıq mövcud deyildi. Qanunvericilik sistemi də onları dəstəkləmədi. İş etikasının kommunist Avropasında itirilməsi və səhm bazarının və kapitalist institutlarının yoxluğu barədə çox deyilib və yazılıb. Amma 1989-cu ilə kimi insanlar məsuliyyətli olmaq mədəniyyətindən tutmuş, xeyriyyə işləri ilə bağlı olan adət-ənənəni, qanunları və hətta etikanı unutmuşdular. Sovet İttifaqında bu yetmiş il, Mərkəzi Avropada isə qırx il sürmüşdü.
Onları əvəz etmək asan deyildi. Hətta daha pis oldu, belə ki, keçmiş Sovet blokunda olan ölkələrin demək olar hamısı, ən azı ilk başlarda, onların yenidən dirçəlməsinin qarşısını almağa çalışdı. 1989-cu ildə hökuməti tənqid edən qəzet məqaləsi ağlasığmaz və hətta bir çox köhnə sovet vətəndaşı üçün şübhəli gəlirdi. Dövlətlərin xəttindən kənar formalaşan və fərqli baxış mənimsəyən məktəblər belə insanlara qəribə gəlirdi. Xeyriyyə işlərinin fərdlər tərəfindən aparılması və maliyyələşdirilməsi bir çoxu üçün qəbuledilməz və hətta şübhəli gəlirdi: Xeyriyyəçilik edən insanların motivləri görəsən nədir? Hamı ilk olaraq bu sualı özünə verirdi. Nəzarətdən çıxmış siyasi debatlar insanlara daha dəhşətli gəlirdi. İctimaiyyət qarşısında insanların bir-biri ilə mübahisə etməsi, bəzən hətta bir-birinin üzünə qışqırması insanlara dağıdıcı, bölücü və hətta təhlükəli görünürdü. Bu da həqiqətdir ki, vətəndaş cəmiyyəti və dövlətin yoxluğunda, “azadlıq” sözü sadəcə boş sloqan təsiri bağışlayırdı. Ola bilsin ki, artıq öz asudə vaxtını istədiyin kimi keçirə bilərdin, amma, məsələn, yerli futbol klubu maliyyə problemi üzündən dağılıb, onu nəyləsə əvəz etmək olmur. Sənin icman futbol klublarını necə təşkil etməklə bağlı bacarıqları artıq unudub. Sən siyasətə qoşula bilərdin, amma siyasi partiyalar və təşkilatlar zəifdir, korrupsiyaya uğrayıb və pis təşkil olunub. Sən ətrafında gördüyün kasıblığa əsəbləşə bilərsən, amma daha bu insanlara kömək etmək üçün pul toplamaq bacarığını itirmisən. Zaman keçdikcə, əlbəttə ki, bir çox keçmiş kommunist dövlətlərin vətəndaşları yeni reallığa alışdılar, fərdi azadlıq ideyasını mənimsədilər və həvəslə vətəndaş cəmiyyətini qurmağa başladılar. Digərləri isə bunu bacara bilmədi. Regional olaraq bu iki qrupun güclü və zəif olması həmin ölkənin spesifik tarixi və mədəni konteksindən asılı olaraq dəyişir. Doğrudan da, onların nisbi çəkisi çox vacibdir: keçmiş post-kommunist dünyasında vətəndaşların vətəndaş cəmiyyətinə münasibəti, təəccüblü dərəcədə, həmin ölkələrin siyasi vəziyyətini müəyyən etdi.
Polşada, kommunizmin son on ili ərzində, “qeyri-leqal” vətəndaş cəmiyyətləri qurumlarının sayı çoxalmışdı. Polşa təkcə “Solidarnost” ilə məhdudlaşmırdı, burada digər çoxsaylı azad təşkilatlar boy göstərirdi: incəsənət və yazıçı qrupları, kilsə birlikləri və hətta yeraltı skoting hərəkatlar. 1989-cu ilə gəldikdə, polşalılar nəinki təşkilatlara qanuni mövcudluq haqqı verdi, hətta onların təşkilatları idarə etmək təcrübələri belə çoxalmışdı. Rusiyada, bunun əksinə olaraq, toplaşmaq azadlığı yetmiş il idi ki, repressiyaya məruz qalırdı – hətta bundan əvvəl də məhdudiyyətlər var idi. Rusiyada, adi insanlar azad vətəndaş cəmiyyəti institutlarına şübhə ilə baxmağa davam edirdi. Bundan daha pisi baş verdi. 2000-ci ildə hakimiyyətə gələnlər – Yeltsinin “müvəqqəti” hakimiyyətindən sonra – küt şəkildə vətəndaş cəmiyyətinə düşmən kəsildi. Putinin azad vətəndaş cəmiyyəti anlayışına hücumu, qismən də olsa, “KKB”-nin hakimiyyətə gəlişini əks etdirirdi.
Sovet İttifaqı dövründə “KKB”-nin əsas vəzifəsi isə azad birlikləri, təşkilatları, institutları məhv etmək idi.
