Azərbaycan (Bakı) jazz tarixinin, onun 40/50-ci illər, yəni müharibə sonrakı tarixinin xronoloji davamlılıqla qələmə alınışı cəhdləri dəfələrlə olub.
Mozaik və çox özünəməxsus bir tərzdə bu, nadir jazz bilicisi, rəhmətlik Rövşən Sənanoğlunun qeydlərində özünün əksini tapırdı. Mənim anlamımda isə bu sənət növü yalnız Bakıda başlanıb, elə Bakıda da bitirdi. Lap bu son zamanlara kimi…
Bu ilin fevralında sosial şəbəkələrdə əslən Güney Azərbaycandan olan Sənəm Əbdül-Əzimzadənin “Sevgilim” mahnısının çarxı You Tube üzərindən yayımlandı.
Onun ecazkar səsi, 50/60-cı illər Azərbaycan estradasının bu ən parlaq mahnısını özünənməxsus jazz aranjımanında, eyni zamanda Təbriz bölgəsinə məxsus intonasiyalarının müşayiəti ilə, qəribə bir sintez kimi səsləndirirdi.
Sənəm Əbdül-Əzimzadənin jazz’a yolu atası Yusif Əbdül-Əzimzadənin akkordeonu üzərindən keçmişdi, sonralar o kiçik qızını piano və digər alətlərdə də ifaya öyrədəcəkdi. Növbəti, çox vacib mərhələ isə professor Feridun Pournasenin piano üzrə ustad dərsləri oldu.
Sənəmin Təbriz xoruna daxil edilməsini onun peşəkar musiqiçi karyerasının başlanğıc nöqtəsi hesab etmək olar. Burada o, kifayət qədər geniş diapazona malik olan vokalist kimi məharətini inkişaf etdirirdi. 2014-cü ilin əvvəlindən o İstanbula köçür və burada estrada-klub müğənnisi kimi fəaliyyət göstərir. Onun solo layihələrində və bütövlükdə yaradıcılığında, türk və irandilli arealın rəngarəng xalq musiqisinin jazz və blues ilə sintezinə üstünlük verilir. Bununla yanaşı o, Tofiq Quliyevin məşhur mahnılarını da çox özünəməxsus tərzdə ifa edir. Bizə əfsanəvi Rəşid Behbutov və Şövkət Ələkbərovanın ifasından tanış olan bu doğma təranələr, onun jazz tərzli yanaşmasında, sanki məxməri səsinin tembrində yeni səthlərdə açılır.
Sənəmin səsi – sanki bizim Güney Azərbaycandakı soydaşlarımızın etirazının təcəssümüdür. Onun ifasındakı emosional jazz – azadlığı həyat tərzi seçən insanlara səslənir, bununla o bizim, repertuarı getdilkcə şadlıq saraylarının estetikasını xatırladan ifaçılarımızdan yaxşı mənada fərqlənir. Eyni zamanda Sənəmdə 70-ci illərin Azərbaycan estradasına böyük meyl var, onun ifa tərzində xüsusilə Emin Sabitoğlu və Vaqif Mustafazadənin yaradıcılığının dərin təsiri hiss edilməkdədir. Öz improvizasiyaları ilə o, akademizmin dar çərçivələrindən kənara çıxaraq müxtəlif kompozisiyalara tamamilə gözlənilmədən emosional-patriotik rənglər verir. İfaçının You Tube çarxından dinlədiyimiz “Sevgilim” mahnısı isə, digər güneyli soydaşımız, aranjımançı və akkordeonist Qulam Kərimzadə ilə birgə əməyinin bəhrəsidir.
Sənəmin ifasına facebook səhifələrində çağdaş dövrümüzün görkəmli jazz ustadı, “Bakustic Jazz” qrupunun əvəzsiz rəhbəri, eyni zamanda musiqişünas Salman Qəmbərov böyük maraq göstərdi. Bəlkə də lap yaxın gələcəkdə bakılı dinləyicilər, Güneydən gələn bu “azadlığın sədası” ilə Bakı Jazz Festivalında əyani surətdə tanış olacaqlar. Salmanın Bakı Muğam Teatrının səhnəsində folk jazz üslubunda bir neçə layihəsi olmuşdu və şəxsən bəndəniz dəfələrlə onun çox böyük uğurunun şahidi olub. Salmanla tanışlıq şübhəsiz ki, Sənəmin repertuar və janr palitrasını genişləndirərdi. Çünki Sənəmin ifası bir çox müxtəliflikləri özündə ehtiva edir və heç bir şübhə yoxdur ki, bu ifaçı folk jazz, pop-folk, ethno-jazz, neo folk kimi janrlarda və üslublarda böyük müvəffəqiyyətlə çıxış edərdi. Öz tərəfimdən isə Sənəmə, Altay və Tuvanın qədim türk xalqlarının uzlau adlanan qırtlaq oxunuşu ənənəsi ilə də tanışlığını arzu edərdim.
Sənəmin kompozisiyaları və ifa tərzi özlüyündə İran və qonşu Cənubi Qafqazın dərin və və çoxçalarlı musiqi ənənəsini birləşdirir. Onun ifasının yaratdığı xəyallar aləmindəki, sanki bir araya sığışmaz musiqi istiqamətləri isə çox qəribə bir harmonik ahəngdə və eyni zamanda üzvi bir tərzdə uzlaşır. Onun dolğun ifasında musiqi, dinləyicini cəzb edərək naməlum və sirrlər dolu, qeyd etdiyimiz Azadlığın valehedici aləmlərinə aparır.
Əlbəttə ki, o Bakı tamaşaçıları və özünün bakılı həmkarları ilə tanışlığını gözləməkdədir, hətta bəlkə burada özünün trio və ya kvartetini də yarada bilərdi. Çünki Sənəm öz sənəti ilə həqiqətən də Bakının jazz sevərləri və ümumiyyətlə ölkəmizin bütün musiqi ictimaiyyətinin alqışlarına layiqdir.
Mənbə: Новости-Азербайджан