Rusiya simasını itirməmək şərtilə Ukrayna böhranından çıxmaq istəyir


İlqar Vəlizadə: “Şovinizm meylləri Rusiyanın dövlət siyasətində təsiredici amilə çevrilib”

Rusiya-Ukrayna münasibətləri artıq ölkə sərhədlərini aşaraq dünya siyasi düzəninin müzakirə predmetinə çevrilib. Xüsusən 17 iyul təyyarə faciəsindən sonra dünyanın əksər gücləri Rusiyanı Ukrayna separatçılarını dəstəkləməkdə ittiham etdi. Ancaq ona qədərki mərhələlərdə aparıcı qərb dövlətləri Kremlin siyasəti barədə ehtiyatla danışırdılar. “RİA-NOVOSTİ” Agentliyinin Mətbuat Mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadə ilə söhbətimizdə indiki durumu yaradan sualların cavablarını verməyə çalışdıq.


– İlqar bəy, Ukrayna olaylarını bir neçə mərhələyə bölmək olar; birinci mərhələ martın 18-də prezident Putinin separatçılarla imzaladığı Krımın ilhaqını təsdiqləyən sənədlə başladı və 30 mart referendumu ilə pik həddinə çatdı. Bundan sonra proseslər Şərqi Ukraynaya sirayət etdi. Ötən həftə isə Braziliya, Rusiya, Çin, Hindistan, Cənubi Afrikanın (BRÇHC) birgə Sammiti keçirildi. Tədbirdə yeni bankın yaradılması, nizamlanma kapitalının 100-200 milyard dollar civarında olması barədə fikirlər səsləndi ki, qurumun Beynəlxalq Valyuta Fonduna qarşı olduğu bildirilirdi. Çünki Rusiyanın bu siyasi addımı ilə Qərbin sanksiyalarından çıxmaq istədiyi söylənilir. Bütün bu proseslərin fonunda Rusiyanın itkiləri və qazancları nədən ibarət oldu?

–         Rusiyanın siyasi rəhbərliyinin özü də bu suala birmənalı cavab verə bilməz. Çünki proseslər yeni çalarlarla zənginləşir. Bu mənada Rusiyanın yox, mövcud dünyanın siyasi sisteminin məlum proseslərin fonunda nə cür dəyişməsindən danışmaq daha  yaxşı olardı.



O cümlədən,  iyulun 17-də Niderlan-Malayziya təyyarəsinin vurulması ilə proseslər yeni bir mərhələyə keçdi…

–         Biz bu proseslərlə ikinci dünya müharibəsindən sonra qurulmuş və tədricən təkmilləşmiş siyasi sistemin erroziyasını görürük. Bu erroziya mövcud paktlar, sazişlərin çökməsində özündə ehtiva edir. Ukrayna-Rusiya münasibətlərində bu gedişatın bariz nümunəsini gördük. Həmin münasibətlər prosesləri daha da sürətləndirdi. Sualınızın konkretliyinə gəldikdə, Rusiya nə udub, nə də uduzub. Biri var Rusiya, biri də var siyasi elita, ikincilərin reytinqi qalxıb, ölkənin ictimai rəyi səfərbər olunub. Düzdür, müxalif olan qüvvələr var, amma onların səsi güclü eşidilmir. Kreml rəhbərliyi ənənəvi faktorlara stavka edərək, yəni şovinizm meyllərinə, fikirlərinə istinad edərək öz dəstəyini daha da gücləndirib. Bu fikirlər artıq Rusiyanın dövlət siyasətində təsiredici amilə çevrilib. Ola bilər ki, 3-5 ay, ya da 1 ildən sonra vəziyyət bir qədər dəyişəcək, söhbət Rusiyaya qarşı sanksiyaların nəticəsindən gedir. Yalnız o zaman bu ölkədə daxili proseslər dəyişəcək. Hazırda heç bir dəyişiklik müşahidə olunmur.



Siz konkret vaxt deyə bilərsinizmi?

–         Yəqin ki, 1 il ola bilər, ya da uzanar. Çünki Rusiyanın kifayət qədər ehtiyatları var, həm də İrandan fərqli olaraq Kreml dünya iqtisadi proseslərinə təsir göstərən ölkələrlə sıx əlaqəlidir. Bundan başqa, dediyiniz ötən həftəki sammit buna misal sayıla bilər. Düzdür, Qərbin sanksiyaları təsir edəcək, amma bu sanksiyaların təsiri güclü olmayacaq.



Amma 17 iyul faciəsindən sonra artıq Avropanın Rusiyaya münasibəti dəyişdi. Məsələn, Niderlandın baş naziri bildirdi ki, onlar Ukraynanın nələr çəkdiyini başa düşdülər. Bu, Avropa Birliyinin də Amerikanın ardınca Rusiyaya qarşı səfərbər olduğunu deməyə əsas verirmi?

–         Dəyişdimi? Son hadisələr bəzi Şərqi Avropa ölkələrinin Rusiyanın qaz sazişlərinə möhtac olduğunu göstərir. Baxmayaraq ki, onlar Avropa Birliyi tərəfindən təzyiqlərə məruz qalırlar, qaz sazişlərini imzalamaqda israrlıdırlar. Ona görə Avropanın Rusiyaya münasibətdə vahid mövqedə dayandığını demək olmaz. Rusiya isə yaranmış durumdan öz xeyrinə istifadə edir, ölkənin xarici siyasətində Avropanın parçalanması xətti müşahidə olunur.  Bugünlərdə Avropa Birliyinin yeni siyasi rəhbərliyi təyin olundu, sentyabr-oktyabr aylarında onlar fəaliyyətə başladıqlarından bəlkə Rusiyaya qarşı vahid mövqedən çıxış edəcəklərini söyləmək olar. Amma başqa bir problem də var, qarşıdan qış ayları gəlir, Qərb ölkələri, xüsusən Ukrayna donmamaq üçün Rusiya qazından asılı olur. Ona görə hadisələrin necə cərəyan edəcəyi barədə birmənalı heç nə demək olmur.



