Vahid Əhmədov Saleh Rüstəmovun azadlığa buraxılması üçün Prezidentə müraciət etdi

Saleh Rüstəmov, Foto: Meydan TV

“Onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb”

Dekabrın 7-də deputat Vahid Əhmədov 32 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.

Vahid Əhmədov Meydan TV-yə deyib ki, o, Saleh Rüstəmovun səhhətinin ağır olduğundan xəbərdardır.

Müraciətdə bu təşəbbüsün Saleh Rüstəmovun Hüquqlarının Müdafiə Komitəsindən gəldiyi qeyd olunub.

Vahid Əhmədov, Meydan TV

Deputat müraciətində Saleh Rüstəmovun I Qarabağ müharibəsi iştirakçısı olduğunu vurğulayıb və qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb:

“Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsini və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.

Xatırlatma

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 32 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.

Ana səhifəSiyasətVahid Əhmədov Saleh Rüstəmovun azadlığa buraxılması üçün Prezidentə müraciət etdi