”Rəsmi Bakının susqunluq nümayiş etdirməsi anlaşılmır”


Cəsur Sümərinli: ”Mənasız silahlanma yarışını davam etdirmək yalnız Rusiya Hərbi Sənaye Kompleksinin maraqlarına işləyir”



Rusiya Ermənistana müasir silah və hərbi texnika almaq üçün 100 mln. dollarlıq yeni kredit ayıracaq. Ermənistan hakimiyyəti oktyabrın 12-də kredit sazişini təsdiq edib, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.



Sazişə əsasən, kredit 20 illik veriləcək, bunun 5 ili illik 3 faiz imtiyazlı olacaq. Ermənistan sazişin ümumi dəyərinin 10 faizi ölçüsündə krediti maliyyələşdirməli olacaq.



Ermənistan Müdafiə Nazirliyi və “Rosoboroneksport” silahların və hərbi texnikanın tədarükü, habelə onlara xidmət qaydaları, müddəti haqqında ayrıca sazişlər imzalayacaqlar.



Ermənistan tərəfi bu kreditdən 2018-2022-ci illərdə istifadə edəcək.



2015-ci ildə Ermənistan ümumi məbləği 200 mln. dollar olan Rusiya silahının alınması üçün ixrac krediti alıb. Bu sazişlə Ermənistana “Smerç” raket sistemləri, “İqla-S” daşınan raketlər, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOS-1A odsaçan sistemlər, tank əleyhinə “Konkurs-M” kompleksinə idarə olunan 9M113M raketləri və s. göndərilmişdi.



Aparılan siyasətin Azərbaycana üçün hansı təhlükələr doğuracağı və digər suallarımızı “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinliyə ünvanladıq.


– Cəsur bəy, alınan silahlar Qarabağ konfliktində qüvvələr balansını dəyişirmi?

– Əlbəttə, həmişə olduğu kimi Rusiya Azərbaycan və Ermənistan münaqişəsində hərbi qüvvələr balansını Yerevanın xeyrinə dəyişdirməyə çalışır. 2008-ci ildən başlanan siyasət nəticəsində Rusiya Müdafiə Nazirliyi Ermənistana ümumi dəyəri milyard dollarlarla olan silah və hərbi texnikalar göndərib və bu proses indinin özündə də davam edir.

Ermənistanın Rusiyadan yeni silahlar almaq üçün daha 100 milyonluq kredit götürməsi haqda saziş Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından üç vacib sual yaradır:


Birincisi

, Rusiya Ermənistanı gücləndirir və beləliklə, bu, Ermənistanı işğal etdiyi torpaqları azad etməməyə və eyni zamanda Azərbaycandan daha ciddi şəkildə müdafiə olunmasına hesablanıbmı?


İkincisi

, həmin vəsaitlə əldə edilən silah və hərbi texnika Azərbaycanın işğal altında olan ərazilərinə göndəriləcəkmi?


Üçüncüsü

, Rusiyanın Azərbaycanın hər hansı formada tərəfdaşı olması ilə bağlı rəsmi Moskva və Bakının birgə bəyanatları nə dərəcədə ciddidir? Sözsüz ki, bu suallar ilk növbədə Azərbaycan hakimiyyətinə ünvanlanıb və aydın görünür ki, rəsmi Bakının Rusiyaya yönəlik siyasəti baş verənlərdən dolayi sərtləşmək əvəzinə, getdikcə yümşalır və bununla da Azərbaycanın milli təhlükəsizlik maraqlarına daha zidd xarakter daşıyır. Maraqlısı budur ki, rəsmi Bakı bu kimi halları sanki görmür, “gözlərini qapayıb” səssiscə durur.

Apardığımız araşdırmalardan da görünür ki, Ermənistanın bu şəkildə silahlanması cəbhə xəttində Azərbaycan – Ermənistan qüvvələr balansında ciddi dəyişikliklər yaradır və bu, heç də Bakının xeyrinə olan dəyişikliklər deyil.


