Susqunluq öldürür – Beynəlxalq İşgəncə Qurbanları Günü


İyunun 26-da dünyada Beynəlxalq İşgəncə Qurbanları Günü qeyd edilir. Meydan TV azərbaycanlı siyasi məhbuslar üçün beynəlxalq ictimai dəstəyin nə demək olduğunu yada salmağı qərara alıb.

İnsan hüquqları müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda işgəncələrdən 25 il ərzində hər il ən azı beş nəfər ölüb. Bu rəqəmlər yalnız ictimaiyyətə çatdırılması mümkün olan hallara aiddir, yəni real mənzərə bu statistikayla müqayisədə çox daha dəhşətli ola bilər.


Qorxudulmuş insanlar

Adətən, işgəncə yalnız qurbanın tanınmış müxalifətçi, aktivist və ya jurnalist olduğu halda məlum olur. Siyasətdən və ictimai fəaliyyətdən uzaq insanlar daha az işgəncəyə məruz qalmır, sadəcə olaraq cəmiyyət bu barədə bilmir, çünki qurbanlar baş verənləri səsləndirməkdən qorxurlar və onlara kömək edilə biləcəyinə inanmırlar.

“Onlar siyasətdən uzaq və qorxudulmuş insanlar idi. İşgəncələr barədə mətbuata danışdıqları təqdirdə həbslərinin ikiqat artacağından və işgəncəyə məruz qalacaqlarından qorxurdular…” – qanunsuz olaraq silah əldə etmək və saxlamaq ittihamı ilə təxminən iki il həbsdə olan hüquqşünas Zaur Qurbanlı öz kamera yoldaşlarını belə xatırlayır. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti məhbuslara vəkil, həkim və ombudsman xidməti təklif edir, lakin Qurbanlının fikrincə, onlar işgəncə ilə bağlı aşkar sübutlara göz yumurlar.

“Məsələn, dövlətin verdiyi vəkil həbsxanadakı məhbusun döşlərinin uclarının kəsilməsinə heç bir şəkildə reaksiya vermədi. Bu barədə heç kəs bilmədi, çünki hüquqşünas heç bir reaksiya vermədi, zərərçəkmiş isə ona daha dəhşətli şeylər ediləcəyindən qorxurdu”, – Qurbanlı danışır.

Vəkil Fariz Namazlı 2007-ci ildən etibarən siyasi məhbusların hüquqlarını müdafiə edir, 2012-ci ildən isə Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

O, son bir neçə ildə Avropa İnsan Hüquqları Məhkəməsinə üç şikayət göndərib: NİDA gənclər təşkilatının fəalı Məmməd Əzizov, fəal Elgiz Qəhrəmanov və başqa bir vicdan məhbusu, barədə. Təhlükəsizlik səbəbi ilə vəkil onun adını açıqlamır.

“Avropa Məhkəməsi artıq iki iş üzrə kommunikasiyaya başlayıb”, – Namazlı deyir.


Sülh və Demokratiya İnstitutu

Vəkil Namazlı xatırladıb ki, Azərbaycan 1998-ci ildə Avropa Şurasına daxil edildikdə, insan hüquqlarına dair bir sıra mühüm öhdəlikləri öz üzərinə götürüb. Onlardan biri işgəncə hadisələrinin araşdırılması və həbsxanalarda işgəncə ilə məşğul olanların cəzalandırılmasıdır. Ötən yeddi il ərzində Azərbaycanda işgəncə verdiyinə görə heç kim mühakimə edilməyib.

“Son illərdə işgəncə hallarının artmasında bəlkə də səbəb budur”, – insan haqları müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus belə hesab edir.

Yunusun sözlərinə görə, yalnız ötən yeddi ay ərzində, aprelin-iyul aylarında, Azərbaycan həbsxanalarında işgəncələrdən yeddi nəfər ölüb. Leyla və həyat yoldaşı Arif Yunus Sülh və Demokratiya İnstitutunu 1995-ci ildə qurub. Hər ikisi 2014-cü ilin yayında dövlətə xəyanət, erməni xüsusi xidmətlərinin lehinə casusluq, fırıldaqçılıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılması ittihamları ilə həbs ediliblər.

