Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar məsuliyyətə cəlb oluna bilər

Ukrayna. Foto: Meydan TV

Kavkazski Uzelin materialı

Ukraynadakı azərbaycanlı könüllülərin hüquqi riskləri qiymətləndirilib

Ukraynaya yollanan azərbaycanlı könüllülər vətənlərində muzdluluq haqda maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər, – “Kavkazski uzel”in sorğu apardığı hüquqşünaslar söyləyiblər. Ukraynada təxminən 300 azərbaycanlı könüllü ola bilər, hərçənd əsas etibarı ilə bunlar Ukrayna vətəndaşları, ya da bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarıdır, – Kiyevdə Azərbaycan diasporasının nümayəndəsi xəbər verib.


“Kavkazski uzel”in yazdığına görə, 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-si Kiyev ətrafında həlak olub. Döyüşçünün meyidini Azərbaycana gətirərək ailəsinə təhvil veriblər. Onu aprelin 10-u Goranboy rayonunda torpağa basdırıblar.


“Azərbaycan qanunvericiliyi ölkə vətəndaşlarının digər dövlətlərin ərazisində baş verən silahlı münaqişələrdə iştirakını nəzərdə tutmur. Odur ki, Ukraynaya yollanan Azərbaycan vətəndaşları buna görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər”, – hüquqşünas, deputat, parlamentin insan haqları üzrə komitəsinin üzvü Fazil Mustafa qeyd edib.


Qadağa həm xarici dövlətlərin müntəzəm ordularında, həm də könüllü dəstələrdə iştiraka şamil olunur. Azərbaycanın dövlətlərarası müqavilələrlə dəstəklədiyi əməliyyatlar, məsələn, beynəlxalq sülhməramlı əməliyyatlar müstəsnadır, – o, məsələyə aydınlıq gətirib.


Fazil Mustafa Ukraynaya yollanan Azərbaycan vətəndaşlarının sayını bildirməkdə çətinlik çəkib.
Azərbaycan qanunvericiliyi ölkə vətəndaşlarının xaricdə baş verən silahlı münaqişələrdə iştirakını nəzərdə tutmadığından hər hansı bir “könüllü dəstə”lərin formalaşmasından söhbət belə gedə bilməz.


“Bu cür fəaliyyət göstərənlər muzdluluq haqda maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilər (Azərbaycan Cinayət məcəlləsinin 114-cü maddəsi)”, – Fazil Mustafa deyib.


Onun sözlərinə görə, iştirakı hər hansı bir tərəfdən təsdiqlənən Azərbaycan vətəndaşları məhkəmə qarşısında dayanacaq.


Fazil Mustafa həmçinin qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu üçün Rusiya-Ukrayna münaqişəsində neytral mövqe tutur.


Muzdluluğa görə cinayət məsuliyyətinə cəlb olunma məsələsini “Vətəndaş cəmiyyəti platforması”nın üzvü Ələsgər Məmmədli də xatırladıb. Onun dediyinə görə, könüllü dəstələrin yaradılması “muzdluların hərbi əməliyyatında iştiraka cəlb edilmə” kimi qiymətləndirilə və 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Muzdluluq 5 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.


“Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası hüdudlarında silahlı münaqişələrə cəlb edilməsi və orada iştirak etməsi də təxminən eyni qədər müddətlə cəzalandırılır. Bu norma qanunvericiliyə Suriyadakı müharibədən sonra daxil edilib. Belə ki, həmin müharibəyə yüzlərlə Azərbaycan vətəndaşı cəlb olunmuşdu”, – Ələsgər Məmmədli “Kavkazski uzel”in müxbirinə söyləyib.


Onun dediyinə görə, Ukraynadakı əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşları barədə rəsmi məlumatlar yoxdur.


