“Saleh Rüstəmovun hələ də həbsdə saxlanılması güvən mühitinə ciddi yaralar vurur”

Saleh Rüstəmov, Foto: Meydan TV

300-dən çox adam ölkə rəhbərliyinə, beynəlxalq aləmə çağırış etdi

“Qurama ittihamlarla tutulub azadlıqdan məhrum edilən Qarabağ qazisi Saleh Rüstəmovun həyatı, artıq bir neçə həftədir ki, təhlükə altındadır. Saxta ittihamlara, ədalətsiz məhkəmə qərarlarına 33 gündür ki, aclıq keçirməklə etiraz edən Saleh Rüstəmovun ölüm riski bütün cəmiyyətdə ciddi həyəcan doğurmaqdadır”.

Bu fikirlər Vətəndaş Cəmiyyətinin bir qrup üzvünün ictimaiyyətə ünvanladığı çağırışda yer alıb.

Müraciət Prezident Administrasiyasına, Milli Məclisə, Ombudsmana, Ədliyə Nazirliyinə, Ali Məhkəməyə və Baş Prokurorluğa da göndərilib.

300-dən çox adamın imzaladığı çağırışda qeyd olunub ki, ölkədə sistemli hala çevrilən insan haqları pozuntularından, səlahiyyətli dövlət təmsilçilərinin qanunsuz və insanlığa sığmayan hərəkətlərindən, belə hərəkətlərə hüquqi qiymət verilməməsindən dərin narahatlıq yaranıb:

“Ölüm riskinə rəğmən Saleh Rüstəmovun hələ də həbsdə saxlanılması, gərəkli addımların atılmaması Qarabağ müharibəsi zamanı və müharibə sonrası formalaşmaqda olan qarşılıqlı etimad, güvən mühitinə ciddi yaralar vurmaqdadır. Cəmiyyətin bu hadisədən narahat olan müxtəlif təbəqələrindən ölkə rəhbərliyinə, hökumətə ünvanlanan çağırışlar, təəssüflər olsun ki, indiyə qədər diqqətə alınmayıb və zəruri addımlar atılmayıb”.

Müraciətdə bir qrup vətəndaşın dekabrın 1-də paytaxtda dinc aksiyası qeyd olunaraq bildirilib ki, hətta bu aksiya cəhdinə belə qeyri-adekvat reaksiya verilib:

“Aksiyaya qatılan müxalif siyasətçi, həm də Qarabağ müharibəsi qazisi olan Tofiq Yaqublunu polislər saxlayıb, o, misli görünməmiş zorakılığa məruz qalıb, tanınmaz hala salınıb. Onu Bakıdan 70 km uzaqlıqda köməksiz halda atıblar”.

O cümlədən, Paşa Dadaşzadə də oxşar rəftara məruz qalması, qolunun bir neçə yerdən sındırılması xatırlanr:

“Ümumilikdə saxlanılan 40 nəfərə yaxın şəxsdən Səyyad Quliyevə, Elxan Əliyevə, Elçin Teymurova, İlham Hüseyn və Rüstəm İsmayılbəyliyə isə 15-30 sutka arasında inzibati həbs verilib. Dinc, ölkənin problemlərinin birgə, əl-ələ həlli çağırışı, təşəbbüsü ilə keçirilməsinə cəhd edilən aksiya iştirakçılarının üzləşdikləri belə rəftar nə ölkə Konstitusiyasına, nə onun qanunlarına, nə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun gəlir”.

Müraciət müəllifləri hesab edirlər ki, vətəndaşlarla belə rəftar etmək Azərbaycanın cinayət qanunvericiliyi ilə tənzimlənən əməllərə yol vermək deməkdir.

“Hüquq-mühafizə orqanlarının, məhkəmələrin ədalətsiz qərarlarının nəticələrinin aradan qaldırılması məqsədinə xidmət edən aksiyaya qatılanların misli görünməmiş zorakılığa, həbslərə məruz qalması, bir neçə gün keçməsinə baxmayaraq, əlaqəli qurumların hələ də gərəkli hüququ addımlar atmaması, bu haqda ictimaiyyəti bilgiləndirməməsi, cəmiyyətimizin narahatlığını daha da artırır”, – müraciətdə deyilir.

Müraciətdə hökumətdən ölkənin işıqlı gələcəyi naminə həll edilməsi çox önəmli olan problemlərin aradan qaldırılması üçün təxirə salmadan insani və hüquqi addımlar atılması istənilir:

“Hökumət ən qısa zamanda Saleh Rüstəmovun azad edilməsi üçün mümkün hüquqi və siyasi mexanizmləri işə salmalıdır. Saxta ittihamla cəza çəkən vətəndaşın həbsxanada həyatını itirməsi ləkəsinin ölkəmizin üzərinə düşməsinə imkan verilməməlidir. Eyni zamanda, Tofiq Yaqubluya, Paşa Dadaşzadəyə qarşı heç bir hüquqi ölçüyə gəlməyən əməllərə yol verənlər mütləq ədalət mühakiməsi qarşısına çıxarılmalı, hüquq-mühafizə qurumları üçün vətəndaşlarla rəftar zamanı örnək ola biləcək ən sərt qərarlar qəbul edilməlidir”.

Oxşar müraciətin beynəlxalq təşkilatlara da ünvanladığı bildirilir.

Dünən deputat Vahid Əhmədov da dövlət başçısı İlham Əliyevə Saleh Rüstəmovun azad edilməsi ilə bağlı müraciət edib.

Xatırlatma

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 32 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.

Ana səhifəSiyasət“Saleh Rüstəmovun hələ də həbsdə saxlanılması güvən mühitinə ciddi yaralar vurur”