– Sizcə, bu iki ölkə – Azərbaycan və Ermənistan arasında silahlanma yarışına diqqət yetirsək, hansı mənzərənin şahidi oluruq?

– Əvvəla, neft gəlirləri hesabına Azərbaycan 2010-cu ildən bu yana orta hesabla 9 milyard manatdan artıq həcmdə silah və hərbi sursat alıb. Bu, Azərbaycan manatının devalvasiyadan əvvəl və sonrakı kursunu nəzərə alsaq, dollarla nisbətdə təxminən 6,5 milyard dollarlıq vəsaitdir. Azərbaycan əsasən Rusiyadan, daha sonra isə İsraildən silah və hərbi texnika alıb, az miqdarda isə Ukrayna, Belarus, Çexiya, Gürcüstan, Türkiyədən hərbi silah və texnika idxal edib və proses hazırda da davam edir. Nəzərə almaq lazımdır ki, bu, Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük məbləğdir və ayrılan vəsaitlərin nə dərəcədə effektiv xərclənməsi, korrupsiya, vəsaitlərin şişirdilməsi ayrı söhbətin mövzusudur. Amma belə bir vəziyyətdə rəsmi məlumatlardan da görünür ki, Ermənistan da silahlanmadan geri qalmayıb və bu istiqamətdə onun əsas dəstəkçisi Rusiya olub.


– Bəs ötən dövrdə Rusiya və Ermənistan arasında hansı hərbi əməkdaşlıq prosesləri baş verib?

– Xatırladım ki, Ermənistan 1992-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. İkinci, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı 1997-ci il avqustun 27-də imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı müdafiə barədə” sazişlə tənzimlənir. Yeri gəlmişkən qeyd edim ki, Rusiyanın 2010-cu ildə qəbul etdiyi Hərbi Doktrinanın 21-ci maddəsində bildirilir ki, Rusiya Federasiyası KTMT-yə üzv olan dövlətə silahlı basqına bütün KTMT-yə təcavüz kimi baxır və bu zaman kollektiv təhlükəsizlik müqaviləsinə uyğun olaraq tədbirlər görəcək. Bu maddə Rusiya və Ermənistan arasındakı hərbi əməkdaşlığın əsas ana xəttini təşkil edir.

Sualınızın məğzinə gəldikdə, iki ölkə arasında intensiv hərbi əməkdaşlıq prosesi 2008-ci ildən start götürüb. Düzdür, buna qədər olan dövrdə, məsələn, 1997-ci ildə Rusiyanın əvəzsiz olaraq Ermənistana 1 milyard dollarlıq silah və texnika ötürməsi barədə məlumatlar yayılmışdı. Amma rəsmi olaraq  Ermənistan KTMT-yə üzv ölkə kimi, 2008-ci ildən Rusiya silahı və texnikasını Rusiyanın daxili qiymətlərilə alır. Bunun nəticəsində hərbi mənbələrin məlumatına görə, 2008-2017-ci illər arasında Ermənistan Rusiyadan güzəştli qiymətlərlə ümumi real dəyəri 3 milyard dollardan artıq olan hərbi texnika və silah-sursat alıb. 2016-cı ilin sentyabrında müstəqilliyin 25 illiyi münasibətilə Yerevanda keçirilən hərbi paradda Rusiyadan alınan müasir silah növləri nümayiş etdirilib ki, onlar arasında “İsgəndər” tipli raket kompleksi diqqəti cəlb edib. Ehtimalla Rusiya müttəfiqi olan Ermənistana bu sistemi güzəştli qiymətlə verib.

İki ölkə arasında ən ciddi hərbi əməkdaşlıq müqavilələrindən biri 2010-cu ildə imzalanıb. Məhz həmin müqavilə ilə Rusiya Ermənistandakı hərbi iştirakını, 102 saylı hərbi bazanın icarə müddətini 2049-cu ilə qədər uzatdı. Bu səbəblə imzalanmış sənəd Rusiyanın üzərinə  Ermənistanın hərbi cəhətdən güclənməsinə yönəlik 3 öhdəlik qoyurdu: birincisi, Rusiya Ermənistan Silahlı Qüvvələrini muasir silah və hərbi texnika ilə təchiz edəcək, ikincisi, Moskva Ermənistan ordusunda istifadə olunan texnikanı təmir edəcək və üçüncüsü, erməni zabitlərinin Rusiyanın hərbi məktəblərində təhsil alınması təmin ediləcək.



