“Toplum TV” işi üzrə 13 il müddətinə həbs olunmuş jurnalist Fərid İsmayılov həbsxanadan Meydan TV üçün yazı göndərib.
Yazını olduğu kimi təqdim edirik:
“Umbakı Penitensiar Müəssisəsi şəhərin mərkəzindən onlarla kilometr uzaqlıqda yerləşir. Bu səbəbdən müəssisəyə gələn məhbuslar özləri ilə ehtiyacları üçün pul gətirirlər. Lakin gətirdikləri pullar müəssisəyə daxil olan kimi müxtəlif yollarla əllərindən alınır.
Misal üçün, başqa penitensiar müəssisəsində istifadə etdiyi əşyanın burada qadağan olunduğu deyilir və icazə üçün “rüsum”, “hörmət” istənilir.
Digər bir misal, məhbusun üzərində 150 AZN varsa, məbləğin 10%-i müxtəlif bəhanələrlə əllərindən alınır.
Müəssisənin şəhər mərkəzindən uzaqda yerləşməsi səbəbindən məhbuslar ailə üzvləri ilə görüşdən taksi xərclərinə görə əsasən imtina edirlər.
Əvəzində öz adlarına pul yüklətdirirlər ki, ehtiyaclarını müəssisənin köşkündən alsınlar. Lakin göndərilən pulun 10%-i “xidmət haqqı” adı ilə əllərindən alınır.
“Azərpoçt” vasitəsilə göndərilən sovqat və pul üçün də məhbuslardan yenə əlavə pul tələb olunur.
Misal olaraq, Lənkərandan müəssisədə cəza çəkən övladına 10 kq sovqat və 50 AZN göndərən valideyn “Azərpoçt”a 12 AZN rüsum ödəyir. Müəssisənin daxilində sovqatı və pulu götürməyə gedən məhbusa 50 AZN əvəzinə 45 AZN verilir.
(Müəssisədə 10%-lik “rüsum”un nəyin əsasında müəyyənləşdirildiyi bəlli olmasa da, qanunsuz olduğu məlumdur.)
Nümunə üçün, ölkədə fəaliyyət göstərən leqal banklar pul köçürmələri üçün 1% rüsum tələb edir. Rəşad Yusifovun qeyri-qanuni “Umbakı Bank”ı isə 10%”.
Redaksiya qeydi: Rəşad Yusifov Umbakı Penitensiar Kompleksinin (qapalı tipli həbsxana) rəisidir.