”Təki o sağalsın, biz yox olaq”

11 yaşlı Mehdi otaqları ələk-vələk edib, birindən o birinə keçir. Bir yerdə qərar tuta bilmir. O, Azərbaycanda yaşayan autism daşıyıcılarından biridir.

Qeyri-pəsmi rəqəmlərə görə, ölkədə bu xəstəliyi daşıyan uşaqların sayı

3500-dür.

Dünyada isə bu rəqəm təqribən 70 milyon, yəni dünya əhalisinin bir faizini təşkil edir.

Hər il 2 Aprel – Ümumdünya autizm haqqında məlumatlandırma günü (World Autism Awareness Day) kimi qeyd olunur. Bu gün BMT-nin Baş Assambleyasının 2007-ci il 18 dekabr tarixli qərarı ilə təsis olunub.

Autizm üç yaşına qədər başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur. Latınca “autismus” sözünün mənası “özü” deməkdir. Autizm beyin inkişafı pozğunluğudur. Uşağın əsəb sistemlərində yaranan pozğunluq beynin normal və düzgün işləməməsinə səbəb olur. Bu da qeyd olunan xəstəliyin yaranmasına gətirir. Bütün dünyada yayılan autizm daha çox oğlan uşaqlarında müşahidə olunur.

Sonuncu dəfə “ana” sözünü 3 yaşında dedi

Onlardan biri olan Mehdinin anası Gültəkin Məmmədova deyir ki, oğlunun 11 yaşı olmasına baxmayaraq, hələ də körpə yeməyi yeyir. Qadının sözlərinə görə, oğlundan sonuncu dəfə “ana” sözünü onun 3 yaşında eşidib. Ta ki, autizm sindromuna tutulana qədər. Anası ehtimal edir ki, uşağı möhkəm qorxduğu üçün bu sindroma yaxalanıb: ““Mama” deyirdi. Dedim, ay Allah, elə bir gün olacaq ki, bir də onun səsini eşidim? Hətta “autizm” adını belə mən deyə bilmirdim. Bilmirdim elə xəstəlik var. Bir müddət müalicə aldı, amma Samirə xanım (uşağın həkimi) mənə dedi ki, uşaqla hökmən loqoped və psixoloq məşğul olmalıdır. Mən yatmağı üçün dərman, iynə yazıram ki, bir az sakitləşsin. Ancaq çarəsi loqoped, psixoloqdur”.

Mehdi paltarlarını özü geyinə bilmir. Yeməyini, içməyini də anasının köməkliyi ilə edir.

Pensiyası təkcə bezinin pulu edir

“Autizm sindromunda uşaq özünə qapanır. Mən çağırıram, Mehdi, Mehdi, baxmır. O biri uşaqlara qoşulmur, oynamır. Özünü birtəhər aparır, öz-özünə gülür, ağlayır”.

Uşağının təkliyə çəkilməsinin dərdi ilə yanaşı, evin həm də maddi qayğıları var. Onlar Mehdinin istəklərini qarşılaya bilmir. Ailə yataqxanada şəraitsiz vəziyyətdə yaşayıb. Qonşuların uşağın səs-küyünə etirazlarından sonra kirayə mənzil tutmağa məcbur olublar: “Həftədə bir dəfə onu üçün bez alırıq, çatdıra bilmirik. Ayda 4 dəfə bez alırıq ki, bu da 60 manat edir. Mehdi 74 manat pensiya alır. Heç bu ayı hələ verməyiblər. Pensiyası təkcə bezinin pulu edir. Onun yeməyi, dərmanı, hər cür ehtiyacı var. İmkanımız yoxdur. Həyat yoldaşım mühafizəçi işləyir. Özüm də uşağa görə heç cür işləyə bilmərəm. Həm özüm də xəstəyəm. Xəstəlikdən əlavə işləsəm, onu kim saxlayacaq?!”

İstəyirəm, dövlət onlara Bərpa Mərkəzi açsın

…Mehdi o biri otaqda televizora baxır. Ekranda uzun ayaqlı qızlar dikdabanla yeriyir. Anası deyir ki, Mehdinin gözəl qızlardan xoşu gəlir. O da, oğlunun sağalıb, gələcəkdə həyatını qurmasını istəyir:

“İstəyirəm, dövlət onlara Bərpa Mərkəzi açsın. Evim pis gündədir, vəziyyətim pisdir, amma eybi yox. Kasıblığa dözmək olar, amma uşağın bu vəziyyətinə dözə bilmirik”.

Mehdi başını divanın bir küncünə qoyub, danışmır. Anası ha dilə tutub ondan nə istədiyini soruşur, lakin cavab vermir.

“Avtobusda uşaq atılıb-düşürdü, oynayırdı, sakit durmurdu. Qabaq oturacaqda oturan qadın qışqırdı, “dəlinin biri dəli”-dedi, ağzına nə gəldisə söylədi. Eləsinə nə deyəsən?! Onda adamın ürəyi dolur, başlayırsan ağlamağa, söz tapmırsan deməyə”- Gültəkin Məmmədova insanların bilgisizliyindən gileylənir.

Meydan TV əməkdaşlarının çəkiliş apardığı müddətdə Mehdi 5-6 dəfə paltarlarını çıxardı, anası yenə təkrar-təkrar paltarlarını geyindirməyə başladı. O deyir ki, övladının ehtiyacını ancaq özü qarşılaya bilər. Kimsə buna çox tab gətirməz. Uşağın köynəyini şalvarının içərisinə sala-sala onu sakitləşdirməyə şalışır: “Ağlama, mənim balam, ağlama, canım. Gedirik indi. Daha külək yoxdur, hava bir az yaxşıdır. Gedirik”.

Sonra arzularını, gözləntilərini dilə gətirir: “Gecə-gündüz gözləyirsən ki, bir gün gələcək, uşaq sağalacaq. Deyirəm, o sağalsın, biz heç olmayaq. O sağalsın, biz dərhal yox olaq. Təki o sağalsın, yaşasın!”

Azərbaycan üçün problem yenidir

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov APA-ya bildirib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, bununla bağlı Azərbaycanda da heç bir araşdırma aparılmayıb.

Son 20-30 il ərzində autizmi xəstəliyi olan insanların sayının kəskin şəkildə artdığını deyən N. Seyidov qeyd edib ki, buna ekologiya, ətraf mühit, yemək və digər amillər təsir göstərir: “Azərbaycan üçün problem yenidir və həlli yolları araşdırılır. Ümumdünya Səhiyyə Təşkilatı ilə aparılan danışıqlar nəticəsində autizmli insanlara psixoloji-tibbi yardımın genişləndirilməsi üçün tədbirlər planının hazırlanması nəzərdə tutulur. Digər ölkələrdə olduğu kimi, müəyyən əhali qrupları, müxtəlif yaşlarda olan uşaqlar arasından müayinələr, araşdırmalar aparılacaq. Onların əsasında xəstə uşaqları müəyyənləşəcək və ümumi əhalinin sayına vurularaq təxmini rəqəmlər məlum olacaq. Uşaqlara 1-4 yaşlarında diaqnoz qoyulsa, onların sayı barədə daha dəqiq rəqəmlər əldə ediləcək”. N.Seyidov əlavə edib ki, autizmin heç bir peyvəndlə əlaqəsi yoxdur. Mütəxəssisin sözlərinə görə, autizm psixiatrik yox, nevroloji problemdir. Beyində genetik-xromoson səviyyəsində baş verən anomaliyalarla bağlıdır.

Ana səhifəVideo”Təki o sağalsın, biz yox olaq”