1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatanda Ukrayna və rus xalqlarının ağıllarına gəlməzdi ki, 70 il sonra qalib gəldikləri Almaniya Ukrayna və Rusiya arasında sülh yaranması üçün vasitəçilik edəcək. Fevralın 12-də Belarus paytaxtı Minskidə “Normand dördlüyü” arasındakı 15 saatlıq danışıqlar başa çatdı. Politoloq İlqar Vəlizadə ilə söhbətimizdə Minsk danışıqlarının nəticəsi barədə yaranan sualları cavablandırmağa çalışdıq.
– İlqar bəy, tarixdən başlayaq, 70 il əvvəl rus və Ukrayna xalqları indiki vəziyyəti təsəvvür edə bilməzdi. Bu baxımdan regionda nə baş verir?
– Nəinki 70 il, heç 3-5 il əvvəl də indiki durum haqqında heç kəs danışa bilməzdi və təsəvvür etmək də çox çətin idi. Amma nə etmək olar, vəziyyətin bu cür inkişafının əsası dünyada və bölgədəkı proseslərdir. Ukrayna böhranı Avrasiya məkanında baş verən proseslərin nəticəsidir və indiki durum dünən başlanmayıb, kifayət qədər uzun müddətdir davam edir. Lakin 2013-cü ildə proseslər pik nöqtəsinə çatıb. Son 5-6 ildə Rusiya tərəfindən MDB məkanında inteqrasion addımlar atılır. Mən Avrasiya İttifaqı, Gömrük Sazişindən danışıram. Bunları Qərbdəki proseslərin əksi kimi qiymətləndirənlər var, yəni Avropa Qonşuluq siyasəti, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində bu dövlətlərin Qərbə inteqrasiyası kimi. Məsələ ondadır ki, həmin dövlətlərə Rusiya da, Avropa da iddia edirdi. Deməli, nə vaxtsa proseslərdə toqquşma olacaqdı və bu, Ukraynanın timsalında özünü büruzə verdi. Artıq müharibə başlayıb.
– Fevralın 12-də Minskidə imzalanan sənəddə Ukraynada bu il konstitusiya islahatının keçirilməsi, hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin təsbit olunması, Donbasa xüsusu status verilməsi, xalq milisinin yaradılması, dil hüququ, hərbi əməliyyatlarda iştirak edənlərə amnistiya elan olunması və başqa məqamlar yer alıb. Sizcə, razılaşma 1994-cü ildə Ermənistan və Azərbaycan arasında imzalanan atəşkəs sazişini xatırlatmırmı və bu proses də 20 il davam edəcəkmi?
– Həm hə, həm də yox. Düzdür, oxşarlıqlar çoxdur. Yəni separatçılar tərəfindən bölgəyə nəzarət sxemi Ukrayna proseslərində də təkrarlanır. Ancaq Qarabağ münaqişəsində və onun postsavaş dövründə regionda maraqlı olan dövlətlərin hamısı müxtəlif formada iştirak edirdi. “Normand dördlüyü”ndə isə prosesin aparıcı qüvvələrindən biri ABŞ yoxdur.
– Bəli, ABŞ yoxdur, ancaq proseslərə təsir imkanlarını saxlayır, birbaşa Ukrayna prezidenti ilə əlaqə saxlayırlar, hətta Almaniya kansleri Merkel Vaşinqtonda ABŞ prezidenti Obama ilə bu yöndə müzakirələr aparır. İkinci əsas məqam, separatçıları dəstəkləyən Putin tərəf kimi tanınır…
– Bütün hallarda Amerika yoxdur, bu, o deməkdir ki, proseslərə təsir edən güc hüquqi çərçivədən kənarda qalıb. Bu, geopolitik risklərin heç də azalmadığının göstəricisidir, hətta artıb. Amerikanın müdaxilə etmək imkanları var və əlləri də bağlı deyil.
– O zaman fevralın 15-dən başlayaraq atəşkəsə əməl olunacaqmı?
– Heç kim proqnoz verə bilməz. Amma müvəqqəti atəşkəsə bütün qüvvələr maraqlıdır. Mən ABŞ-ı istisna etməklə, qalanlarının müvəqqəti atəşkəsi istədiklərini düşünürəm, hətta Rusiya da istəyir.
–
Belə olanda, Kreml daha separatçılara dəstək verməməlidir?
– Bu məsələ elə də sadə deyil. Rusiyanın separatçılarla rabitəsi var və vəziyyəti qıcıqlandırmamaq üçün təsir edə bilirlər. Moskva atəşkəsdə maraqlı olduğuna görə təsir edə bilirlər, separatçılar da onların göstərişi ilə oturub-dururlar. Amma söhbət müvəqqəti atəşkəsdən gedir.
–
Başqa bir ziddiyyət, Ukrayna prezidenti Poroşenko federallaşma barədə heç bir qərar qəbul olunmadığını desə də, Rusiya prezidenti Putin Donbas əhalisinin maraqlarını nəzərə alan konstitusiya islahatından danışıb. Bu ziddiyyəti necə şərh edərdiniz?
