İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim Azər Tağıyev sədrlik edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Toplum TV əməkdaşları qərara etiraz olaraq şeir səsləndiriblər. Ramil Babayevin müəllifi olduğu “Ədalətin dəfnindəyik” adlı şeiri olduğu kimi təqdim edirik:
“Gözləyirsiz bu salonda həqiqəti danım mən?
Qorxaqlıqdır, acizlikdir siz istəyən mərtəbə.
Ləyaqətim, şərəfim var, başı dik insanam mən,
Ədalətin dəfnindəyik, nə hüquq, nə məhkəmə?!
Bizi tutub şahın şəxsi mühafizə dəstəsi,
Hər addımda saxtakarlıq, qərəz, yalan, şərləmə.
Ah məmləkət!
Hökm oxuyur indi cəllad, qərar verir fitnəkar,
Əliyevlər bu ölkəni çevirib cəhənnəmə…
Əzmkarıq, nə zindandan, nə tirandan qorxuruq,
Bu, azadlıq sevdalısı, sığışarmı məhbəsə?
Mübarizə davam edir: bu gün də var, sabah da,
Tarix sizi lənətləyir, bizdən yazır hər dəfə…
Tamaşanız bitdi?
– Alqış yoxdur, çəkin pərdəni.
Necə naqis, necə iyrənc, necə miskin mənzərə…
Sizinki də ağır dərddir, ey batilin qulları,
Məğlubsunuz haqq savaşı gedən sonsuz cəbhədə.
Almısız boz karandaşı, çəkirsiz göy qurşağı,
Boz rəngli bir parlaq günəş görməmişəm mən hələ.
Ey zülməti təmsil edən istibdad kölələri,
Bütün dünya baxıb gülür bu mürtəcə əngələ…
Biz azadıq, həm də uzun bir sevdanın yolçusu,
Siz məhkumsuz həm qorxuya, həm yalana, həm şərə…
Tərəqqini ləngitməyə yetməz sizin gücünüz,
Haqq gələcək bir gün sizi çəkmək üçün məhşərə…”.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.