“Dojd” telekanalı və “Exo Moskvı” Rusiyada bloklanıb

Rusiya Baş Prokuroluğu. Foto: HANK50/shutterstock

Baş prokurorluq hesab edir ki, bu media orqanları Moskvanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı yalan məlumat yayır

Rusiya iki müstəqil Kütləvi İnformasiya Vasitəsinə (KİV) qadağa qoyub.

Əsas gətirib ki, onlar Moskvanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı “qəsdən yalan məlumat” yayıb. Məhz buna görə bloklanıblar.

Bloklanma ilə bağlı qərarı isə Rusiyanın Baş Prokuroluğu verib.

Rusiyanın Baş prokuroru ölkənin mediaya nəzarət orqanına “TVRain”kimi tanınan “Dojd” telekanalına və “Exo Moskvı” radiosuna “girişi məhdudlaşdırmağı” əmr edib.

Bildirilib ki, qadağa Ukraynada “ekstremist fəaliyyətə, zorakılığa çağıran məlumatların” və “Rusiya hərbçilərinin hərəkətləri haqqında qəsdən yalan məlumatların” “məqsədli və sistemli” yerləşdirilməsinə görə verilib.

“Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov “Telegram”-da radiostansiyanın yayımdan çıxarıldığını bildirib.

“Anonymous” haker qrupu isə fevralın 28-də Rusiyanın TASS, “Fontanka” və “Kommersant” internet saytlarını sındırıb. Həmçinin Kremlin dəstəklədiyi “Russia Today” kanalına və Kremlin saytına haker hücumu gerçəkləşdirib. Səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir.

Eyni zamanda, “Anonymous”un Rusiya dövlət telekanallarını sındıraraq, Ukraynaya dəstək məzmunlu vətənpərvər mahnılar və işğaldan görüntülər yerləşdirdiyi bildirilir.

Qrup “Twitter” hesabında bildirib ki, Rusiya dövlət telekanalları “Anonymous” tərəfindən Ukraynada baş verənlər haqqında həqiqəti yayımlamaq üçün sındırılıb.

“Fontankaya” daxil olmaq istəyərkən isə ekrana belə bir mesaj gəlib: “Hörmətli vətəndaşlar. Sizi bu çılğınlığa son qoymağa çağırırıq, oğullarınızı və ərlərinizi qəti ölümə göndərməyin”.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Dergey Lavrov da var.

Ana səhifəDünya“Dojd” telekanalı və “Exo Moskvı” Rusiyada bloklanıb