Bəs BRÇHC Sammiti Beynəlxalq Valyuta Fonduna (BVF) qarşı əməli mövqe qoya biləcəkmi?

–         BFV-nin nizamlanma kapitalı 750 milyard dollardır, yeni yaranmaqda olan qurumun nizamlanma kapitalı 100-200 milyard dollar civarındadır. Ən əsası hələ struktur yaranmayıb və kapital da ortalıqda yoxdur.  Heç olmasa, 2 il ötsün ki, BRÇHC-nin bankı işləyə bilsin. Ona görə yaxın 1-2 ildə BRÇHC-dən dünya maliyyə sisteminə önəmli təsir gözləmirəm. Amma tədricən qurum məhkəmlənə bilər, yəni qlobal bank kimi fəaliyyətə başlaya bilər. BVF-dan savayı Asiya İnkişaf Bankı da var ki, regional səciyyə daşıyır, BRÇHC ola bilər ki, regional bank səviyyəsində qalsın.



17 iyul faciəsi Rusiyanın Ukrayna hadisələrində mövqeyinə təsir göstərəcəkmi? O mənada ki, Kremlin separatçıları bütün vasitələrlə dəstəkləməsi sirr deyildi, təyyarəni vuran sistemi də Moskvanın verdiyi təsdiqlənir…

–         Bu, birmənalı olaraq belədir. Ruslar özləri də desə ki, belə deyil, heç dediklərinə də inanmırlar. Bəli, Rusiya böhrandan çıxmaq istəyir, artıq mövcud böhran ona lazım deyil, çünki sərf etmir. Sadəcə, Rusiya simasını itirməmək şərtilə Ukrayna böhranından çıxmaq istəyir.



Amma hərbi-sənaye kompleksinin Putinə vəziyyətdən çıxmağa imkan vermədiyi bildirilir…

–         Mən inanmıram. Çünki Rusiyanın hərbi-sənaye elitası bir o qədər də güclü deyil və vahid siyasi mövqedən heç vaxt çıxış etməyib. Bax, sabiq müdafiə naziri Serdykovun həbsi onu göstərir ki, Kremlin hərbi elitayla bacarmaq imkanı var. Hərbi elitanın nümayəndəsi olmayan Şoyqunu müdafiə nazir təyin etmək o deməkdir ki, proseslər siz deyən tərzdə getmir. Yəni hərbi elitanın Kremlə birbaşa təsirindən danışmaq olmaz. Əlbəttə, vəziyyətin bu cür inkişafını istəməyənlər də var, amma onların təsiri bir o qədər də güclü deyil.



O zaman Rusiya hansı simayla vəziyyətdən çıxacaq, separatçılara dəstəkdən imtina edəcək, yoxsa…?

–          Məhz ona görə də Rusiya separatçıların Ukrayna daxili konstitusion prosesə qoşulmasını istəyir. Və artıq separatçı kimi yox, ölkədaxili siyasi proseslərin iştirakçılarına çevrilsin. Düzdür, mən separatçıların içində prosesə konstruktiv mövqedən qoşula biləcək adam görmürəm. Ukraynada Putinə yaxın olan Medveçuk soyadlı siyasətçi var, onun proseslərə kifayət qədər təsiri var. Rusiya istəsə, onu siyasi fiqura çevirə bilər və Regionlar Partiyası-2 çərçivəsində hansısa layihə hazırlamaq imkanı var. Yəni konstitision reformalara qoşula bilərlər. Amma hazırda Ukraynanın yeni hakimiyyəti konstitision reformaların inkişafını istəmir.



Söhbət Ukraynanın federallaşmasından gedir?

–         Bəli, Poroşenko hakimiyyəti ölkənin federallaşmasında maraqlı deyil. Düzdür, Ukraynanın federallaşması ilə bağlı Avropa Birliyinin siyasi simaları arasında müxtəlif fikirlər səslənirdi və təklifi dəstəkləyənlər də vardı. Rusiya da Avropa siyasətçilərinin də bu prosesə qoşulmasını istəyir, yəni Kiyevə təsir etsinlər ki, federallaşmaya doğru addım atılsın.



Yekuna gələk, Azərbaycan mövcud vəziyyətdən Dağlıq Qarabağın ədalətli həlli üçün necə faydalana bilər?

–         Azərbaycan üçün baş verənlər birmənalı olaraq təcrübə olduğundan onu analiz edib öyrənmək lazımdır. Amma faydalanmağa gəlincə, bu barədə danışa bilmərəm. Çünki Ukrayna Qərblə Rusiya arasında bir sərhəddir və bu sərhəd ətrafında proseslər gedir. Təbii sərhəd olduğundan tektonik proseslər Ukraynanın üzərində baş verir. Azərbaycan həmin tektonik proseslərdən bir az kənar qalıb və özünü Qərblə Rusiya arasında sərhəd kimi görmək istəmir. Biz bu oyunlara qoşulsaq, yaxşı heç nə gözlənilmir. Çünki sərhəddə olanlar müharibənin qurbanına çevrilirlər.

Ana səhifəVideoRusiya simasını itirməmək şərtilə Ukrayna böhranından çıxmaq istəyir