Mehman Əliyev hesab edir ki, Rusiyanın “beşinci kolon”u hakimiyyətin bütün strukturlarında oturub
Hakimiyyətin mediaya, QHT-lərə qarşı apardığı təzyiq siyasəti həbslərsiz ötüşmür. Bu mənada “Zerkalo” qəzetinin Türkiyədə akkreditasiyadan keçmiş əməkdaşı Rauf Mirqədirovun həbsi ictimai-siyasi gündəmi zəbt edib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizdə bu durumu yaradan səbəblər və gözlənilən nəticələrə toxunmuşuq.
–
Mehman bəy, son 10 ildə Azərbaycanda bir sıra jurnalist həbslərini Milli Təhlükəsizlik Nazirliyi (MTN) həyata keçirib. 1993-2003-cü illərlə müqayisədə indi MTN-nin bu fəaliyyətdə məqsədi nədir?
– Dediyiniz illərdə mediaya təzyiqlər indiki səviyyədə deyildi. Bəli, təzyiqlər var idi və bunlar həbslərlə də nəticələnirdi. “Çeşmə” qəzetini xatırlada bilərəm, amma iqtisadi təzyiqlər, məhkəmələrdə iddiaların qaldırılması siyasəti 1998-ci ildən başlandı və bu, azad mətbuatın çökdürülməsinə hesablanmışdı.
–
Bu təzyiqlır senzura götürüləndən sonra başlamadımı?
– Senzura götürülməzdən əvvəl də var idi, amma senzura götürüləndən sonra münasibətlər daha da sərtləşdi. Bütün hallarda Azərbaycan jurnalistikasına təpkilər 2003-cü ildən başlandı, ardıcıl olaraq bu siyasət aparıldı və hazırda müstəqil media anlayışı yoxdur. Jurnalistin birinci prinsipi həqiqətə xidmətdir, Peşə Əxlaqı Kodeksində bu barədə yazılıb, əgər KİV-ə bu prinsipdən yanaşsaq, mətbuat real vəziyyəti əks etdirmir.
–
Bəs nəyi əks etdirir?
– Ölkədə çox uğurlu inkişaf, hər şey qaydasındadır, korrupsiya, inhisarçılıq yoxdur, ətrafda düşmənlər var, hamı birbaşa hakimiyyətin ətrafında birləşməlidir, heç kəs hakimiyyətə qarşı çıxış etməməlidir, yalnız indiki iqtidar ölkəni, xalqı xilas edə bilər-bu kimi fikirlər ictimaiyyətə təlqin olunur. Ancaq statistik məlumatlar əsasında durumu təhlil edəndə başqa mənzərə əks olunur, bunun əvəzində media iki avtomobilin toqquşması nəticəsində kiminsə yaralanması, yaxud ölməsini xüsusi qabardır.
–
Keçək detallara, jurnalist dövlət sirrinə malik ola bilərmi? Mən Rauf Mirqədirova qarşı irəli sürülən ittihamı nəzərdə tururam. Ondan əvvəl də Pərviz Həşimli silah qaçaqmalçılığında ittiham edilib…
– Əgər hansısa dövlət orqanı məxfi sayılan məlumatı ona ötürürsə, yaxud təsadüf nəticəsində əldə edirsə, o, belə sirrə malik ola bilər. Amma jurnalistin başqa yolla informasiya əldə etmək imkanları yoxdur.
–
Dövlət məmuru informasiyanı ötürürsə, məqsədli şəkildə bunu etmirmi?
– Məqsədlər də müxtəlif olur. Məsələn, dəqiq bilirəm ki, Azərbaycanda hakimiyyətdaxili qruplar arasında mübarizə var, bu qruplar bir-birinə qarşı mətbuata kompromatlar ötürürlər. O ki qaldı dövlət sirrinə aid informasiyaların ötürülməsinə, onu yalnız dövlətə qarşı çalışan məmur edə bilər. Düzdür, bu, açıq şəkildə edilmir, fərz edək ki, hansısa xarici dövlətin maraqlarına işlədiyindən müxtəlif yollarla mətbuata informasiyalar açıqlayır. Söhbət Rauf Mirqədirovdan gedirsə və onun əlində informasiya olubsa, o zaman ona bu informasiyanı kimin ötürdüyü bilinməlidir. Çünki Mirqədirov dövlət orqanlarında işləmir və 3 ildir xaricdədir. Yəni, məxfi deyilən informasiyanın ona kimin ötürdüyü araşdırılmalıdır, amma mən jurnalistin belə bir informasiyaya malik olduğuna inanmıram.
–
Ümumiyyətlə, hakimiyyətdaxili qruplar arasında qarşıdurma məsələsinin içində dövlət sirri varmı?
