Rusiya məhkəməsi plakatla efirə çıxan jurnalisti cərimələdi

Marina Ovsyannikova. Foto: Sosial şəbəkə

Səbəb kimi müharibə əleyhinə çağırış etməsi göstərilib

Moskvanın Ostankinski Rayon Məhkəməsi “Birinci kanal”ın redaktoru Marina Ovsyannikovanın 30 min rubl (280 dollar) məbləğində cərimələyib.

Məhkəmə səbəb kimi Marina Ovsyannikovanın efirdə “Müharibəni dayandır! Təbliğata inanmayın, burada sizə yalan danışırlar” çağırışını əsas gətirib.

Martın 14-də Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Vremya” proqramında aparıcı Yekaterina Andreeva xəbərləri oxuyarkən qəflətən kanalın redaktoru Marina Ovsyannikova əlində plakat studiyaya girib və müharibə əleyhinə şüar səsləndirib.

Rusiya Dövlət Dumasının martın 4-də qəbul etdiyi yeni qanuna görə, “müharibə” sözü işlədən, saxta məlumatlar yayan media qurumlarının əməkdaşları 10 ildən 15 ilə qədər həbs oluna bilər.

Hökumət müharibə haqqında məlumat verərkən yalnız rəsmi mənbələrə istinad etməyi və xüsusi hərbi əməliyyat ifadəsini işlətməyi tələb edir.

Eyni zamanda, Dövlət Dumasının qəbul etdiyi başqa bir qanun müharibə əleyhinə aksiyaya çıxanlara 6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaRusiya məhkəməsi plakatla efirə çıxan jurnalisti cərimələdi