“Allah çiçəkləri mükəmməl gözəllikdə, möhtəşəm ətir, rəng və şəkillərdə yaratmışdır. Biz insanlara da onları sevmək üçün bəyənmə hissi vermişdir”.
Bu sözlər hansısa dini kitabda deyil, Uşaq Ensiklopediyasındandır. Kitabı vərəqləyərkən qarşınıza az qala hər səhifədə Allahın böyüklüyündən bəhs edən kəlimələr çıxacaq. Bəs məktəblilərə elmi biliklər aşılamaq üçün çap olunan materiallarda dinin təbliğ olunması faydalıdırmı? Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, dinin təbliğ olunması “Təhsil haqqında” qanunla qadağandır.
Kurikulumun konsepsiyasına görə, şagirdlərə alternativ informasiya verilməlidir, amma bu, dini təbliğ etmək deyil.
“İstər Azərbaycanda, İstər Türkiyədə, istərsə də, bütün ölkələrdə dini kitablar təbliğat vasitəsidir. Dövlət buna qarşı ciddi şəkildə mübarizə aparır. Hətta dini təbliğatı yaradan dərsliklər aradan qaldırılır, bu tipli birliklər cinayət məsuliyyətinə cəlb olunur. Yəni dövlət rəsmi olaraq, buna qarşı mübarizə apardığı halda belə bir vəsaitin şagirdlərə verilməsi yolverilməzdir”.
Günlər öncə, “Coğrafiya” fənni üzrə 10-cu sinif şagirdləri üçün dərslik vəsaiti layihəsi də Təhsil Nazirliyinin rəsmi saytında müzakirəyə çıxarıldı. Kitabda “Quran”dan surələr yer almışdı. Kamran Əsədov deyir ki, məsuliyyət müəlliflərin, dərsliyi qiymətləndirən ekspertlərin boynuna düşür. Nazirliyin kadr potensialı yoxdur ki, dərsliklərdəki fikirlərin doğruluğunu müəyyən etsin.
“Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində, ali məktəblərdə istifadə olunan dərsliklərin sadəcə sifarişçisidir. Tender elan edir ki, bu standartlar üzrə dərslik yazılsın. Tenderə qoşulmuş dərsliklər hətta ən bərbad vəziyyətdə olsa da, minimum tələbləri və standartları ödəməsə də, pisin içində ən yüksək bal almış vəsait uşaqlarımızın istifadəsinə verilir. Təəssüflər olsun ki, bizdə dərslik yazmaq ənənəsi və institutu yoxdur”.
Ensiklopediyanın çap olunduğu “Qələm” Nəşrlər evinin sahibi isə deyir ki, Uşaq Ensiklopediyası adı altında çap olunan kitab dini kitabdır. O, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə kitabın çap olunduğunu bildirir.
Təhsil Nazirliyi isə ensiklopediyanın nəşrinin onlara aid məsələ olmadığını vurğulayıb. Coğrafiya dərsliyinə gəlincə, mətbuat xidməti Cəsarət Valehli onun layihə şəklində müzakirələrə çıxarıldığını deyir. Dərsliyin çap olunması hələ bəlli deyil.
Şəhər sakinlərindən də soruşduq ki, dərsliklərdə dinin təbliğ olunduğunu necə qarşılayırlar?