Türkiyədə attestatla təhsil; valideynlər etiraz edir

Kənardan cəlbedici görünən bu elanlar 50-yə yaxın tələbənin təhsil arzusunu ürəyində qoyub.

Türkiyədə təhsil almaq üçün “Elit Academy” şirkətilə müqavilə bağlayan tələbələrin valideynləri pullarını geri tələb edir. Onlar övladlarının müqavilənin şərtlərində göstərilən universitetlərə qəbul ola bilmədiklərini deyirlər.

İndi pulsuz-parasız qalmışam

“Birinci dəfədir ora gedirdim. Mən nə tanıyıram Çankırı haradır? Heç vaxt Türkiyədə olmamışdım. Uşaqla birlikdə özüm getdim. Gördüm ki, bunlar məndən çox pul istəyir. 250 manat avtobus pulu alıblar insanlardan. Mənim getməyim 50 dollara başa gəldi. Universiteti özüm gedib tapdım. Oğlumun adını soruşanda dedilər:

“Sizin oğlunuzun adı burada yoxdur, sizi aldadıblar”. Mən qayıtmışam, amma indi pulsuz-parasız qalmışam. Özüm şəxsən rektorluğun vasitəsilə oğlumu universitetə düzəltdim. Bunların heç bir köməyi olmadı mənə”.

Oğlum Türkiyədə otellərdə gözləyir

“Əlimlə şirkətə 1400 manat pul ödəmişəm. Gördüm alınmayacaq, dedim, istəmirəm, 1400 manatımı geri qaytar, oğlumu hərbi xidmətə göndərəcəm. Mənə vəd olunan o idi ki, sənin uşağın yüz faiz Uşak Universitetinə qəbul olacaq. Uşaq da getdi həmin universitetə, ancaq bir xəbər çıxmadı. Zonquldağa yazıldı, o da alınmadı. Avqust ayından bizi aldadırlar, mən də gəlib öz pulumu tələb edirəm. Oğlum da Türkiyədə otellərdə gözləyir”.

Uşağımın üzünə baxa bilmirəm

Şirkətin təkidi ilə Türkiyədə universitetə qeydiyyatdan keçmək üçün gedən tələbələr 20 gündən çox orada qalıb, cavab gözləyiblər. Bütün xərclərini özləri qarşıladıqlarını deyən valideynlər indi maddi və mənəvi təzminat tələb edirlər.

“Bu gün mən o uşağın üzünə baxa bilmirəm. Nə deməlidir mənə? Halbuki mənim qızım burada Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdu. Deyir: “Ay ata, mən qəbul olmuşdum də, sən məni göndərdin ki, get orada yaxşı Avropa təhsili al. Amma indi də oxutdura bilmədin”. Ortalıqda çəkdiyimiz xərc də 2000 manatdır. Bunu kimdən alacağıq, bilmirəm. Rüstəm oradan ultimatum göndərir, bizi təhqir edir, deyir, siz kimsiziniz ki, məndən pul istəyirsiniz? Halbuki bizim pulumuzla Özbəkistanda oturub kef edir”.

Universitet imtina edib

Özünü “Elit Academy”nin 5 ölkədəki rəhbəri kimi təqdim edən, hazırda Özbəkistanda olduğunu deyən Rüstəm Kərimzadə Meydan TV-yə bildirib ki, onların yeganə problemi Çanakkale Universiteti ilə yaranıb. 16 tələbə yolda olarkən universitet imtina etdiyini bildirib. Digər tələbələrsə ayrı-ayrı universitetlərə yerləşdiriliblər.

“Elit Academy”-in menecer köməkçisi Nuranə Xəlilzadə tərəfindən Meydan TV-nin elektron ünvanına göndərilən və Rüstəm Kərimzadənin adından yazılan açıqlamada deyilir:

““Elit Academy” 2012-ci ildə qurulmuş xaricdə təhsil şirkətidir. Azərbaycandan Türkiyə universitetlərinə tələbələri istənilən təhsil səviyyəsi üzrə göndərməklə fəaliyyətə başlayıb. Artıq sadəcə Azərbaycandan deyil, İraq, İran, Gürcüstan, Özbəkistan və s. ölkələrdən Türkiyə universitetlərinə tələbə göndərir. 2017-ci ilə qədər tələbə sayı 4500-ü keçib. Bu il Azərbaycandan 220 nəfərlə müqavilə bağlayıb, onlardan 206 nəfəri Türkiyə universitetlərinə yerləşdirilib.

