Sumqayıtdan 1013 imza və 1013 problemli insan

Sumqayıt, Foto: Ecofront

Sakinlər Prezidentdən kömək istədi

Sumqayıt şəhəri yaxınlığındakı zavodlardan gələn tüstülər şəhərin sakinlərini narahat edir. Son bir ildə daha da güclənən zavod tüstülərinə görə sakinlərin üz tutmadıqları qurum qalmayıb.

Sumqayıt sakini Aynur Əliyeva deyir ki, bu hal illərdir davam edir, amma son zamanlar daha da artıb. Səbəbi isə məlum deyil. O təxmin edir ki, səbəb əhalinin artımı ola bilər:

“İstehlak artır, nəticədə məişət tullantıları da artır. Poliqon tez-tez dolur. Ora baxanlar da həmin poliqonu yandırır və bizim qara günlərimiz başlayır. Bu yay pəncərəni açmadım. Oğlum kondisioner aldı, çölün havasını filterdən keçirib içəri verirdi. İnanın, onda belə azca qoxu gəlirdi”.

Aynur Əliyeva həyət evində yaşayır. Evlərinin rütubətli olmasından şikayətlənir. Deməsinə görə, belə evlər əslində tez-tez havalandırılmalıdır, ancaq qoxu əlindən pəncərəni aça bilmir:

“Evə pis qoxu girməsin deyə pəncərəni açmırıq. Paltarlarımızdan, şkaflarımızdan rütubət qoxusu gəlir. Kimə deyirsən, müraciət edirsən, gəlib poliqona baxanları cərimələyib, gedirlər. Guya bilmirlər? Yaxşı da xəbərləri var. Hamısı gözdən pərdə asmaq üçündür”.

Sumqayıtın sakinləri yerli icra hakimiyyətindən tutmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinəcən gedib çıxıblar. Ancaq bir nəticəsi olmayıb.

Demələrinə görə, yayda şəhərin üzərini alan tüstü, eyni zamanda ətrafı bürüyən üfunət iyindən beziblər. Xüsusən də zavodlar olan ərazilərə yaxın yaşayanlar. Gah deyiblər ki, kimsə zibil poliqonuna qanunsuz od vurub, gah da deyiblər ki, düzələcək, müvəqqəti problem yaranıbmış. Ancaq sakinlər bildirirlər ki, bütün bu tədbirlər işə yaramayıb. Artıq əlacları bütün dövlət qurumlarından kəsilən Sumqayıt sakinləri Prezident İlham Əliyevə müraciət etmək qərarına gəliblər.

Sentyabrın 14-dən şəhərin sakinləri “Ecofront” eko aktivist qrupunun təşəbbüsü ilə imzatoplama kampaniyasına başlayıblar. Nəhayət, bu günlərdə 1013 imza toplayıb, müraciət forması ilə birlikdə Prezident İlham Əliyevə göndəriblər.

Sakinlər bildirirlər ki, Sumqayıt şəhərinin məişət tullantılarının idarə edilməsi poliqonunda baş verən yanğınlardan da, şəhər ətrafındakı sənaye müəssisələrinin çirkli fəaliyyətindən də çox yorulublar. Həmin yanğınların tüstüsü, zavodlardan çıxan zərərli qazlar küləyin istiqamətindən asılı olaraq Sumqayıt şəhəri, Ceyranbatan və Hacı Zeynalabdin qəsəbələrinin və digər yaşayış massivlərinin sakinlərini hava çirklənməsinə məruz qoyur:

“Son illər Sumqayıt şəhərinin əhalisi və istehlakı artıb. Bu, məişət tullantılarının həcminin artmasına səbəb olub. Əvvəllər poliqon şəhərdən kənarda, boş sahədə idi. Son illər Sumqayıt şəhəri poliqon istiqamətində xeyli genişlənib. Digər istiqamətlərdə də poliqonun yaxın ətrafında yeni yaşayış massivləri salınıb. Nəticədə insanlar həmin poliqonun qoxusundan və yanğınların tüstüsündən bezib”.

Sumqayıt, Foto: Ecofront

Sumqayıtlılar bildirir ki, hətta orada yanğın olmadıqda belə küləyin istiqamətindən asılı olaraq yaxınlıqda yaşayan sakinlər poliqonun üfunət qoxusunda nəfəs almalı olur. Heç bir infrastrukturu olmayan bu poliqon Sumqayıt şəhərinin və ətraf qəsəbələrin artan məişət tullantılarını qəbul etmək potensialında deyil.

