Rövşən Ağayev: Hökumətin pambıqla bağlı gözləntisi reallaşmayacaq


”Bütün dünyada iqlimlə bağlı təsərrüfatlar ziyan çəkir, heç bir ölkə də bunu öz ziyanı kimi hesablamır, daha çox fermerin ziyanı sayır”



Son günlər Azərbaycanda hava şəraitinin sərtləşməsi, paytaxtda və rayonlarda yağışların intensiv xarakter alması sel daşqınlarıyla müşahidə olundu. Yaranmış vəziyyət kənd təsərrüfatına ziyan verməklə bərabər insanaların qayğılarını da artırdı. Xüsusilə evlərə qaz verilməsindəki problemlər adiləşməyə başladı. İqtisadçı Rövşən Ağayevlə söhbətimizdə yaranmış durumun səbəblərini açmağa çalışdıq.



Rövşən bəy, son bir həftədə Beyləqan, Cəlilabad, Goranboy, Masallı, Lerik və digər rayonlarda sel daşqınları nəticəsində fermer təsərrüfatına və iaşə obyeklərinə ciddi ziyan dəyib. Sual yaranır; son 13 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç proqram qəbul edilib. Proqramların icrası necə olub ki, havalar sərtləşən kimi böhranlı durum yaranır?

– Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafıyla bağlı proqramların icra olunduğu dövrdə çox böyük investisiyaların qoyulması barədə statistik məlumatlar var. Bu məlumatların nə dərəcədə real olduğunu kənara qoyuram, amma rəsmi statistikaya istinad etsək, regionların inkişafı ilə bağlı proqramların icra edildiyi son 13 ildə ölkənin bölgələrinə 25 milyard dollara qədər investisiya qoyulub. Bura təhsil, səhiyyə sektoruna, melorasiya, içməli su, qaz, elektrik və yol təsərrüfatının qurulmasına, turizm obyektlərinin inşasına qədər bütün istiqamətlər üzrə sərmayələr daxildir. Söhbət kifayət qədər həcmli bir vəsaitdən gedir. Amma bir neçə vacib məqam var ki, deyilməlidir. Birinci, Azərbaycanda proqram əsaslı büdcələşmə, xərcləmə yoxdur. Biz regionların sosial-iqtisadi inkişafına, əyalətlərdə hər bir sahəyə nə qədər xərcləndiyi barədə detallı məlumatlar əldə edə bilmirik. İldə bir dəfə İqtisadi İnkişaf Nazirliyi “Regionların sosial-iqtisadi inkişafı” proqramının icrasına dair illik hesabat hazırlayır və orada çox ümumi şəkildə hansı işlərin görüldüyü sadalanır. Amma bu hesabat keyfiyyət hesabatı deyil. Dünyada buna nəticə hesabatı deyirlər. Proqram çərçivəsində öhdəlik olaraq hər bir rayon üzrə hansı problemlərin həlli nəzərdə tutulmuşdu, nələr edildi və insanların həyatında, regionların iqtisadiyyatında hansı keyfiyyət dəyişikliləri baş verdi, bunlar qeyd olunmalıdır. Məsələn, tutaq ki, 2004-cü ilə qədər kənd əhalisinin neçə fazinin mərkəzləşdirilmiş su təminatına çıxışı vardı, 2016-cı ildə bu rəqəm neçədir? Yaxud 2004-cü ildə əyalətlərdə yaşayan ev təsərrüfatlarının hansı hissəsinin qaza təminatı vardı, bu gün həmin göstərici necədir? 10 il öncə regionlarda neçə faiz ev təsərrüfatının 24 saat elektirk təminatı vardı, hazırda vəziyyət necədi? Bu yanaşma keyfiyyət hesabatı adlanır.

Keyfiyyət hesabatı vermək üçün əvvəlcədən proqramın özü də keyfiyyət göstəriciləri əsasında hazırlanmalıdır. Təəssüf ki, hər üç proqramda keyfiyyət göstəriciləri yoxdur. Bunun üçün hökumət Gürcüstan və ya Türkiyədə olduğu kimi hər bir iqtisadi rayon üzrə ayrıca sosial-iqtisadi inkişaf proqramı hazırlamalı, hər bir region üzrə ayrıca hesabatlılıq olmalıdır. Tutaq ki, hökumət Cəlilabad, Lerik üzrə hansı öhdəlikləri götürür, hansı problem var, onu dəqiqi sadalayır və 5 ilə bu iş görüləcək, nəticəsi də belə olacaq. Misal üçün, torpaqların sağlamlaşdırılması ilə bağlı filan qədər xərc çəkiləcək, bu qədər torpaq əlavə dövriyyəyə cəlb olunacaq, məhsuldarlıq filan qədər atacaq. Bundan əlavə, 5 ildən bir prezidentin iştirakıyla beş illik təqdimat olur. Həmin proqramlarda keyfiyyət göstəriciləri yoxdur. Yəni, dediyim formada nə proqram tərtib olunur, nə də ona uyğun hesabat verilir.