– Yox, bu, daha çox iqtisadi məsələdir. Düzdür, kommersiya tipli informasiyalar var, məmurların bir-birinə qarşı mətbuata ötürdüyü informasiyalar iqtisadi olduğundan bunun kommersiya sirrinə aidiyyatı yoxdur.
–
Hüquq-mühafizə orqanları Rauf Mirqədirovu Ermənistanda fəaliyyət göstərəm “Region” mərkəzinin rəhbəri Laura Baqdasaryana informasiya ötürməkdə ittiham edir. Amma Laura Baqdasaryan da, vəkil Fuad Ağayev də bu ittihamı rədd edir…
– Söhbət onların rədd etməsindən yox, Rauf Mirqədirovun niyə informasiya ötürməsindən gedir. İkinci, Rauf bəy hansı informasiyanı ötürüb? Yəqin ki, müstəntiq “bu istintaq sirridir” deyəcək, anlamıram, bəs nədən biləcəyik ki, jurnalist nəyi ötürüb?! Axı bu nə vaxtsa məlum olmalıdır.
–
O zaman jurnalistin həbsində “beşinci kolon” izi axtarılması barədə nə deyə bilərsiniz? Bu fikri işlədənlər onun anti-Rusiya yazılarına istinad edirlər…
– Rusiyanın “beşinci kolon”u hakimiyyətin bütün strukturlarında oturub. Onu niyə mətbuatda və QHT-lərdə axtarırlar? Bunlar Rusiyaya nə verə bilərlər? Bizim yazdıqlarımız da tənqididir, düzdür, müsbət tərəfini də deyirik. Amma Ukrayna hadisələri başlanandan sonra tənqidlərə üstünlük veririk. Bəs hökumətin bu barədə mövqeyi hardadır? Bəli, Ukraynanın ərazi bütövlüyünü tanıdılar, amma başqa mövqelər yoxdur. Başa düşürəm, qorxurlar, ancaq hakimiyyətdə adamlar var ki, Kremllə əlaqəlidir, bax, bu, daha çox təhlükəlidir.
–
Türkiyənin baş naziri Ərdoğanın Bakı səfərindən 2-3 gün sonra Rauf Mirqədirova akkreditasiyasının aprelin 23-də bitəcəyini deyiblər. Bu mənada jurnalistin həbsi Ərdoğanın Bakı səfəri ilə bağlı deyilmi?
– Raufun həbsində 4 dövlətin maraqları üst-üstə düşür, ola bilər İran beşinci dövlət olsun. Onun yazılarında Rusiya, konkret Putin tənqid olunub, ikinci, Türkiyə, Ərdoğan hökuməti tənqid edilib, həm də AKP hökuməti öz ölkəsində tənqidçi jurnalistikaya təzyiqini dayandırmır. Üçüncü, Mirqədirov Azərbaycan hakimiyyətini tənqid edirdi və onun Bakıdan getməsi də bununla bağlıydı. Qaldı Ermənistan, bu dövləti də güclü şəkildə tənqid edirdi. Rauf Azərbaycanda nadir jurnalistlərdən idi ki, Ermənistan ekspertləri ilə çox yüksək səviyyədə polemika aparırdı. Yəni, Azərbaycanın Qarabağ, regional təhlükəsizlik məsələlərində mövqeyini yaxşı izah edirdi. Onun rus dilini əla bilməsi auditoriyasını genişləndirmişdi, bir sözlə, Raufu təkcə Bakıda yox, Ermənistan və Rusiyada da oxuyurdular. Ona görə onu beynəlxalq konfranslara dəvət edir, xarici nəşrlər məqalələrini dərc edirdi. Bu mənada, o, peşəkar jurnalist idi. Elə buna görə Ermənistan Rauf Mirqədirov kimi peşəkarın sıradan çıxarılmasında maraqlıydı. Bütövlükdə yanaşdıqda adlarını çəkdiyim dövlətlər Rauf Mirqədirovun zərərsizləşməsində maraqlıydı.
–
Amma Azərbaycan hüquq-mühafizə orqanları onu Ermənistana cəsusluqda ittiham edir…
– Vaxtilə hakimiyyət Eynulla Fətullayevi də cəsusluqda ittiham edirdi, amma heç bir ittiham təsdiqini tapmadı. Hətta internetdə onun Xocalı ilə bağlı nələrsə yazdığını yaydılar, amma bunlar da təsdiqlənmədi. Bilirsiniz, çox şeylər deyilə bilər, gərək bunları təsdiqləyəsən. Mənim özümü də Ermənistanla bağlamağa çalışıblar, ən sadə bir şey-ermənilərə işləyir, amma təsdiqedici bir şey tapmırlar. Sual yaranır; ermənilərə necə və harda işləyir? Bax, buna təsdiqləyici cavab tapa bilmirlər. Ola bilsin ki, ilkin istintaq dövründə bu məsələ açıqlanmasın, amma 3 ay bitəndən sonra ictimaiyyətə açıqlama verilməlidir ki, ermənilərə necə işləyib? Bu məsələ şəffaf araşdırılmalıdır.
