“Ramella Allahverdiyeva məhkəməni prokurorluğun kənizinə çevirib”


Xədicə İsmayıl: “Qadın alverçilərinin öz qurbanlarının başına açdığı oyunlar Ramella Allahverdiyevanın Femidanın başına açdığı oyunların yanında heç nədir”

Avqustun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilib.

Proses başlayan kimi Xədicə İsmayıl hakim Ramella Allahverdiyevaya etiraz edib:

“Ramilla Allahverdiyevanın cinayət təqibində maraqlı olduğunu nəzərə alaraq ona etiraz verirəm. Buna bir neçə əsasım var. Bunlardan birincisi odur ki, Ramella Allahverdiyeva məhkəmədə tərəflərin bərabərliyi prinsipini pozur. Mənə məhkəməyə qədər cinayət işi materiallarının surətləri verilməmişdi. Mən məhkəmədə vəsatət qaldırandan sonra müəyyən qədər sənədlər verildi, ancaq onlar mənim vəsatətimdə göstərdiyim sənədlərin çox cüzi bir hissəsi idi.

İkincisi, hakim təqsirləndirilən şəxs kimi məni hədələdi. O, mənə 15 ilə qədər iş veriləcəyini dedi. Mən məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq dövlət ittihamçısının suallarını cavablandırmaqdan imtina etdim və bildirdim ki, məhkəmənin açıqlığı təmin olunana qədər sualları cavablandırmayacam. Həmin vaxt Ramella Allahverdiyeva mənə “bir az ciddi olun, sizi 15 ilə qədər həbs cəzası gözləyir”-dedi. Sonradan isə Ramella Allahverdiyeva belə izah edir ki, guya bunu qanunvericiliyin izahı konteksində bildirib.

Daha bir əsasım odur ki, Şahvələd Namazov, Çingiz Sultansoy dindirilərkən onlar ittihamı təkzib edən sənədləri – Azadlıq Radiosu ilə bağladıqları müqavilələri məhkəməyə təqdim etmək istədilər. Lakin məhkəmə həmin müqavilələri onlardan alıb işə daxil etməkdən imtina etdi.

Növbəti əsasım odur ki, indiyədək müdafiə tərəfin verdiyi vəsatətlərdən heç biri təmin edilməyib. Əlavə şəxs qismində dindirilməsini istədiyim şəxslər var idi. Lakin onların dindirilməsindən imtina edildi. Halbuki onların ifadələri həqiqətin üzə çıxarılması baxımından çox əhəmiyyətli idi.

Tural Mustafayevin özünün 3 may 2015-ci il tarixdə youtube kanalına yerləşdirdiyi videomaterialın və 3 avqustda “Yeni Müsavat” qəzetinə veridyi müsahibənin sübutlar siyahısına daxil edilməsini istədik. Lakin onu da təmin etmədilər. Halbuki video-müraciətlə bağlı qaldırdığımız vəsatəti Tural Mustafayevin özü də müdafiə etmişdi.

Mənim müdafiəçilərim Tural Mustafayevin özünü zərərçəkmiş hesab etmədiyini nəzərə alaraq, onun zərərçəkmiş statusuna xitam verilməsinə dair vəsatət qaldırdılar. Həmin vəsatəti Tural Mustafayevin özü də müdafiə etmişdi. Lakin o vəsatət də qəbul edilmədi. Bundan başqa, vəkillərimlə görüşməyim üçün imkan yaraılmır. Hər gün məhkəmə prosesi keçirməklə mənim faktiki vəkillərlə məsləhətləşmək hüququm pozulur. Məhkəmədə də vəkillərimlə konfidensial məsləhətləşməyim üçün şərait yaradılmır. Bütün bunlar Ramella Allahverdiyevanın qərəzli olduğunu sübut edən dəlillərdir. Buna görə də işin Ramella Allahverdiyevadan alınıb qərəzli hakimə verilməsini istəyirəm.

İstintaq təcridxanasında çoxsaylı cinayətlərdə ittiham olunan adamlar saxlanılır. Onların arasında qadın alveri ilə məşğul olanlar da var. Xalq arasında onlara “mama roza” deyilir. O qadınların öz qurbanlarının başına açdığı oyunlar Ramella Allahverdiyevanın Femidanın başına açdığı oyunların yanında heç nədir. Ramella Allahverdiyeva məhkəməni faktiki prokurorluğun kənizinə çevirib”.

Dövlət ittihamçısı Ramazan Hadıyev etirazı əsassız saydı

Sədr istisna olunmaqla məhkəmə heyəti müşavirəyə getdi və vəsatət təmin edilmədi.

