Qubanın alma bağlarında uçuş zolaqları


Qubada yeni aeroportun inşası mülkiyyət hüquqlarının pozulduğunu deyən yerli əhalinin narazılığına səbəb olub.

Yeni hava limanı Qubanın Davudoba, Hacıqayıb, Ərməkiqışlaq kəndlərinin ərazisinə düşür. Sakinlər onların icazəsi olmadan torpaqlarına soxularaq tikinti aparılmasına qarşıdır. Davudoba kəndinin sakini Elçin Qubadovun bağı aeroport tikintisi ilə bağlı plana düşür. Tikinti işi başlayıb, ancaq ona bir söz deyən olmayıb:

“İcradan gələn nümayəndə açıq sahənin sotuna 80, bağ sahəsinin sotuna isə 150 manat veriləcəyini dedi. Daha bizdən razı olub-olmadığımızı soruşan olmadı”.

Elçın Qubadov deyir ki, onlar 20 il ərzində saldıqları bağ sahəsindən götürdükləri gəlirlə dolanırlar. Onun sözlərinə görə, bu bağdan onların ailəsi ildə 15 min manat xeyir götürürlər.

“Bizə ailəmizin çörəyi lazımdı. Nə aeroport istəyirik, nə də kompensasiya”, Elçin Qubadov deyir.

“Şəhər yerində torpağın sotu 10 min manatdır. Ancaq bizim torpaqların sotuna 80-150 manat təklif edirlər. Qiymət çox aşağıdır, biz razı deyilik. Odur ki, biz burada aeroportun tikilməsinə qarşıyıq. Bütün ehtiyaclarımızı bu torpaqlarla ödəyirdik. Mal-heyvan saxlayırıq, əlimizdən aldıqları ərazini də örüş sahəsi kimi istifadə edirdik. Əkib-becərib məhsulumuzu satıb, ailəmizi dolandırırıq. Bəs, mənim və bütün burada torpaqları əllərindən alınan şəxslərin ailələrini kim dolandıracaq? Niyə bizi kasıb vəziyyətə salırlar? Deyək ki, bizə 15 min verdilər. Bir illik qazancımızı. Bəs, sonrakı illər nə edəcəyik?”, – digər kənd sakini Orucəli Təcimov sual edir.

Əhalidən aldığımız məlumata görə, hava limanının inşasını “Azvirt” MMC həyata keçirir.

“Bircə onu bilirik ki, tikintini “Azvirt” aparır, amma əhali ilə danışıqları İcra Hakimiyyətinin nümayəndələri aparır”, – Elçin Qubadov deyir.

Qubadakı aeraportun həqiqətən də onlar tərəfindən tikilib-tikilmədiyi ilə bağlı suallarımızı şirkətdən “Biz gördüyümüz işlərlə bağlı məlumat vermirik”, – deyə cavabladılar.

Buna qədərki bölgə aeroportlarının tikintisi, yenidənqurması işlərini “Azvirt” MMC həyata keçirib. Buna görə də inşası yeni başlanan Quba aeraportunun da onlar tərəfdən tikildiyini təxmin etmək olar. Ancaq ona bu sifarişi verən bəlli deyil. Çünki nə dövlət büdcəsində, nə investisiya xərcləri istiqamətində, nə də Neft Fondundan ayrılan vəsaitlərin içində Quba aeroportunun adı yoxdur. Üstəlik, “Azvirt” MMC-nin internet səhifəsində şirkətin həyata keçirdiyi bitmiş və davam edən bütün layihələr qeyd olunub. Ancaq Quba aeraportu barədə bir cümlə də yazılmayıb.

Ölkədəki ən bahalı layihələri icra edən “Azvirt” MMC əsasən yol tikintisi ilə məşğuldur. İndiyədək Azərbaycanda milyonlarla manat dəyərindəki yol çəkilişlərini həyata keçirib. Ən böyük layihələrindən biri “Bayraq Meydanı” ərazisindəki avtomobil yolunun genişləndirilməsidir. Bura 109 milyon manat xərclənib.

Azərbaycan hökuməti Serbiyaya 40 kilometrlik bir yolun çəkilməsi, 78 körpü və 5 tunelin tikilməsi üçün 370.7 milyon dollar kredit verib. Layihəni Belqradda həyata keçirəcək şirkət “AzVirt Organak”dır. Eurasia.net saytının yazdığına görə, bu, “Azvirt” MMC-nin törəmə şirkətidir.

