Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 22-ci günü

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. Foto: evan_huang/shutterstock

Jurnalist Fransanın sığınacaq təklifindən imtina edib

Fransanın sığınacaq təklifindən imtina edən “Birinci kanalı”n keçmiş redaktoru Marina Ovsyannikova Moskvada gizləndiyini bildirib.

O, hazırda dostların yanında gizləndiyini deyib.

Marina Ovsyannikova. Foto: Sosial şəbəkə

Yavaş-yavaş anlamağa başlayıram ki, həyatım həmişəlik dəyişib, köhnə həyata qayıda bilmirəm. Sakitləşdirici dərmanlar qəbul edirəm. Övladlarım üçün – 17 yaşlı oğlum və 11 yaşlı qızım üçün çox narahatam. Hər iki uşaq Moskvadadır, mənim yanımda deyil, təhlükəsizdirlər. Hamımız Rusiyada qalacağıq. Fransa Prezidentinin sığınacaq təklifini qəbul etməyəcəyik: mən vətənpərvərəm, oğlum ondan da böyük vətənpərvərdir, heç yerə getmək istəmirik”, – Ovsyannikova belə deyib.

Martın 14-də Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Vremya” proqramında aparıcı Yekaterina Andreeva xəbərləri oxuyarkən qəflətən kanalın redaktoru Marina Ovsyannikova əlində plakat studiyaya girib və müharibə əleyhinə şüar səsləndirib.

Buna görə məhkəmə Marina Ovsyannikovanın 30 min rubl (280 dollar) məbləğində cərimələnib.


Rusiyalı milyarder: “Xadiməyə pul verməyə belə imkanım yoxdur”

Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları siyahısına düşən milyarder Mixail Fridman özünü Londonda məhbus kimi hiss etdiyini deyib.

Londonda yaşayan Fridman sanksiyalara məruz qaldıqdan sonra “Alfa-Bank”, “X5 Group” və “Veon”un (Rusiyanın “VimpelCom” şirkətinin sahibi) direktorlar şuralarından istefa verib.

Bank hesablarının bloklanmasından sonra milyarder Britaniya hökumətindən pul xərcləmək üçün icazə almalı olacaq ki, bu da onun tələbinin əsaslılığını müəyyən etməlidir.

Fridmanın xərcləri ayda təxminən 2.5 min avro ilə məhdudlaşdırıla bilər.

Milyarder ev təmizliyi üçün xadiməyə belə pul verməyə imkanı olmadığını deyib.

Tələbəlik illərini xatırlayaraq bildirib ki, yataqxana otağında dörd nəfərlə birgə qalanda təmizlik işləri görürmüş: “35 ildən sonra ev təmizləmək mənim üçün gözlənilməzdir”.

Mixail Fridman. Foto: https://www.kommersant.uk/

Sanksiyaların tətbiqindən əvvəl Mixail Fridmanın sərvəti 14 milyard dollara yaxın olduğu bildirilir.

Fevralın 24-dən bu yana Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada Rusiyaya müxtəlif sanksiyalar qoyub.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.


Peskov: “Rusiya Beynəlxalq Məhkəmənin qərarını diqqətə almayacaq”

Rusiya Beynəlxalq Məhkəmənin Ukrayna ilə bağlı qərarını diqqətə almayacaq.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun özlərinə görə, Moskva Beynəlxalq Ədalət Məhkəməsinin Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qərarını diqqətə almayacaq:

Dmitri Peskov, Foto: ID1974/shutterstock

“Beynəlxalq məhkəmədə tərəflərin razılığı kimi bir şey var. Burada heç bir razılaşma ola bilməz”.

Martın 16-da BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.


İqor Seçinə məxsus yaxtanın İspaniyada saxlanıldığı bildirilir

Sanksiyalara məruz qalan “Rosneft”in rəhbəri İqor Seçinə məxsus olduğu iddia edilən “Crescent” (“Crescent”) yaxtasının İspaniyada saxlanıldığı deyilir.

İ.Seçin. Foto: Reuters

Bu barədə “Reuters” İspaniya polisindəki mənbələrə istinadən məlumat yayıb.

İki həftə əvvəl İ.Seçinin daha bir yaxtasının Fransada həbs edildiyi barədə xəbər yayılmışdı.


“Netflix” Zelenskinin serialını yayımlayacaq

“Netflix” Ukrayna Prezidenti Volodimir Zelenskinin 2015-ci ildə çəkildiyi “Xalqın xidmətçisi” (“Слуга народа”) serialının təkrar nümayişinə başlayır.

Yayım platforması hələ 2016-cı ildə serialın prodüser şirkəti “Kvartal 95”lə müqavilə bağlayaraq yayım hüququ əldə edib.

Foto: By kamarulzamanganu/Shutterstock

Zelenski serialda Vasili Qoloborodko ad-soyadlı vicdanlı və prinsipial məktəb müəllimi rolunu oynayır.
Onun qəhrəmanı təsadüfən prezident olub, korrupsiya və oliqarxlarla mübarizəyə başlayır.


Özbəkistan qondarma respublikaları tanımadı

Özbəkistan Donetsk və Luqanskını ayrı-ayrı respublikalar kimi tanımadığını bəyan edib.
Bu barədə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ölkənin Ali Məclisi Senatında çıxışı zamanı danışıb.

Əbdüləziz Kamilov bildirib ki, Özbəkistan Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır.

Əbdüləziz Kamilov. Foto: https://uznews.uz/

Nazir Ukrayna ətrafındakı vəziyyətin Özbəkistanda ciddi narahatlıq yaratdığını deyib:

Özbəkistan vəziyyətin sülh və diplomatik yollarla həllinə sadiqdir. Bunun üçün ilk növbədə düşmənçilik və zorakılıq dərhal dayandırılmalıdır”.

Özbəkistan milli maraqlara əsaslanaraq hər iki ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək. Biz bu çətin zamanda Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyik”, – nazir belə deyib.


Mariopolda teatr binasının vurulduğu bildirilir

Martın 16-da Rusiya ordusunun atəşi nəticəsində yüzlərlə insanın gizləndiyi Mariopol Dram Teatrının dağıldığı deyilir.

Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində məlumat yayıb.

Euronews” bombardman nəticəsində qurbanların sayının yüzlərlə olduğunu ehtimal edir.

Mariupul şəhər teatrı. Foto: Ukraynanın Xarici işlər naziri D.Kulebanın Twitter səhifəsindən götürülüb

Rusiya Müdafiə Nazirliyi teatrın partladılmasında “Azov” batalyonunun məsuliyyət daşıdığını qeyd edib:

Mövcud etibarlı məlumatlara görə, millətçi “Azov” batalyonunun silahlıları minalanmış teatr binasını partlatmaqla yeni qanlı təxribat törədiblər”.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 22-ci günü