Azərbaycandan xaricdə çox yaxşı tanınan hüquq müdafiəçilərinin həbsi böyük rezonans doğurdu: Azərbaycan hakimiyyəti Avropa siyasətçilərinin sərt tənqidlərinə tuş gəldi. 2015-ci ilin dekabr ayında məhkəmə Leyla və Arif Yunuslar üçün verilən cəzanı şərtli həbs cəzasıyla əvəz etdi və hər ikisi məhkəmə zalından azad edildi, tezliklə də Hollandiyaya köçdülər. O vaxtdan bəri Sülh İnstitutu xaricdən çalışır.

“İşgəncələr ilk iki ayda həqiqətən dözülməz idi”, – Arif Yunus deyir:

“Əllərimi tavandan asıb, bütün gecəni elə saxlayırdılar. Yaş dəsmalla vururdular, su şüşəsi ilə vururdular – qulaqdan, beldən. Çox ağrıdırdı və eyni zamanda heç bir iz buraxmırdı”.

Hüquq müdafiəçisi deyir ki, o, səssiz qalmayıb – xüsusilə də onu ziyarət edən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə baş verənlər haqda danışıb. “Ancaq çox qorxduqlarını, vəziyyəti təsir edə bilmədiklərini söylədilər”.

Avropa Parlamenti Azərbaycanı sanksiyalarla hədələyərkən işgəncələr dayanıb: “Mənim və Leylanın adının bir neçə dəfə təkrarlandığı qətnamə məni xilas etdi. Avropa Parlamenti bu qətnaməni qəbul etdikdən sonra işgəncəni dayandırdılar. Kameramı dəyişdirdilər, şərtləri yaxşılaşdırdılar”, – Arif Yunus xatırlayır.


Bilinməyən qurbanlar

“Adları Avropa parlamentarilərinə heç bir şey ifadə etəməyən insanlara işgəncə verildiyi hallarda, hadisələr fərqli inkişaf edir”, – Leyla Yunus açıqlayır.

“Ümumilikdə, beynəlxalq təşkilatlar Azərbaycandakı işgəncə faktlarına çox zəif reaksiyalar verir. Bir misal çəkəcəm. AŞPA-nın Azərbaycan üzrə avstriyalı iki həmməruzəçisindən biri olan Stefan Şenak Azərbaycan demokratik azadlıqlar və insan haqları məsələləri ilə maraqlanırdı. O, mənimlə dəfələrlə həm Azərbaycanda, həm Niderlandda görüşüb. 2017-ci ilin oktyabr sessiyasında AŞPA-da növbəti “The functioning of democratic institutions in Azerbaijan” müzakirələri haqqında məlumat əldə etdikdə cənab Şenaka Azərbaycanda baş verən repressiyalar, işgəncələr və işgəncələr altında ölümlər haqqında məlumat verdim”.

Lakin Leyla Yunusun sözlərinə görə, bu məlumat 2017-ci ilin oktyabrında AŞPA-da qətnamə qəbul edildiyi zaman nəzərə alınmadı:

“İşgəncələrə məruz qalan qurbanlara dair məlumatın qərarın mətnində nə üçün əks olunmadığını soruşdum. Axı 2017-ci ildə 7 nəfər öldürülüb. Cənab Şenak mənim verdiyim məlumatın kifayət olmadığını, mərhumun yaxınlarından məlumat almaq lazım olduğunu bildirdi. Qohumlar isə hədələndikləri üçün onunla görüşməkdən imtina etdilər”.

“Konkret işgəncə faktları sübuta yetirildikdə ölkəni nə kimi cəza gözləyir” sualına Leyla Yunus “əslində heç nə” deyə cavab verir: “Əliyev ailəsinin hakimiyyətinin 25 ilində hər il işgəncələrdən ən azı 5 nəfər həlak olub. Lakin beynəlxalq ictimaiyyət heç bir reaksiya verməyib. İşgəncə faktlarının sübut olunmadığını söyləyərək, mənə etiraz edə bilərlər. Amma bu, belə deyil. Onlarla işgəncə edilmiş siyasi məhbus, işgəncə olunduqları yerləri, edən insanları və necə olduğunu ətraflı izah edib. Hüquqşünaslar işgəncə faktları barədə məhkəmələrə müvafiq şikayətlər veriblər”.

Bununla birgə, Yunus deyir ki, təhlükə vəkillərdən də yan ötmür: son vaxtlar Azərbaycanda yeni bir trend yaranıb – işgəncə qurbanlarını qorumaq istəyən vəkilləri Vəkillər Kollegiyasından çıxarırlar.

Ana səhifəVideoSusqunluq öldürür – Beynəlxalq İşgəncə Qurbanları Günü