Sənədsiz, təhsilsiz, işləmək məcburiyyətində olan uşaqlar

“Bilirəm e, mənim yaşıdlarım məktəbə gedir, dərs oxuyur, yazı yazırlar. Amma mən hər gün səhər saat 9-da gəlib buranı açıram. “Popkorn” satıram, evə kömək edirəm”.

14 yaşlı Adil belə deyir. O, yaşıdları kimi məktəbə getmir, işləyib ailəsinə baxır. Həm də məktəbə getmək üçün sənədi olmayıb.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağayeva deyir ki, əvvəllər küçələrdə yaşayan uşaqların sənədləri olmurdu. İndi isə ailəsi olan bəzi uşaqlar da sənədsiz və təhsilsizdir.



Hər 100 uşaqdan təxminən 25-nin sənədi yoxdur”

“Bu gün ailələrdə yaşayan uşaqlar var ki, sənəd problemləri olduğundan, valideynlərin savadsızlığı səbəbindən təhsildən kənarda qalırlar. Bizim apardığımız araşdırmalara görə, bu gün hər 100 uşaqdan təxminən 25-nin sənədi yoxdur. Bu, kifayət qədər böyük bir rəqəmdir”.

Bu rəqəm hələ təkcə Azərbaycan Uşaqlar Birliyinə müraciət edən uşaqlarla bağlıdır. Respublika üzrə statistika açıqlanmır. Ancaq o bəllidir ki, qanunvericiliyə görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Ancaq bu gün sənədi olmadığı üçün məktəb qapısı aça bilməyən uşaqlar var.



Bəlkə də müəllim olardım, nə bilmək olar”

16 yaşlı Pərvanə də onlardandır. Heç vaxt məktəbə getməyib. Oxumağı-yazmağı rəfiqəsindən öyrənib. Deyir, atasının məsuliyyətsizliyi ücbatından bu gün də sənədi yoxdur.

“Mən də istəyərdim məktəbə gedim, oxuyum. Sənədim olmadığı üçün gedə bilmədim. Rəfiqələrim məktəbə gedəndə onların arxasınca baxırdım. Əvvəl atam var idi, bizə baxırdı. Bu gün o da yoxdur. Çox istəyərdim məktəb oxuyum, mən də nəsə bilim. Bəlkə də müəllim olardım, nə bilmək olar”.



Problem daha geniş və böyükdür”

Kəmalə Ağayeva deyir ki, bu gün onlar yalnız Azərbaycan Uşaqlar Birliyinin (AUB) nəzdində fəaliyyət göstərən sığınacağa istiqamətləndirilən uşaqların sənədlərinin bərpası ilə məşğuldurlar. Ancaq problem daha geniş və böyükdür.

“Bu, bir təşkilatın imkanları daxilində deyil. Biz uşaqların sənədlərinin bərpasını bütün respublika üzrə həyata keçirə bilmərik. Əslində isə bunun çox gözəl mexanizmi var. İcra hakimiyyətləri, yerli poliklinikalar doğum faktı təsdiq olunan kimi bunu dərhal qeydiyyata ala bilərlər. Sadəcə valideynlərin bir məsuliyyəti yoxdur. Bu gün aidiyyatı dövlət qurumları uşaqların doğum haqqında şəhadətnamə ilə təmin olunmasında böyük işlər görə bilərlər. Yəqin bunun üçün də mexanizm var”.


Sənədsiz uşaqlar kimlərdir?

Valideyn səhlənkarlığı ücbatından doğum faktı qeydə alınmayanlar bəzən 16-17 yaşınadək, bəzənsə ömrünün sonunacan sənədsiz qalırlar. Qanunlar isə deyir ki, Azərbaycanda doğumun qeydə alınması vacibdir.

Azərbaycan Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə qeyri-rəsmi nikahdan 25 000 uşaq doğulub. 2014-cü ildə bu rəqəm 25486, 2015-ci ildə 24038, 2016-cı ildə 26288 min nəfər olub. Ekspertlər ən çox belə nikahlardan doğulan uşaqların sənədinin olmadığını düşünür.

Ana səhifəVideoSənədsiz, təhsilsiz, işləmək məcburiyyətində olan uşaqlar