Efirdə müharibəyə etiraz plakatı qaldıran jurnalist Moskavada gizlənir

Marina Ovsyannikova. Foto: Sosial şəbəkə

Marina Ovsyannikova Fransanın sığınacaq təklifindən imtina edib

Fransanın sığınacaq təklifindən imtina edən “Birinci kanalı”n keçmiş redaktoru Marina Ovsyannikova Moskvada gizləndiyini bildirib.

Bu barədə jurnalist Almaniyanın “Der Spiegel” jurnalına danışıb.

O, hazırda dostların yanında gizləndiyini deyib.

“Yavaş-yavaş anlamağa başlayıram ki, həyatım həmişəlik dəyişib, köhnə həyata qayıda bilmirəm. Sakitləşdirici dərmanlar qəbul edirəm. Övladlarım üçün – 17 yaşlı oğlum və 11 yaşlı qızım üçün çox narahatam. Hər iki uşaq Moskvadadır, mənim yanımda deyil, təhlükəsizdirlər. Hamımız Rusiyada qalacağıq. Fransa Prezidentinin sığınacaq təklifini qəbul etməyəcəyik: mən vətənpərvərəm, oğlum ondan da böyük vətənpərvərdir, heç yerə getmək istəmirik”, – Ovsyannikova belə deyib.

O, bu addımı ailəsi üçün ağır zərbə adlandırıb: “Anam hələ də şok vəziyyətindədir. Oğlum bütün ailə üzvlərinin həyatını məhv etdiyim üçün məni danladı. Mən iki atəş arasındayam və ailəmdən çox dəstək hiss etmirəm. Mən qorxuram, hətta çox qorxuram. Hər şey ola bilər, məsələn, avtomobil qəzası. Amma müharibəni müharibə adlandırdığım üçün peşman deyiləm, artıq geriyə dönüşü olmayan xətti keçmişəm. Yalnız birbaşa və açıq danışmaq qalır”.

M.Ovsyannikovanın sözlərinə görə, o, əvvəllər siyasətlə maraqlanmayıb: “Əvvəllər siyasətlə o qədər də maraqlanmırdım, etiraz aksiyalarına getmirdim. Ancaq illərlə yığılıb qalmış problemlərdən narazılıq vardı, “vint”lər get-gedə daha da bərkidilirdi. Əvvəlcə qubernatorları seçə bilmədik, sonra 2014-cü il, DNR və LNR, Navalnının zəhərlənməsi, müstəqil mediaya qarşı repressiyalar. Amma heç kimin gözləmədiyi müharibə hər şeyi alt-üst etdi. Biz elə bilirdik ki, Rusiya, NATO və ABŞ sadəcə olaraq blef edirlər, diplomatlar hər şeyi həll edəcəklər. Lakin fevralın 24-də əsl şok yaşandı”.

Martın 14-də Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Vremya” proqramında aparıcı Yekaterina Andreeva xəbərləri oxuyarkən qəflətən kanalın redaktoru Marina Ovsyannikova əlində plakat studiyaya girib və müharibə əleyhinə şüar səsləndirib.

Buna görə məhkəmə Marina Ovsyannikovanın 30 min rubl (280 dollar) məbləğində cərimələyib.

Rusiya Dövlət Dumasının martın 4-də qəbul etdiyi yeni qanuna görə, “müharibə” sözü işlədən, saxta məlumatlar yayan media qurumlarının əməkdaşları 10 ildən 15 ilə qədər həbs oluna bilər.

Hökumət müharibə haqqında məlumat verərkən yalnız rəsmi mənbələrə istinad etməyi və xüsusi hərbi əməliyyat ifadəsini işlətməyi tələb edir.

Eyni zamanda, Dövlət Dumasının qəbul etdiyi başqa bir qanun müharibə əleyhinə aksiyaya çıxanlara 6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Ana səhifəDünyaEfirdə müharibəyə etiraz plakatı qaldıran jurnalist Moskavada gizlənir