–
Şəffaf araşdırma aparılacağına inanırsınızmı?
– İnanmıram, hakimiyyət də şəffaf araşdırma aparılmasını istəməyəcək. Hilal Məmmədova da cəsusluq ittihamı irəli sürülmüşdü, amma sonra götürüldü. Mən onunla bağlı danışıq aparmışam.
–
Kiminlə?
– Bu məsələni açıqlamaq istəmirəm. O zaman dedim ki, göstərin faktları, əvvəl bu barədə çox danışsalar da, ortalığa bir şey qoya bilmədilər. İndi Raufla bağlı iş necə gedəcək, bilmirik. Amma cəmiyyət onun cəsusluğunun nədən ibarət olduğunu bilməlidir, əgər buna görə ittiham edirlərsə. Yenə deyirəm, mən inanmıram və çoxu da inanmır.
–
Hazırda mediaya qarşı aparılan bu repressiya siyasəti ilə bizi nə gözləyir?
– Yalnız mediaya yox, QHT-lərə, gənc fəallara, sosial şəbəkələrdə fəallıq göstərənlərə qarşı da siyasi təzyiq aparılır. Söhbət cəmiyyətin fəal və prinsipial kəsimindən gedir ki, məqsəd onları sıradan çıxartmaqdır.
–
Bu mənada hədəfdə hüquq müdafiəçisi Leyla Yunusdur?
– Leyla Yunus yox, hamı hədəfdədir. Məsələn, Salyanda Emin Məmmədov, Gəncədə Həsən müəllim, axı, bu insanlar siyasətlə məşğul olmurlar. Mən ayrı, siyasi bəyanatlar vermişəm, hökuməti həmişə tənqid etmişəm, fəalların müdafiəsi ilə bağlı aksiyalara qatılmışam. Bu mənada Həsən Hüseynli niyə həbs olunmalıdır? O ki siyasətlə yox, maarifçiliklə məşğul olub. Yaxud Emin Məmmədov ekologiyayla, tarixi abidələrin müdafiəsi ilə məşğul olub. Yəni, hökumət getdikcə yalnız siyasətlə məşğul olanlara yox, hər hansı sahədə fəallıq göstərənlərə də təzyiq göstərir.
–
Beynəlxalq təşkilatların hökumətin siyasətinə münasibəti qaneedicidirmi?
– Məhz beynəlxalq təşkilatların qeyri-prinspial mövqeyi getdikcə vəziyyəti pisləşdirib. İndiki cəmiyyət 90-cı illərdən fərqlidir, çünki o zaman belə təzyiqlər yox idi. Biri var cəmiyyət avtoritarizmdə yaşayıb sıxılmış vəziyyətdə indiki duruma çatsın, biri də var əks vəziyyət yaransın. Bu, o deməkdir ki, beynəlxalq qurumlar əsasən hökumətlə işləyiblər, indi də həmin siyasət aparılır və hökumətə çox yüksək səviyyədə qrantlar ayrılır. Məsələn, ASAN Xidməti beynəlxalq təşkilatların layihəsi olub. Amma bütövlükdə götürəndə beynəlxalq qurumların mediaya, vətəndaş cəmiyyətinə və partiyalara qeyri-prinsipial yanaşmasından hakimiyyət istifadə edərək, ictimai-siyasi fəallara basqıları ildən-ilə artırıb. Və nəticədə vətəndaş cəmiyyəti sıxılmış, təhlükəli durumdadır.
–
Bu gedişatın vətəndaş cəmiyyəti, media və ictimaiyyət üçün hansı nəticəsi olacaq?
– Vəziyyət getdikcə pisləşəcək. Hakimiyyət 2015-ci il parlament seçkilərinə qədər maksimal dərəcədə cəmiyyəti sıxacaq. Avropa Şurası Nazirlər Kabinetində Azərbaycanın sədrliyi hakimiyyət üçün müəyyən məsuliyyətlər yaradacaq. Hətta mən amnistiya gözləyirəm. Müəyyən vaxt vəziyyət bir az sabitləşəcək, amma sonra yenə təzyiqlər başlayacaq və seçkilərə qədər cəmiyyətə təzyiqləri gücləndirəcək. Ümumiyyətlə, Azərbaycanda prezident və parlament seçkiləri ərəfəsində təzyiq siyasəti güclənir. Bu da cəmiyyətin zəifliyindən və beynəlxalq aləmin qeyri-prinsipiallığından irəli gəlir.