– Əslində, əhatəlik baxımından sənəddə əlavə bir-iki bənd olmalıydı. Danışıqlar zamanı bildirildi ki, masada olanların yalnız 80 faizi haqqında qərar qəbul olunub. Deməli, məsələlərin 20 faizi açıq qalıb. Bax, sadaladıqlarınız 20 faizə daxildir. Rusiya da, Ukrayna da danışıqlardan başqa şey gözləyirdi. Amma fikir ayrılığı 20 faizin açıq qalmasına təsir etdi. Biz daha çox atəşkəslə bağlı məqamları və müəyyən qısamüddətli sülh çərçivəsində gedən prosesləri görürük. Amma daha əhatəli sənədin nə vaxt hazırlanacağını bu gün söyləmək çox çətindir.
–
O zaman “bu xəmir hələ çox su aparacaq” məsəli aktuallaşırmı?
– Bəli, çox su aparacaq. Çünki tərəflərin əsas istəyi nəyin bahasına olursa-olsun, atəşkəsin əldə edilməsi idi. Çünki həm Avropa, həm Rusiya, həm də Ukrayna üçün risklər artırdı. Risklərin artması isə daha böyük problemlər doğura bilər.
–
Çox maraqlı məqamlardan birinə gələk, Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, ötən ilin sonundan şimal qonşumuz 100 milyarddan çox itkiyə məruz qalıb, hökumət böhran barədə bəyanatlar verir, iqtisadiyyat ağır mərhələyə qədəm qoyub, kəndlər boşalır… Və belə dövrdə rus xalqı öz slavyan qardaşlarına qarşı müharibə aparır. Bunun siyasi-psixoloji izahı nədir?
– Mən dəfələrlə Rusiyada olur və sadə insanlarla da danışıram. Məsələyə heç kəs birmənalı yanaşmır, zuddiyyətlər var. Lakin Rusiya cəmiyyətini birləşdirən amil də yox deyil. Söhbət xarici düşmən amilindən gedir. Ümumiyyətlə, xarici düşmən amili bütün cəmiyyətlərdə səfərbəredici rol oynayır. Rusiya cəmiyyətində isə bu amil həmişə təsirli olub. Məsələn, inqilabdan və müharibələrdən sonrakı tarixi dövrlər. Bu amil Rusiyanı yaşadıb və böyük ölkə edib. Ancaq 90-cı illərdəki hadisələrindən sonra tarixi sistemdə pozuntular yaranıb. Bu pozuntular dəyərlər böhranına gətirib çıxarıb. Dəyərlər böhranından çıxmaq üçün mövcud siyasi elita xarici düşmənlərlə mübarizənin aparılması amilini qabartmaq yolunu seçib. Müəyyən mərhələdə xarici düşmən amili öz rolunu oynayıb. Məsələn, Rusiya prezidenti Vladimir Putinin reytinqi artır və s. Amma bunlar 1-2 il təsir edə bilər, davamlı olması mümkünsüzdür. Çünki bütün cəmiyyətlər sabitlik və inkişaf istəyir, müharibəyə dözməyə hazır olsalar da, nəticədə onların istədiyi sülh olsun. Ona görə Rusiyanın siyasi elitası seçim qarşısındadır: onlar müharibənin sonunun heç olmasa görüntü də olsa, onların qələbəsi ilə başa çatmasını istəyirlər.
– Ukrayna hadisələri və ümumiyyətlə, 12 fevral danışıqları Ermənistan-Azərbaycan danışıqlarına təsir edəcəkmi, müsbət və mənfi mənada?
– Hər halda təsir olmalıdır. Bugünlərdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Helbert Zalbert bölgəyə səfəri zamanı qondarma Dağlıq Qarabağ Respublikasının bəzi şəxsləri ilə görüşmüşdü. Azərbaycan tərəfi görüşə etiraz etməyib, yəni müəyyən çalarlar dəyişir. Bakı göstərmək istəyir ki, Ukrayna timsalında icmalarla münasibətlər qurmaq istəyirsinizsə, niyə həmin yanaşmanı Qarabağ çərçivəsində istəmirsiniz?! Helbert Zalbert peşəkar konfliktoloqdur, güman ki, onun bu məsələyə öz baxışı var. Əgər dialoq baş tutsa, bu, Avropa üçün bir nümunə ola bilər. Ki, baxın, Qarabağ münaqişəsində edə bildiksə, deməli, sizdə də edə bilərik. Gəlin, müsbət nəticəni Ukraynaya tətbiq edək. Amma prosesin nə cür inkişaf etməsi erməni tərəfindən də asılıdır. Yəni Ermənistan himayədarlarından indulgensiya ala biləcəklərmi, yaxud onlar onu verəcəklərmi? Bu gün Rusiya da istəyir Avropayla müəyyən razılıq əldə etsin. Son nəticədə biz öz regionumuzda müəyyən irəliləyişlər görə bilərik.