Katibə etiraz edildi

Vəsatətin rədd edilməsi əsaslandırıldıqdan sonra Xədicə İsmayıl katibə etiraz edib:

– Belə anlayıram ki, hakimin məni hədələməsi protokolda qanunvericiliyin izahı konteksindən qeyd olunub. Halbuki burada baş verənlər mediada da öz əksini tapıb. Siz protokolu saxtalaşdırırsız. Buna görə də mən katibə etiraz edirəm və protokola baxmaq üçün vaxt istəyirəm”.

Hakim:

– Məhkəmə bitəndən sonra protokol tam tərtib ediləcək və sizə onu oxumaq üçün 3 gün vaxt veriləcək. Sizin hüququnuz var ki, məhkəmə başa çatandan sonra protokolu tələb edəsiniz.


“Azadlıq Radiosunun nümayəndəsi məhkəməyə dəvət edilsin”

Müdafiə tərəfinin vəkilləri vəsatət qaldıraraq Azadlıq Radiosunun səlahiyyətli nümayəndəsi Adil İsmayılovun şahid kimi dindirilməsini istəyiblər: “Xədicə İsmayıla qarşı ittihamlar Azadlıq Radiosu ilə bağlıdır. İstəyirik radio ilə bağlı bütün suallara səhaliyyətli nümayəndə cavab versin”.

Xədicə İsmayıl vəsatəti müdafiə edib: “Azadlıq Radiosu ilə bağlı məsələlərə radionun öz nümayəndəsi cavab verməlidir. Mən lisenziya, tezlik məsələlərinə cavab verə bilmərəm axı. Çağırın, nə bilirsiz nə deyəcəklər? Bəlkə nümayəndə gəlib deyəcək ki, Xədicə telepatiya yolu ilə materialları yayımlayırdı”.

Lakin məhkəmə bu vəsatəti də qəbul etməyib və bildirib ki, bu ittihamların Azadlıq Radiosuna heç bir adiyyatı yoxdur.

Prosesdə ötən gün açıq saxlanılan vəsatətə baxılıb. Müdafiə tərəfinin sözlərinə görə, ittiham aktında göstərilir ki, Xədicə İsmayıl bir neçə şəxsin qanunsuz əməyə cəlb edilməsinə səbəb olub. Adıçəkilən şəxslərdən yalnız Esmira Cavadovanın dindirildiyini əsas gətirən müdafiə tərəfi digər 6 nəfərin də dindirilməsini istəyib. Lakin vəsatət təmin olunmayıb.

Vəkil Fariz Namazov Milli Teleradio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (həmin dövrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi) Azadlıq Radiosuna verdiyi lisenziyalarla bağlı sənədləri məhkəməyə təqdim edib. Vəkil bildirib ki, bu sənədlərdə ittiham aktında yazılanın əksinə olaraq, FM tezliyinin 1 yanvar 2009-cu ilədək qüvvədə olduğu göstərilib:

“İttiham aktında göstərilib ki, radionun yerli FM tezliyində yayımlanması ilə bağlı lisenziyanın müddəti 2008-ci ilin sentyabrında qüvvədən düşüb. Sorğumuz əsasında aldığımız sənədlərdəsə bunun tam əksi göstərilir”.

Xədicə İsmayıl vəsatəti müdafiə edərək deyib: “Əgər siz bizim sənədlərin mötəbərliyinə inanmırsızsa, onda zəhmət olmasa özünüz həmin qurumlara sorğu göndərib cavab alın”.

Hakim vəsatəti təmin etməyib. Xədicə İsmayıl hakimə: “Yaxşı yaddaşınız var, prokurorun dediyini olduğu kimi təkrar edə bilirsiz”.


“Mənə vaxt verin”

Xədicə İsmayıl vəsatətlər hazırlamaq istədiyini və bunu üçün vaxt verilmədiyini əsas gətirib. O, 1 bütöv iş günü vəkilləri ilə görüşmək üçün vaxt istəyib: “Mənim 15-ə qədər vəsatətim var. İttihamda adı keçən bəzi şəxslərin ifadə verməsini istəyirəm. Ancaq indidən onların adını çəkmək niyyətində deyiləm. Çünki prokurorluq həmin şəxslərə təzyiq edə bilərlər”.

Dövlət ittihamçısı etiraz edib: “Prokurorluq heç kimə təzyiq etmir”.

Xədicə İsmayıl: “Bizim əlavə şahidlərin dindirilməsini istəmək hüququmuz var. Mənə qarşı ifadə verən şəxslərin, məsələn Ramal Hüseynovun ifadə verməsini istəyirəm”.

Məhkəmə 18 avqust, saat 11:00-dək fasilə elan edib.

Ana səhifəVideo“Ramella Allahverdiyeva məhkəməni prokurorluğun kənizinə çevirib”