Avropa Yayım Birliyi bəyanat yayıb
Rusiya builki “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırılıb.
Avropa Yayım Birliyinin bəyanatında bildirilir ki, 2022-ci ildə Turində keçiriləcək tədbirə Rusiyadan iştirakçının qatılması müsabiqəni nüfuzdan salacaq.
“Biz beynəlxalq mübadilə və anlaşmanı təşviq edən, tamaşaçıları bir araya gətirən, musiqi vasitəsilə müxtəlifliyi qeyd edən, Avropanı bir səhnədə birləşdirən mədəni müsabiqənin dəyərlərini qorumağa sadiq qalırıq”, – bəyanatda qeyd edilib.
Daha öncə İslandiya, Finlandiya, Norveç, Niderland da daxil olmaqla digər ölkələrin dövlət yayımçıları Rusiyanın yarışmadan kənarlaşdırlması ilə bağlı çağırış edib.
Rusiyanın yarışmada kiminlə təmsil olunacağı hələ açıqlanmamışdı.
Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Mikola Çernotitski fevralın 23-də Avropa Yayım Birliyinə məktub ünvanlayıb.
Məktubda xahiş olunur ki, Rusiya KİV-nin, “Birinci kanal”ın, həmçinin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyindəki üzvlüyü dayandırılsın.
Məktubda Avropa Yayım Birliyindən Rusiyanın “Eurovison 2022” beynəlxalq mahnı müsabiqəsində iştirakının qadağan olunması da istənilib.
Bu il İtaliyanın Turin şəhərində “The sound of beauty” (“Gözəlliyin səsi”) şüarı ilə keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də baş tutacaq.
Müsabiqənin finalı isə mayın 14-də “PalaOlimpico” arenada təşkil olunacaq.
Ukraynanı müsabiqədə milli seçim turunda ikinci olan “Kalush Orchestra” qrupunun təmsil edəcəyi gözlənilir.
Qrup yarışmada “Stefania” adlı mahnını oxuyacaq.
Daha əvvəl Ukraynanı müsabiqədə “Unudulmuş əcdadların kölgələri” mahnısı ilə Alina Paş təmsil edəcəkdi.
Ukraynanın “Eurovision” yarışması üzrə milli seçim turunun təşkilat komitəsi və sənətçi arasında qarşılıqlı razılaşmaya əsasən, Alinanın müsabiqədə iştirakının davam etməyəcəyi qərara alınıb. Buna səbəb isə Alinanın 2015-ci ildə Krıma səfəri olub.
Müğənni bir neçə gün öncə yarışmada iştirakından imtina etməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.