Fevralın 13-də bir qrup şəhid ailəsi Milli Məclisin qarşısında aksiya keçirib. Aksiyaçılar 1994-cü ildən bugünədək onlara verilməli olan sığorta haqqını tələb etmək üçün növbəti dəfə toplaşıblar.
Şəhid atası deyir ki, Məclisə hər gəlişində, ona problemin həll olunacağı deyilir: “Onuncu dəfədir bura gəlirəm. Gəlirik, belə yığışırıq, sonra deyirlər ki, həll olunacaq. Çıxıb, gedirik”.
1992-ci ildə 18 yaşlı oğlunu itirən şəhid anası problemi ilə bağlı bir çox yerə müraciət etdiyini deyir.
“Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova bildirir ki, çoxsaylı problemləri olan ailələrin sonuncu ümidi məhz, veriləcək sığorta puludur.
Aksiya iştirakçılarını dinləməyə millət vəkilləri Hadı Rəcəbli və Musa Quliyev gəlib.
Millət vəkillərinin təkilifi ilə Almaz Zeynalova və birliyin 5 üzvü məsələni bağlı qapı arxasında müzakirə ediblər. Görüşdən sonra Almaz Zeynalova jurnalistlərə bildirib ki, ona məsələnin həll olunacağını söz veriblər.