Rusiyaya “neft embarqosu” nələrə səbəb ola bilər?

Rusiyaya “neft embarqosu”. Foto: Mykhaylo_Kozelko/shutterstock

Deputat: “Rusiyanın alternativ bazarlar tapması real deyil”

“Rusiya neftindən və qazından imtina bu ölkəni çıxılmaz duruma soxa bilər. Çünki Rusiyanın ixracının yarısından bir qədər çox hissəsi enerji resurslarından təmin olunub”.

İqtisadçı Fərid Mehralızadə Meydan TV-yə açıqlamasında belə deyib.

O bildirib ki, Rusiya 2021-ci ildə ümumi neft ixracından yarım trilyon (500 milyard) dollar gəlir götürüb.

Bu vəsaitin 110 milyard dollarlıq hissəsi xam neft, 70 milyard dollarlıq hissəsi isə neft məhsulları ixracından əldə edilib:

“Bu baxımdan götürəndə Rusiya neftindən imtina bu ölkənin ixrac gəlirlərinin yarısına yaxınının əldən çıxması deməkdir”.

Rusiyadan idxalı azaltmağın yolları axtarılır

Avropa İttifaqı Rusiyadan neft idxalını azaltmağın yollarını axtarır. Səbəb Rusiyanın fevralın 24-dən bu yana Ukraynaya hərbi müdaxiləsidir. Həmin gündən bu yana Avropa ölkələri, eləcə də Amerika Rusiyaya qarşı müxtəlif maliyyə sanksiyaları tətbiq ediblər.

Məqsədləri Rusiyanı dalana dirəmək və müharibəni maliyyələşdirməsinə əngəl olmaqdır.

İndi də Rusiyadan neft idxalını azaltmaq müzakirə edilir. Lakin hələlik heç bir ölkədən Rusiya neftindən imtina və ya idxalı azaltma ilə bağlı rəsmi açıqlama gəlməyib.

“Reuters” yazır ki, hökumətlər hazırda Rusiyadan neft idxalı azaldılarsa, təsirlərinin necə olacağını hesablayır.

Rəqəmlərlə göstərsək…

Rusiyanın gündəlik 4,7 milyon barel xam neft ixracının təxminən yarısı Avropa İttifaqı (Aİ) ölkələrinə gedir. İxracın kəsilməsi Moskvanı böyük gəlir axınından məhrum edə bilər.

Rusiya nefti. Foto: Fly Of Swallow Studio/shutterstock

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin araşdırmasına görə, müharibə başlayandan bu yana Avropa Rusiyaya neft üçün 14 milyard avro (14,94 milyard dollar) ödəyib.

Rusiya neftinin ən böyük alıcıları

Rusiya Avropanın ən böyük neft tədarükçüsü olduğundan, 2020-ci ildə blokun neft idxalının 26 faizini təmin edən sanksiyaların Aİ-yə də təsir edəcəyi düşünülür.

Almaniya, Polşa və Hollandiya Rusiya neftinin Avropadakı ən böyük alıcılarıdır.

Hələlik Aİ hökumətləri Rusiya neftindən tamamilə imtina ilə bağlı addımın vacib aspektləri, o cümlədən onun nə vaxt qüvvəyə minəcəyi, mövcud müqavilələr üçün mərhələli olaraq ləğvetmə müddətinin nə qədər davam edəcəyi və bura bütün növ Rusiya neftinin daxil olub-olmayacağı barədə razılığa gələ bilməyiblər.

Rusiya neftinin əsas idxalçıları

Fərid Mehralızadə deyir ki, Rusiya neftinin və qazının əsas idxalçıları Qərb ölkələridir. Üstəlik, həmin ölklələrin əksəriyyəti bu gün Rusiyaya qoyulan müxtəlif sanksiyalarda iştirak edirlər.

İqtisadçı bildirir ki, bunun dolayı və digər ciddi təsirləri var. Məsələn, ölkələr iqtisadi çətinliklərlə üzləşəndə bu vəziyyətdən əsasən iki mənbə hesabına çıxa bilirlər:

Fərid Mehralıyevin şəxsi arxivindən

“Bunlardan biri beynəlxalq maliyyə təşkilatlarından borc almaqdır. İndiki şəraitdə bu qurumların heç biri Rusiyaya borc verməz. İkinci yol isə ölkəyə ciddi investisiyaların gəlməsinə şərait yaratmaqdır. Rusiyada bu da mümkün deyil. Əksinə, bu gün bir çox ölkə Rusiyaya qoyduqları investisiyaları geri çəkib, ölkə bazarlarından çıxıb”.

Rusiyanın tək çıxış yolu

Fərid Mehralızadə deyir ki, Rusiyanın düşdüyü vəziyyətdən yeganə çıxış yolu ixrac gəlirləridir. Odur ki, neft və qaz gəlirlərinin Rusiyadan alınması bu ölkəyə ciddi zərbədir:

“Dünya bazarında Rusiyanın böyük oyunçu olduğu sahə sırf neft-qaz sektorudur. Digər sahələrin çoxunda Rusiya özü xammal və texnologiya baxımından xaricdən asılıdır. İmtina ölkəni çıxılmaz duruma sala bilər”.

“Neft embarqosu reallaşarsa…”

Deputat, iqtisadçı Vüqar Bayramov da deyir ki, neft embarqosu reallaşarsa, bu, Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq.

Onun sözlərinə görə, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunur:
“Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub. Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi”.

“Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək”, – deyə deputat bildirib.

“Rusiyanın alternativ bazarlar tapması real deyil”

İqtisadçı deyir ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə, ümumiyyətlə, Rusiyanın alternativ bazarlar tapması real görünmür:

Vüqar Bayramov
Foto: Meydan TV

“Neft embarqosu “qara qızılın” qiymətinin kəskin artmasına səbəb ola bilər. Doğrudur, Qərb OPEK daxili mənbələr hesabına bazara daha çox neft çıxarmağa çalışır və bu, davam edəcək. Amma OPEK-in özünün də qısa zamanda boşluğu doldurmaq imkanları yüksək deyil. Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji ölkələrinin, o cümlədən Azərbaycanın valyuta gəlirlərinin artmasına gətirib çıxarsa da, birjalardakı qeyri-müəyyənlik uzunmüddətli dövr üçün səmərəli olmaya bilər”.

Vüqar Bayramov bildirir ki, bütün bunlar ilə yanaşı, hələ bir müddət birjalarda volatillik yüksək olaraq qalacaq. Bu yarışda isə qazananlarla yanaşı uduzanların sayı da az deyil.

Rusiya neftinə tariflər tətbiq etmək

Rusiya neftinə qoyulan idxal qadağasının həm də enerji resurlarının qiymətinin qalxacağına, bununla da Rusiyanın daha çox qazanmasına gətirib çıxaracağı da narahatlıq doğurur.

Aİ-nin ticarət komissarı Valdis Dombrovskis deyib ki, bunun olmaması üçün Aİ Rusiya neftinə tariflər tətbiq edərək idxalı azalda bilər.

Brüsseldə yerləşən “Bruegel” Analitik Mərkəzinin baş elmi işçisi Simone Tagliapietra “Reuters” agentliyinə bildirib ki, bu, Rusiyanı rəqabət qabiliyyətini saxlamaq və gəlirlərini effektiv şəkildə azaltmaq üçün ixrac etdiyi neftin tarifdən əvvəlki qiymətini azaltmağa məcbur edəcək.

Ana səhifəİqtisadiyyatRusiyaya “neft embarqosu” nələrə səbəb ola bilər?