Bəs bütün bunlar Rusiyanın üzv olduğu, yaxud imzaladığı beynəlxalq sənədlərə zidd deyil?

– Məsələ ondadır ki, xaricdəki hərbi baza və obyektlərinin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi Rusiyanın rəsmi proqnozlar sisteminin əks olunduğu Hərbi Doktrinada da əksini tapır. Sənədin 34-cü maddəsinin “z” bəndində bildirilir ki, RF-nin beynəlxalq müqavilələrinə və federal qanunvericiliyə uyğun olaraq Silahlı Qüvvələrin və digər qoşunların, o cümlədən RF ərazisindən kənarda olanların dislokasiya (yerləşmə) sisteminin təkmilləşməsi SQ-in və digər qoşunların quruculuğu və inkişafının əsas vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan yollardan biridir. 102 saylı hərbi baza ilə bağlı imzalanmış müqavilənin yaratdığı əməkdaşlıq çərçivəsi nəticəsində – 2016-cı ilin fevralında Rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzaladılar. 10 il müddətinə verilən vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb.

2016-cı ilin 30 iyununda Ermənistan parlamenti Rusiya ilə regional hava hücumundan müdafiə sistemi yaratmaq haqqında sazişi ratifikasiya etdi ki, bu, Azərbaycan üçün əsas ciddi təhlükə hesab edilə bilərdi. Məlumatlara görə, Birləşmiş HHM sistemi haqqında müqavilə Ermənistana Rusiyanın qırıcı təyyarələri, S-300 sistemi və RF Hərbi-Kosmik Qüvvələrinin kəşfiyyat məlumatlarından istifadə etməyə imkan verir. Qafqazda birgə regional HHM sistemi yaratmaq haqqında razılaşmanı Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan 2015-ci ilin sonunda imzalamışdılar. Razılaşma 5 il müddətinə hava hücumundan vahid müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Bunun ardınca 2017-ci ilin 27 iyulunda Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşunların yaradılması barədə razılaşmanı ratifikasiya etdi. Sözügedən razılaşma 2016-ci ilin noyabrında Moskvada əldə edilmişdi. Birgə qoşun qruplaşmasına hazırda Ermənistan ərazisində mənzillənən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxildir.

Və ən nəhayət, bu ilin 12 oktyabrında Ermənistan hökuməti Rusiya ilə kredit razılaşmasını təsdiqlədi. Razılaşmaya görə, Rusiya müasir silahlar almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verəcək. Bu kredit 20 il ərzində veriləcək ki, bunun 5 ili güzəştli qaydada illik 3 faiz olacaq. Ermənistanla Rusiya arasındakı kredit razılaşması əsasında tərəflər silahların göndərilməsinin vaxtı, qaydası, hərbi texnikalar və xidmət qaydaları barədə ayrıca müqavilələr imzalayacaqlar. Ermənistan tərəfi kreditdən 2018-2022-ci illər arası istifadə edəcək.

Aşkar görünür ki, Rusiya Ermənistanı ciddi şəkildə silahlandırır və bu prosesin yaxın perspektivdə daha da intensivləşəcəyi gözlənilir. Onu da qeyd edim ki, Rusiyadan Ermənistana göndərilən silah və hərbi texnikanın ciddi bir hissəsinin Azərbaycanın işğal altında olan ərazilərinə göndərildiyi şübhə doğurmur. Təəssüf doğuran hal ondan ibarətdir ki, rəsmi Bakının bununla bağlı ortada hər hansı ciddi bəyanatı, tələbi, addımları yoxdur.