Keçdikləri təlimlərdə onlara öyrədilmişdi ki, hadisələrin sadəcə baş verməsinə imkan vermək olmaz, hadisələr manipulyasiya olunmalıdır; bazarlar həqiqətdə azad olmamalıdır, onlar səhnə arxasından idarə edilməlidir; seçkilərin nəticələri gözlənilməz olmamalıdır, hər şey əvvəldən planlanmalıdır. Eyni düşüncə ilə onlara öyrədilmişdi ki, nəzarətdə olmayan təşkilatlar düşməndirlər. Azad birliklərin avtoritar idarəçiliyə təhdid təşkil etməsini Putin öz şəxsi təcrübəsində yaşamışdı. 1989-cu ildə Şərqi Almaniyanın Drezden şəhərində olarkən, kütləvi küçə etirazlarının Şərqi Almaniya gizli polisi olan Statsinin baş ofislərinin necə dağıtdığının şahidi olmuşdu. Və o, tək deyil. Onu əhatə edən insanların əksəriyyəti eyni sistemin içində eyni təlimlərdən keçiblər. Təəccüblü deyil ki, “KKB”-nin hakimiyyətə gəlməsindən sonra azad birliklərin hamısı sistematik şəkildə və yavaş-yavaş sıradan çıxarıldı. 2012-ci ilin noyabr ayında, Rusiya Duması qərara aldı ki, Qərbdən maliyyə alan bütün təşkilatlar “xarici agent”, başqa sözlə, xəfiyyə təşkilatları kimi qeydiyyatdan keçməlidirlər.
Yerində və audit yoxlamaları bir çox birliklərin, eləcə də təhsil və səhiyyədə çalışanlarin ofislərini bağlamasına, Rusiyanı tərk etməsinə səbəb oldu. 50-dən çox təşkilat, insan hüquqları və Stalinizim tarixinin qorunub saxlanılması ilə məşğul olan “Memorial” təşkilatı da daxil, xarici agentlər kimi qeydiyyatdan keçməyə məcbur edildilər. Rusiyada əsası qoyulmuş, riyaziyyatı və elmi dəstəkləyən “Rusiya Dinastiyası” Xeyriyyə Fondu da, xarici agent kimi qeydiyyatdan keçirilməyə məcbur edildi. “Rusiya Dinastiyası” Fondunun yaradıcısı və yeganə donoru bu ilin əvvəli qeyd etdi ki, əgər xarici agent yarlığı götürülməsə, fond işini dayandıracaq. Və elə həmin ilin iyul ayında təşkilatın idarə heyəti fəaliyyətini dayandırmaq qərarını elan etdi. Son qanun Rusiyaya imkan verir ki, onlar “arzuolunmaz” istənilən təşkilatı bağlaya bilsinlər. Bu təşkilatlar arasında “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatı da var. Bu qanun əsasında “arzuolunmaz” təşkilatlarla “əməkdaşlıq” edən istənilən təşkilat da cərimələnə və cəzalandırıla bilər. Rusiya cəmiyyəti, onsuz da, vətəndaş cəmiyyətində uzun müddət iştirak etmədiyi üçün buna öyrəşməmişdi. Bunun üzərinə hazırkı qorxunu da əlavə olunduğunu nəzərə alsaq, onlar bundan tamam imtina edə bilərlər. Çox tezliklə Rusiyada azad formada yaradılan və idarə edilən istənilən vətəndaş cəmiyyəti birliyi mümkünsüz olacaq; yeganə “legitim” təşkilatlar dövlətin nəzarətində olan təşkilatlar olacaq. Rusiya bolşevik elementlərini öz idarəçiliyindən çıxarıb atmasa, bu, belə də davam edəcək. İndi sual budur ki, görəsən digər post-kommunist cəmiyyətlər də – doğrudan da, onların bir çoxu Sovet idealogiyasının ciddi təsirinə məruz qalıb – eyni yolu tutacaq, ya yox.
Avropa Birliyinə qoşulmuş olan bir çox Mərkəzi Avropa Baltik ölkələri azad şəkildə toplaşmaq hüququnu, böyük ehtimal, qoruyub saxlayacaqlar (Amma Macarıstanın hazırki baş naziri olan Viktor Orban Macarıstanda fəaliyyət göstərən və xaricdən maliyyələşən bəzi təşkilatların üzərinə hücum edir). Vətəndaş cəmiyyəti Ukraynada çox güclüdür, onlar hələ də Sovet Ukraynası kimi mövcud olan özünə kömək ənənəsini qoruyub saxlayıblar. Amma Belarusyada, Mərkəzi Asiyada, Kubada, Afrikanın bir qismində və bir çox ərəb ölkələrində bolşeviklərin ideyasına sadiqlik qalmaqdadır. Onlar azad təşkilatları hələ də dövlətə təhdid kimi qəbul edirlər. Burada ironiya ondadır ki, bolşeviklər bir çox məqsədlərində uğursuzluğa düçar oldular. Onlar heç zaman beynəlmiləl kommunist inqilabını gerçəkləşdirə bilmədilər, onların iqtisadi nəzəriyyəsi etibardan düşdü və mərkəzi planlama siyasəti iflasa uğradı. Amma Leninin vətəndaş cəmiyyəti ilə bağlı daha az əhəmiyyətli ideyaları Qahirədə, Havanada, Minskdə, Pyonqyanda və Daşkənddə yaşamağa davam edir. Bəlkə də elə məhz bu ideyalar ən çox yaşamaq gücü olan və ən təhlükəli olanları idi.