– O zaman sualı fərqli qoyaq, müşahidələriniz sizə nə deyir?

– İlk əvvəl deyim ki, regionlarda vətəndaşların iştirakına və nəzarətinə əsaslanan idarəetmə yoxdur. Yəni vəsaitlər necə gəldi, xərclənir. Azərbaycanda regional proqramların effektiv olması üçün regional idarəetmə islahatları aparılmalıdır. Bundan əvvəl ehtiyaclılıq düzgün qiymətləndirilməlidir. Kəndlərdə yaşayan insanların ehtiyacları, problemləri birbaşa özlərindən öyrənilməldir. İcra hakimiyyəti başçıları öz otaqlarında problem siyahısı hazırlayıb yuxarı göndərməməlidir. Dünya təcrübəsində bu problemi həll etmək üçün vətəndaş iştirakçılığına əsaslanan idarəetmə yaradılır. Azərbaycanda bu yoxdur. Müşahidə göstərir ki, faktiki olaraq regional proqramların hazırlanması və icrası üçün sərf olunan vəsaitlər mərkəzləşmiş qaydada və yerli icra hakimiyyətlərinin baxışı əsasında həyata keçirilir. Vəsaitlər necə gəldi ayrılır, onların icrasıyla bağlı ciddi nəzarət olmur. Məsələn, Beyləqanda bir kənd qrunt sularından ciddi əziyyət çəkir, 10 ildir kənd suyun altındadır, 2 il əvvəl dövlət büdcəsindən 1 milyon vəsait ayrılsa da, effektiv xərclənmədi və ictimai nəzarət olmadığından infrastruktur keyfiyyətsiz quruldu. Və kənd yenə də suyun içindədir. Bax, bu canlı şahidi olduğum bir faktdır. Yaxud məktəblər tikilir, külək olan kimi damı uçur. Çayların qarşısında bənd vurulur, çox da güclü olmayan sel bəndləri dərhal yuyub aparır


– Bütün baş verənlər göstərmirmi ki, keyfiyyətli iş yoxdur və mənimsəmə var?

– Keyfiyyətli iş üçün ciddi şəkildə ictimai iştirakçılığa, vətəndaş nəzarətinə əsaslanan regional idarəetmə qurulmalıdır. Xəstənin diaqnozu düzgün qoyulmayanda müalicəsi səhv gedir, nəticədə pasient ölür. Diaqnoz odur ki, Azərbaycanda keyfiyyətli regional inkişaf proqramları hazırlanmır, hesabatlılıq keyfiyyətli deyil. Amma daha fundamental problem odur ki, proqramı icra edən strukturlar vətəndaş nəzarətinə əsaslanmır və onun səsi ilə qurulmur. Tam mərkəzləşmiş qaydada hökm sürən bu idarəetmə şəraitində başqa cür mümkün deyil. Nəticə belə də olmalıydı. Hətta indi Cinayət Məcəlləsi sərtləşdirilir, büdcə vəsaitlərini yayındıranların cəzası ağırlaşdırılır. Əmin edirəm ki, hətta güllələnmə hökmü çıxarılsa da, situasiya yenə dəyişməyəcək. Çünki problemin həlli qanunvericilikdə olan cəzaların sərt olub-olmamasıyla yox, idarəetmə mexanizmlərinin düzgün qurulmamasıyla bağlıdır. Sadəcə, sanksiyaların gücləndirilməsi əvəzinə idarəetmə mexanizmlərini yüngül dəyişirsən və problemlər ardıcıl olaraq aradan qalxır. Bunun yolu yerli səviyyədə bələdiyyələrin və yerli özünüidarənin digər formalarının ciddi şəkildə qurulmasından keçir. Vəsaitləri insanlar yerli büdcələr vasitəsilə xərcləməlidir. Vətəndaş bilməlidir ki, vurulacaq bəndə nə qədər vəsait xərclənəcək. Yəni vətəndaşların iştirakıyla tender elan olunmalıdır, vətəndaş şirkəti tanıyır və nəzarət edir. Nə qədər ki, bu mexanizmlər qurulmayıb çoxlu pulların xərclənməsi barədə hesabat veriləcək, amma regionların infrastrukturunun hansı səviyyədə olmasını adi təbiət hadisələrində görəcəyik. Bir daha deyirəm, işlərin keyfiyyətli qurulmaması idarəetmə mexanizmlərinin vətəndaş iştirakına əsaslanmamasıdır.