– Sizcə, Ermənistanın Rusiyadan aldığı kreditlər ordunu modernləşdirmək üçün bəs edə bilərmi? Bu, Azərbaycanı xaricdən daha çox silah almağa, silahlanma yarışının sürətlənməsinə təsir edəcəkmi?

– Düşünmürəm ki, Rusiyadan alınan silah və hərbi texnikanın mövcud durumu erməni ordusunun sözün əsl mənasında modernləşdirilməsinə gətirib çıxarsın. Alınan silah və hərbi texnikanın nə dərəcədə keyfiyyətli, işlək, modern olması ilə bağlı çoxsaylı suallar var. Eyni zamanda Ermənistan ordusunun çox ciddi şəkildə şəxsi heyətin çatışmazlığı problemi var. Problemlər çoxsaylıdır. Beləliklə, təkcə silah almaqla ordunun modernləşdirilməsini iddia etmək absurddur. Ordu quruculuğu kompleks yanaşma tələb edir və bu baxımdan Rusiyadan alınan silah və hərbi texnikanın ümumi strateji anlamda Ermənistan ordusunun modernləşməsinə gətirib çıxarması barədə iddiaları əsaslı hesab etmirəm.

Lakin, fakt ortadadır ki, baş verən proseslər, Ermənistanın silahlanması Azərbaycanın milli təhlükəsizlik maraqlarının əleyhinə işləyir və belə bir vəziyyətdə rəsmi Bakının susqunluq nümayiş etdirməsi anlaşılmır.


– Sual sizə aid olmasa da, ehtimal şəklində deyə bilərsinizmi, Bakı nə etməlidir,  silahlanma yarışını öz tərəfindən sürətləndirməlidir, yoxsa başqa variantlar var?

– Hesab edirəm ki, hazırkı vəziyyətdə Azərbaycanın maliyyə imkanları əvvəlki ilə müqayisədə ciddi məbləğdə silah və hərbi texnika almağa imkan vermir. Azərbaycanda ordu quruculuğunun vəziyyəti hazırda ciddi tənqid obyektidir. Ciddi sosial problemlər, kadr problemləri, korrupsiya və s. mövcuddur. Belə bir vəziyyətdə mənasız silahlanma yarışını davam etdirmək, sözsüz ki, yalnız Rusiya Hərbi Sənaye Kompleksinin maraqlarına işləyir.

Düşünürəm ki, Rusiyanın Ermənistanı intensiv silahlandırması ilə bağlı durumda rəsmi Bakının təcili həll etməli olduğu məsələlər ortaya çıxıb:



birincisi

, Azərbaycan hakimiyyəti məsələ ilə bağlı təcili olaraq Moskvadan izahat tələb etməli, Rusiya ilə əməkdaşlığının nə dərəcədə ikitərəfli maraqlara cavab verməsini aydınlaşdırmalıdır;



ikincisi

, ATƏT-in Minsk Qrupunin digər həmsədrləri məsələ ilə bağlı məlumatlandırılmalı, Rusiyanın Ermənistanla sıx hərbi əməkdaşlığının (silahların işğal altında olan ərazilərə göndərilməsi səbəbindən) Rusiyanın Minsk Qrupunun həmsədri kimi tərəfsizliyinə ciddi şübhə saldığı bəyan edilməlidir.



üçüncüsü

, problemin Avropada Adi Silahlı Qüvvələr Haqqında Saziş iştirakçılarının iclasının gündəliyinə salınması üçün cəhdlər göstərilməlidir. Rusiyanın bu sazişdə iştirakını dayandırması bəllidir. Amma sözügedən iclasda Rusiyanın Cənubi Qafqazdakı separatçı bölgələri, o cümlədən də Azərbaycanın işğal altında olan torpaqlarında olan erməni hərbi birləşmələrini birbaşa və ya dolayısı ilə silahlandırması məsələsinin müzakirəsi strateji maraqlar baxımından faydalı olardı.



Müsahibəni aldı Natiq Cavadlı

Ana səhifəVideo”Rəsmi Bakının susqunluq nümayiş etdirməsi anlaşılmır”