Quba rayon Icra Hakimiyyətinin əməkdaşı Vüqar Rəşidov isə hazırda aeroportun tikintisi ilə bağlı iş getdiyini, tikintinin dövlət tərəfindən həyata keçirildiyini dedi: “Kənd camaatından kimsə narazı qalmayacaq”, – deyə o bildirib.

Quba rayon İcra Hakimiyyəti aeroport tikintisini dövlət layihəsi adlandırsa da, nə dövlət büdcəsində, nə investisiya xərcləri istiqamətində, nə də Neft Fondundan ayrılan vəsaitlərin içində Quba aeroportunun adı yoxdur. “Azvirt” MMC-nın rəsmi internet səhifəsində də şirkətin həyata keçirdiyi bitmiş və hazırda davam edən bütün layihələr haqda məlumat olsa da, Quba aeroportu ilə bağlı bir cümlə də yazılmayıb.

Hüquqşünas Emin Abbasov deyir ki, mülkiyyətdə olan daşınmaz əmlaka məhkəmə qərarı olmadan müdaxilə hüquq pozuntusu sayılır:

“Mülkiyyətçidirsə, mülkiyyət hüququ pozulub. İcarəçidirsə istifadə hüququ pozulub. Pay torpaqlarıdır, əkib-becəriblər. Deməli, bu şəxslər həmin torpağın qanuni istifadəçisidirlər. Odur ki, istər özəl şirkət olsun, istərsə də dövlət hər hansı bir tikinti aparırsa ilk öncə vətəndaşların icazəsini almalıdır və onların çəkəcəkləri ziyanı tam qarşılamalıdır. Üstəlik, nəzərə alınmalıdır ki, aeroport tikintisi dövlət ehtiyacı sayılmır “.

Regionlarda aeroport tikintisi 2007-ci ildən başlanıb. Rəsmi məlumata görə, indiyə qədər investisiya proqramı çərçivəsində Gəncə, Lənkəran və Zaqatala aeroportlarının yenidən qurulması, Qəbələ hava limanının tikintisinə ümumilikdə 147 milyon 988 min 400 manat xərclənib.

Amma iqtisadçı ekspertlər bu aeroportların rentabelli olmadığını deyirlər. REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, Qubada aeroport tikintisi sadəcə absurddur:

“Bakıdan Qubaya olan məsafə cəmi 170 kilometrdir. Bunu da avtomobillə ən geci 2 saata qət etmək olar. Orda aeroporta nə ehtiyac var? Bu qədər vəsaiti boşuna xərcləməyin mənası nədir?”

Natiq Cəfərliyə görə, Şimal bölgəsində həm Gəncədə, həm Qəbələdə, həm Zaqatalada, həm də köhnə də olsa Şəkinin özündə aeroportun olması anlaşılan deyil: “Cəmi 200 kilometrlik bir ərazidə 3-4 hava limanının olması Azərbaycan kimi kiçik bir ölkədə heç bir məntiqə əsaslanmır. Bu hava limanları heç vaxt rentabellu ola bilməz, necə ki, artıq istifadəyə verilmiş aeroportlar rentabelli deyil. Bir çox daxili reyslər əvvəl başlansa da sonradan ləğv olundu. Qiymətlər sərf etmirdi. Hava alanlarının sayca çox olmasını iqtisadi cəhətdən heç də səmərəli layihə adlandırmaq olmaz”.

“Ölkənin bütün bölgələrində hava limanlarının inşası nəzərdə tutulub”, – bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərov deyib. O, hazırda ölkədə 6 hava limanının fəaliyyət göstərdiyini, yaxın zamanlarda aeroport sayının 7-ə yüksələcəyini bildirib:

“Üstəlik, daxili reyslərdə gediş haqqı aşağı salınıb. Məsələn, əvvəllər Qəbələyə gediş haqqı 50 manat idisə, hazırda 30 manatdır. Bu da hava yollarından daha çox insanın istifadə edə biləcəyindən xəbər verir”.

Ana səhifəVideoQubanın alma bağlarında uçuş zolaqları