12 nəfər-Bülent Ecevit Universiteti

14 nəfər- Burdur Universiteti

15 nəfər- Adnan Menderes Universiteti

80 nəfər- Çankırı Universiteti

26 nəfər- Kastamonu Universiteti

5 nəfər- Ankara Yıldırım Beyazit Universiteti

14 nəfər -Yeni Yüzyıl Universiteti

17 nəfər – Karabük Universiteti

15 nəfər –Giresun Universiteti

8 nəfər – Rize Receb Tayyib Erdoğan Universiteti”.

Açıqlamada deyilir ki, Çanakkale Universiteti 38 tələbəni qəbul edəcəyinə dair məlumat versə də, sonradan yer olmadığını bildirib:

“Şikayət etməyimizə, imza toplamağımıza baxmayaraq, universitet məsuliyyətdən boyun qaçırdı. Əlimizdə buna dair rəsmi yazışmalar və onların sübutu var. Buna baxmayaraq, şirkətimiz vəziyyətdən çıxdı və 38 nəfərin 31 nəfərini öz razılıqları ilə Türkiyənin digər universitetlərinə yerləşdirdi. Geri qalan 7 nəfərin ödənişi də hissə-hissə qaytarılır.

Son olaraq Giresun Universitetində də oxşar halla rastlaşıldı. Universitet 32 nəfər tələbənin 15-ni qəbul etdi. Geri qalan 17 nəfərin isə 8 nəfəri Giresuna qonşu şəhər olan Rize şəhərinə yerləşdirilir və qalan 9 tələbələrə də eyni şəhər təklif olunur və çox güman bu uşaqlar da tələbə adını qazanacaq. Görüldüyü kimi, problemi həll edilməyən sadəcə 7 nəfər var.

Təəssüf ki, mediada yayılan bəzi xəbərlərdə, bu rəqəmlər qeyri-peşəkar şəkildə şişirdilərək, 50-60 nəfər kimi göstərilir. Şirkətimizi dələduzluqda ittiham edilir. Bildiyimiz kimi dələduzluq edən şirkətlər adətən böyük məbləğdə pulu alır və qaçır. Bizim problemli tələblərimizin sayının maksimum 16 (9+7) nəfər olduğunu və xidmət haqqının sadəcə 499 azn olduğunu nəzərə alsaq , 7984 (24×499) manat heç şirkət işçilərinin maaşını ödəmir. Və bu məbləği mənimsəmək üçün heç bir şirkət tələbəni aldatmaz və ən gülməlisi Türkiyəyə aparmaz. Şirkətimizin qarşılaşdığı bu fors-majordan istifadə etmək istəyən bəzi valideynlər 499 azn ödəməsinə baxmayaraq, bizdən 1000-5000 manat arası məbləğdə pul tələb edir. Pulunun yarısı ödənən şəxslər, onlara pul ödənmədiyinə dair açıqlama verir. Hətta bəzi şəxslər özlərini tələbənin əmisi, dayısı ,xalası kimi təqdim edərək pul tələb edir. Bu kimi halların qarşısını alınması və ödənişlərin şəffaf şəkildə qaytarılması üçün şirkət rəhbəri müqaviləsi olan şəxslərin pulunun qaytarılacağını açıqlayıb”.

Açıqlamada şirkətin 2012-ci ildən fəaliyyət göstərdiyi bildirilsə də, Vergilər Nazirliyinin reyestr məlumatlarında 2014-cü ildə yaradıldığı göstərilir.

Hər il mindən artıq valideyn aldadılır

Təhsil üzrə ekspert Kamran Əsədovsa deyir ki, qanunvericiliyin tələblərinə görə, şirkət tələbələrə dəymiş bütün zərəri ödəməlidir. O, həmçinin bu problemin genişmiqyaslı olduğunu söyləyir. Onun sözlərinə görə, xaricdə təhsil adı altında fəaliyyət göstərən şirkətlərin lisenziyası yoxdur. Bu səbəbdən də il ərzində 1000-dən çox valideynin aldadılır. Şirkət sahiblərindən cinayət məsuliyyətinə cəlb olunanlar da var.

“Bunlarınkı əməlli-başlı qurğudur. Oturaq burada, pul yığaq, camaatı aldadaq. Biz burada kef edək, adamları da küçələrdə qoyaq. Bu, insanlığa sığmır”.

Valideynlər şikayətlərilə bağlı Nəsimi Rayon Polis İdarəsinə də müraciət ediblər. Çəkilişdən sonra onlar Baş Prokurorluğa, Prezident Administrasiyasında da üz tutublar.

Ana səhifəVideoTürkiyədə attestatla təhsil; valideynlər etiraz edir