– Bilirsiniz ki, hansısa rayona, kəndə qaz veriləndə, rəsmi mətbuat bunu nümayişkəranə şəkildə təqdim edir. Ancaq son günlər əksər yaşayış yerlərində qazın verilməməsi bildirilir. Bu barədə nə deyə bilərsiniz?

– Belə layihələr siyasi təbliğat üçün istifadə olunur. Yenə gəlib idarəetmə problemlərinə dirənirik, idarəetmənin vətəndaş qarşısında hesabatlılığı, məsuliyyəti olmayanda insanları rahat şəkildə aldada bilirlər. Dəfələrlə söhbət olub ki, ölkə başçısı rayonların birinə gedib, belə söhbətlər gəzib ki, həmin vaxt qaz xətti hazır olmadığından qaz balonu vasitəsilə açılışı ediblər. İndi bilmirəm, bu barədə danışılanlar doğrudur, yoxsa lətifə. Ancaq düzgün hesabat verməyən icra hakimiyyətlərindən bundan artığını gözləməyin. Qaz məsələsinə gəldikdə, problem bu il daha çox hiss olunmağa başladı, xüsusən də Bakıda. Məsələ ciddi şəkildə araşdırılmalıdır, çünki iş düzgün təşkil olunsa, Azərbaycanın qaz ehtiyatı tələbatı ödəməyə imkan verir.


– Həmkarınız Natiq Cəfərli son həftələr yaranan qaz problemini hökumətin xarici qaz öhdəlikləriylə bağlayır, bölüşürsünüzmü onun fikirlərini?

– Bu barədə danışmağa çətinlik çəkirəm, çünki öhdəliklərimiz müqavilələrlə dəqiq məlumdur və bp də Azərbaycana səmt qazı vasitəsilə xeyli qaz kütləsi verir. İl ərzində sırf ev təsərrüfatlarının tələbatı üçün təxminən 3 milyard kubmetr qaz lazımdır. Məncə, bu həcmi təmin etmək Azərbaycan hökuməti üçün problem olmamalıdır, çünki rəsmi statistikaya inansaq, bizə çatan qaz həcmi illik 10 milyard kubmetrdən az deyil. Yenə rəsmi statistikaya gorə, bundan 5-6 milyard kubmetri də sənayenin ehtiyaclarına getsə, ciddi problem olmamalıdır -yenə deyirəm, ən azı bu məsələdə rəsmi statistika səhihdirsə. Düşünürəm ki, bu məsələdə təsərrüfatsızlıq var, işlər düzgün təşkil olunmur, infrastruktur problemləri də yetərincədir. Bu il hava tez soyudu, oktyabr əvvəlki illərdən soyuq oldu, bəlkə hökumət düzgün hesablamadı və təsərrüfatsızlıq özünü göstərdi.


– Nəhayət, yekuna gələk, yağışların yağması pambıq və digər təsərrüfat sahələrinə hansı ziyanı verəcək?

– Yəqin ki, hökumət tərəfindən dəyərləndirmə olacaq.



Hökumət itkiləri açıqlayacaqmı?

– Ən azından insanlarla ünsiyyət vasitəsilə ayrı-ayrı rayonlarda miqyası təsəvvür edə biləcəyik. Amma reallıq odur ki, hökumətin pambıqla bağlı gözləntisi xeyli itkiyə məruz qalacaq. Bu il üçün 100 min tona yaxın pambıq gözləyirdilər. Amma gələn məlumatlar göstərir ki, ən yaxşı halda bunun yarısını da yığa bilməyəcəklər. Meyvə-tərəvəz təsərrüfatlarına ciddi ziyan dəydi. Əsas pambıq və meyvə-tərəvəz təsərraftları ziyan çəkdi. Məsələ yalnız ölkənin ziyan çəkməyində yox, təsərrüfatların ziyan çəkməyindədir. Bütün dünyada iqlimlə bağlı təsərrüfatlar ziyan çəkir, heç bir ölkə də bunu öz ziyanı kimi hesablamır, daha çox fermerin ziyanı sayır. Bizdə problem kənd təsərrüfatının sığorta sisteminin işləməməsidir, fermerlər tam müdafiəsiz şəkildədir. Fermerlər bazarla bərabər təbiətin qarşısında müdafiəsiz, sığortasız qalıb. Təbii fəlakət kəndlinin gözləmədiyi hadisədir, amma onun dəydiyi ziyana görə heç bir sığortası yoxdur. Ziyanı da özləri aradan qaldırır. Ona görə də təbii fəlakətdən danışarkən hökumətin yox, ayrı-ayrı fermer təsərrüfatlarının ziyanlarından danışmaq lazımdır. Çünki fermerlər çox böyük ziyana düşdülər.

Ana səhifəVideoRövşən Ağayev: Hökumətin pambıqla bağlı gözləntisi reallaşmayacaq