“Bunlar əsas etibarı ilə uzun müddətdir ki, Ukrayna ərazisində yaşayan azərbaycanlılardır. Onların bir hissəsi artıq Ukrayna vətəndaşlığı alıb və Azərbaycan qanunvericiliyi nöqteyi-nəzərindən həmin şəxslərə qarşı heç bir iddia irəli sürülə bilməz. KİV-dən ən azı iki azərbaycanlının həlak olması haqda məlum olub. İkinci həlak olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, görünür ki, öz təşəbbüsü ilə döyüşməyə gedib. Belə ki, Azərbaycandan Ukraynaya könüllü dəstələr göndərilməyib”, – Məmmədli deyib.


O həmçinin qeyd edib ki, KİV-in xəbər verdiyinə görə, Rusiya tərəfində vuruşan azərbaycanlılar da var.
Hüquq sahəsində ekspert, Azərbaycan Hərbi Prokurorluğunun sabiq əməkdaşı Yusif Ağayev Azərbaycan qanunvericiliyində kolliziyaların olduğunu söyləyib.


“Bəli, xaricdə könüllü dəstələrdə iştirak, bir tərəfdən, “muzdluluq” kimi qiymətləndirilə bilər. Lakin, digər tərəfdən, “könüllülük” yenə də başqa şeydir və burda mühüm fərq ondadır ki, muzdlu pul mükafatı qarşılığında vuruşduğu halda könüllü ideya uğrunda mübarizə aparır”, – o, “Kavkazski uzel”in müxbirinə deyib.


Onun dediyinə görə, Azərbaycan Ukraynaya könüllülərin göndərilməsini təşkil etməyib.
“Burada söhbət hətta məsələnin hüquqi tərəfində deyil, daha çox siyasi səthilikdədir. Azərbaycan münaqişənin hər iki tərəfi ilə məsafə saxlayır. Hərçənd buna baxmayaraq, ehtimal ki, Moskvadan Bakıya güclü təzyiq var”, – Ağayev qeyd edib. O söylədiklərinin təsdiqi olaraq rusiyayönlü KİV-də Ukraynaya humanitar yardımın mühakimə olunduğunu qeyd edib.


Azərbaycan martıq 12-si Ukraynaya humanitar yardımın ikinci partiyasını göndərib – bunlar 5,5 avro dəyərində ərzaq və dərmanlardır. Fevralın 26-sı Bakıdan Polşanın şəhəri Jeşuva Ukrayna üçün humanitar yardımla dolu təyyarə uçub. Bu yardım 5 milyon avro dəyərində. ərzaq və dərmandan ibarət olub. Bakının icra hakimiyyəti 30 ton həcmində olan növbəti humanitar yardımı martın 19-na keçən gecə Kiyev sakinlərinə yollayıb.


Kiyevdə yaşayan Azərbaycan diasporasının nümayəndəsi, Azərbaycan daxili qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev “Kavkazski uzel”in müxbirinə xəbər verib ki, onda olan məlumata görə, Ukrayna ordusu və könüllü dəstələrin tərkibində 300 azərbaycanlı var.


“Onların arasında həm Ukrayna, həm də bu ölkədə yaşayan Azərbaycan vətəndaşları, həmçinin xüsusi olaraq hərbi əməliyyatlarda iştirak etmək üçün gəlmiş azərbaycanlılar var. Lakin müstəqil azərbaycanlı könüllü dəstələr yoxdur”, – Hacıyev “Kavkazski uzel”in müxbirinə deyib.


Azərbaycan hökumətində mövzu ilə bağlı şərh verməyiblər və deyiblər ki, Ukraynadakı hadisələrin Azərbaycan dövlətinə heç bir aidiyyatı yoxdur. Bu və ya digər tərəfdə azərbaycanlı vətəndaşların döyüşməsi barədə isə rəsmi məlumat yoxdur.


Ukraynada həlak olan Elnur Həsənovun ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ana səhifəSosialRusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar məsuliyyətə cəlb oluna bilər