Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları açıqladı
Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiya paketini elan edib.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında bildirib ki, Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbi zabitlərin və digər şəxslərin siyahısını hazırlayıblar.
O deyib ki, cinayəti törədənlərin kimlər olduğunu bilirlər.
Şoyqu: “Ukraynaya silah daşıyan NATO maşınları məhv ediləcək”
“Rusiya ordusu Mariupola nəzarət edir”.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu mayın 4-də keçirdiyi mətbuat konfransında deyib.
Nazir iddia edib ki, Mariupol da daxil olmaqla, “separatçı“ların nəzarət etdiyi bölgələrdə dinc həyat bərpa olunur.
S.Şoyqu NATO-ya da xəbərdarlıq edib: “Ukrayna Silahlı Qüvvələri üçün gələn silah və sursat olan NATO maşınları məhv ediləcək. ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah göndərməkdə davam edirlər. Onların silah və ya materialla gələn istənilən nəqliyyatı bizim hədəfimizdədir”.
Yaponiyanın Baş naziri Rusiyaya gələ bilməyəcək
Moskva Yaponiyanın Baş naziri Fumio Kişida və xarici işlər naziri Yosimasa Hayaşinin Rusiyaya girişini qadağan edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onları adı Rusiyanın maliyyə, müdafiə və ədliyyə nazirlərinin “qara siyahısı”nda var.
“Fumio Kişida administrasiyası misli görünməmiş anti-Rusiya kampaniyasına başlayıb. Rusiyaya qarşı qəbuledilməz ritorikaya, o cümlədən böhtan və birbaşa təhdidlərə yol verir. Bunu Yaponiyanın ictimai xadimləri, ekspertləri və media nümayəndələri də təsdiqləyir”, – nazirliyin saytında bildirilir.
Ruslar “Eurovision”da səsvermə hüququndan məhrum edilib
Ruslar builki “Eurovision” yarışmasında səsvermə hüququndan məhrum edilib.
“Səs vermək hüququ yalnız müsabiqədə iştirak edən ölkələrə şamil olunacaq. Rusiya müsabiqədə yoxdur, buna görə də həmin ölkə ərazisindən səs vermək mümkün olmayacaq”, – müsabiqənin icraçı prodüseri Klaudio Fazulo belə deyib.
Avropa Yayım Birliyi bu ilin fevralında Rusiya “Eurovision” yarışmasından uzaqlaşdırıb.
Qərar Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar verilib.
Yarışmanın prodüseri Simone Martorelli qərarın müvəqqəti olduğunu, gələcəkdə yenidən məsələyə baxıla biləcəyini deyib.
Bu il İtaliyanın Turin şəhərində “The sound of beauty” (“Gözəlliyin səsi”) şüarı ilə keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də olacaq.
Müsabiqənin finalı isə mayın 14-də “PalaOlimpico” arenada təşkil olunacaq.
Rusiya ordusu “Azovstal”a hücumu gücləndirib
Mariupolda “Azovstal”dan mülki əhalinin ilk təxliyəsini başa vurduqdan sonra rus qoşunları zavoda hücumu gücləndirdilər.
Bu barədə “euronews”məlumat yayıb.
Sayt BMT-yə istinadən bildirib ki, Zaporojyeyə gələn 159 qaçqından 101-i “Azovstal”dan, 58-i isə Mariupolun kənarından konvoya qoşulub.
“Ehtimal olunur ki, 200-ə yaxın mülki şəxs hələ də zavodun tunellərində və bunkerlərindədir”, – deyə qeyd olunub.
Ukraynalı nazirdən dünyaya çağırış
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünyanı Rusiyanın raket terroruna sanksiyaları sərtləşdirmək və Ukraynanı ağır silahlarla təchiz etməklə cavab verməyə çağırıb.
Bu barədə Ukrayna diplomatiyasının rəhbəri “Twitter” səhifəsində yazıb.
“Rusiya irəliləməyə çalışır və dəhşətli itkilər verir, sonra isə Ukraynaya qarşı çıxılmaz raket terroruna əl atır. Amma biz qorxmuruq, dünya da qorxmamalı və Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməlidir”, – deyə Kuleba bildirib.
Mayın 3-də Rusiya ordusu Ukrayna ərazisinə 18 qanadlı raket atıb, onlardan 8-i hava hücumundan müdafiə vasitələri ilə vurulub.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.