Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə məlumat “Azərtac”a Baş Prokurorluğun mətbuat xidmətindən verilib.
Qeyd edilib ki, hadisənin baş vermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Baş Prokurorluq hadisəni araşdırdığını deyir
Sabiq baş pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyevin intihar etdiyi bildirilir.
Məlumatı Baş Prokurorluq yayıb.
“1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, – Baş Prokurorluğun məlumatında deyilir.
TƏBİB-dən Meydan TV-yə bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 24-də saat 12:23 radələrində Abşeron rayonu, Goradil ərazisindən Nəsib Cəfər oğlu Quliyevin intihar etməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Ünvanda şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində doğulub.
1965-ci ildə kənd 8 illik məktəbini, 1967-ci ildə isə qızıl medalla Daşkənd kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
O, Kübra Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti vəzifələrində çalışıb.
Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi olub.
2000-ci ildən Əməkdar elm xadimidir.
Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.