Sakinlər deyirlər ki, ETSN-in açıqlamaları və özlərinin apardıqları monitorinqlərə əsasən, şəhərin havasını ən çox çirkləndirən müəssisələr bunlardır:

  • Sumqayıt məişət tullantılarının idarəedilməsi poliqonu
  • Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-yə məxsus əlvan metallar və ferroərintilər zavodu
  • “Azərsun”un Sənaye Pakında yerləşən yağ zavodu
  • Ceyranbatan qəsəbəsində yerləşən “AzMet” QSC-yə məxsus metallurgiya zavodu
  • Sumqayıt şəhərində yerləşən Etilen Polietilen Zavodu
  • və şəhərin ətrafında yerləşən kustar üsullarla fəaliyyət göstərən metallurgiya müəssisələri
    Sakinlər Prezident İlham Əliyevə müraciətlə bildirirlər ki, bu adları çəkilən müəssisələrin əksəriyyətinin açılışında o iştirak edib. Odur ki, müəssisə sahibləri etirazlara “Prezident açılışda iştirak edib, deməli, lazımlı müəssisədir”, – deyə cavab verirlər:

“Sizin açılışda iştirakınızı keyfiyyət göstəricisi kimi təqdim edirlər. Bu müəssisələr müasir texnologiyalara sahib olsalar da, qaz-toz tutucu qurğuları vaxtında yeniləmirlər və onların istismar qaydalarına əməl etmirlər. Aylardır məsələnin gündəmdə olmasına, vətəndaşların çoxsaylı şikayətlərinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözügedən poliqona və yuxarıda adları çəkilən bir neçə çirkli sənaye müəssisəsinə dəfələrlə cərimə yazmasına baxmayaraq, çirkli fəaliyyətlər olduğu kimi davam edir”.

Sumqayıt sakinləri Prezident İlham Əliyevdən Sumqayıt şəhərinin məişət tullantılarının idarə edilməsi poliqonunun fəaliyyətini dayandırmasına göstəriş verməsini xahiş edirlər:

“Rica edirik, şəhər ətrafında havanın yol verilən həddən artıq çirklənməsinə səbəb olan müəssisələrin qaz-toz tutucu qurğular quraşdırmalarına və onların istismar qaydalarına əməl etmələrinə də göstəriş verin. Sumqayıt şəhəri başda olmaqla digər böyük sənaye şəhərlərində və ölkə ərazisində havanın keyfiyyətinin davamlı monitorinqinin aparılması üçün infrastrukturun qurulmasına və monitorinqlərin nəticələrinin ictimaiyyətə əlçatanlığını təmin etmək üçün onlayn platformanın yaradılmasına da göstəriş versəniz çox sevinərik”.

Sakinlər Prezident İlham Əliyevdən onu da xahiş edirlər ki, havanın keyfiyyətinin yaxşılaşdırılması üçün qarşıdakı illərlə bağlı hədəflərin təyin edilməsinə və fəaliyyət planının hazırlanmasına dəstək versin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”indən Meydan TV-yə bildirilib ki, dəfələrlə bu problemlə bağlı Sumqayıt şəhərində monitorinqlər aparılıb. Hətta bir neçə müəssisə cərimələnib:

“Monitorinqlər vaxtaşırı təkrarlanır və oradakı vəziyyət nəzarət altındadır”.

Nazirliyin daha öncə bununla bağlı yaydığı məlumatda qeyd olunub ki, Sumqayıt şəhərində havada tüstünün, xoşagəlməz qoxunun qeydə alınması, atmosferin çirklənməsi son zamanlar vaxtaşırı müşahidə edilir. Bu səbəbdən, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin müxtəlif ərazilərində tez-tez monitorinq keçirilib və müasir cihazlarla havanın tərkibi yoxlanılıb.

Xidmət rəisi Hikmət Əlizadənin deməsinə görə, keçirilən monitorinqlər zamanı Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodundan atmosferə normadan artıq hidrogen-sulfidin atıldığı müəyyən edilib:

“Faktla bağlı hər iki müəssisə barəsində akt və protokol tərtib olunub və onların hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnmələri üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Digər bir neçə müəssisədə də günün müxtəlif saatlarında, eyni zamanda, gecə saatlarında monitorinqlər keçirildi və nəticələr norma daxilində müəyyən olundu”.

Aynur Əliyeva deyir ki, artıq işin cərimə, monitorinq, məhkəmə ilə həll olunacağına ümidi yoxdur, bəlkə Prezident İlham Əliyev bu işi nəzarətə götürsə, nəsə baş verə bilər:

“Ümid edirəm bizim Prezidentimiz bir şəhərin, o şəhərin insanlarının məhv olmasına göz yummaz. Özü də o şəhər ölkənin paytaxtına bir-iki addım məsafədədirsə…”.

Ana səhifəBölgəSumqayıtdan 1013 imza və 1013 problemli insan