“QMİ müsəlmanların birliyinin altına “bomba” atır” [ VİDEO ]


İlahiyyatçı Elşad Miri: “Yasamaldakı həbslərin Fətulla Gülən camaatına heç bir aidiyyatı yoxdur”.

Son günlər Azərbaycandakı dini mənzərədə radikallıq müşahidə olunur və bunun qarşılığında hüquq-mühafizə orqanları da sərt addımlar atır. Qafqaz Müsəlmanları İdarəsinin təriqətlərin qadağan olunması ilə bağlı müraciəti isə bu yöndə olan müzakirələri daha da gücləndirdi.

“Dəvət” dərgisinin baş redaktoru, ilahiyyatçı Elşad Miri ilə söhbətimizdə ölkədə dini durum, məzhəblərarası münasibət və onların fəaliyyətinin nəticəsinə toxunduq.



Elşad bəy, Azərbaycandan Suriyaya “Cihad uğrunda” deyib gedənlərdən, Türkiyədə Hizmət hərəkatı ilə hökumət arasında qarşıdurmadan sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təriqətlərin qadağan olunması haqqında açıqlama yaydı. Bu mənada Azərbaycanda dini mənzərəni necə izah edərdiniz?

–         Əvvəla, Qafqaz Müsəlmanları İdarəsi bütün cərəyanların qadağan olunması açıqlamasını verməyib. Sadəcə, müxtəlif cərəyanlar var, xəvaric, ixvanlıq, sələfilik, nurçuluq –  bunları əsasən nəzərdə tuturlar.



Əsas cərəyanlar da bunlar deyilmi?

–         Deməzdim ki, yalnız bunlardır, məsələn, şiəyönümlü bir çox  cərəyanlar var ki, onların adının açıqlanmaması təəssüfləndiricidir. Bu, Qafqaz Müsəlmanları İdarəsinin həmin məzhəbə mənsub olmasından qaynaqlanır. İdarə ölkədə birliyin, vəhdətin olmasına çalışmalı olduğu halda mövcud tolerantlığa zidd addımların atılmasına çağırış edir. Bu çağırış da onların mahiyyətinə və quruluşuna ziddir.



Nə mənada ziddir?

–         Qafqaz Müsəlmanları adı altında olan bir qurum bölgədə mövcud olan dini məzhəblərə, cərəyanlara qarşı çıxış edir və bununla bərabər vəhhabilik cərəyanı adı altında bir kitab çap etdirib məscidlərə paylayır.



Söhbət hansı kitabdan gedir?

–          İranlı müəllif Ayətullah Sübhaninin “Vəhhabilik cərəyanı” kitabı dilimizə tərcümə olunaraq QMİ sədrinin müavini Hacı Salmanın redaktorluğu ilə buraxılıb və məscidlərə paylanılıb.



Ancaq İranda bu cərəyan qadağan olunub…

–         Ümumiyyətlə, vəhhabilik deyilən cərəyan yoxdur, vəhhab Allahın adıdır. Yəni Allahın adını yanlış istifadə şəklində təqdim etmək doğru deyil.



Kitab tənqidi ruhda yazılıb?

–         Bəli, kitabda sünnüliklə bağlı bır çox məsələlər vəhhabi adı altında birləşdirilərək tənqid olunur. Ona görə belə bir kitabın yayılmasına ehtiyac yox idi. İkinci, mövcud olan tolerantlığa, yaxud müsəlmanların birlikdə, şiə-sünni məsələlərinə fikir vermədən yaşamasına yönəlmiş sanki belə birliyin altına “bomba” atmaqdır.



Bu “bomba” nə zamansa partlaya bilərmi?

–         Təbii ki, partlaya bilər. Çünki bu cür kitabların yayılması məzhəb qarşıdurması ilə nəticələnər. Eyni zamanda, indiki ərəfədə bu kitabın çap edilib yayılması gələcək nəsil üçün problem yaradar. Başqa tərəfdən, Azərbaycanda mütəxəssislər yoxdurmu ki, vaxtilə dövlətimizi təhdid edən bir ayətullahın kitabını buraxır və məscidlərdə yayırsan?



Bu mənada siz Qafqaz Müsəlmanları İdarəsinin son açıqlaması ilə siyasi oyunlara qoşulması haqqında fikirləri bölüşürsünüzmü?

–         Ümumiyyətlə, bu günə qədər Qafqaz Müsəlmanları İdarəsini siyasətdən kənar bir qurum olaraq görməmişəm. Halbuki, dinlə bağlı bir qurum siyasətüstü bir qurum olmalıdır. Yəni, QMİ bütün insaları “qucaqlamağı” bacarmalıdır. Ancaq əfsuslar olsun ki, Azərbaycan müstəqil olandan QMİ-nin siyasətlə məşğul olduğunun şahidi olmuşuq.



Qayıdaq təriqətlərə, Azərbaycanda bunlara ehtiyac varmı?

–         Dini terminologiyada təriqət, məzhəb, cərəyan fərqli anlayışlardır. Məzhəb peyğəmbərin dövründə olmayıb, sonradan meydana çıxıb, Qurani-Kərimdə ayə var: “Allahın ipindən hamılıqla yapışın”. Başqa bir ayədə “firqələrə bölünməyin” deyilir. Sonrakı dövrlərdə məzhəblər ortalığa çıxdı, məzhəblər də iki cür olur: əməli və əqidəvi. Birincilər, sünnilikdə şafi, hənbəli, maliki, hənəfi və şiəlikdəki cəfəri məzhəbi. Əqidəvi məzhəblərdən maturi, əşari və sələfidir. Təriqətlər isə XI əsrdən sonra sufiliklə bağlıdır.



Bəs Azərbayanda məzhəblərə ehtiyac varmı?

–         Mən insanların hansısa məzhəbi tutub getməsinin tərəfdarı deyiləm. Allahın göndərdiyi peyğəmbərin vaxtında məzhəb olmayıbsa, biz niyə məzhəb axtarmalıyıq?! Yaxud məzhəb qurucularının özləri hansı məzhəbin yolçuları olub? Ona görə bəzi insanlar öz məzhəblərini din kimi görürlər və məzhəblərindəki yanlış bir şeyi göstərəndə isə buna qarşı aqressivləşirlər.



Konkret kimləri nəzərdə tutursunuz?

–         Yəni, bu gün müəyyən məzhəbin nümayəndələrini, əvvəlki illərdə bir şiə heç zaman bir sünninin arxasında dayanıb namaz qılmayıb, yaxud tərsinə. İkinci də bunlar bir-birlərindən qız alıb-verməyib, əfsuslar ki, eyni tendensiyanı bəzi bölgələrdə müşahidə etmək olar.



Bu məsələnin üzərində ona görə dayanıram ki, “Məşədi Dadaş” dini icmasının rəhbəri Hacə Şahin bildirib ki, nurçuluq və vəhhabilik ənənəvi məzhəblər arasında tarazlığı pozur. Bu fikirlə razısınızmı?

–         Ümumiyyətlə, hansısa məscidin axundunun fikrinə münasibət bildirmək doğru deyil, onlar ora yığışan insanlarla əlaqələndirə bilərlər. Mənim normal ilahiyyatçıların fikrinə münasibət bildirməyim daha doğru olardı.



Siz Hacı Şahini normal ilahiyyatçı hesab etmirsiniz?

–         O, ilahiyyatçı deyil, sadəcə, bir məscidin axundudur.



Amma onu mediada ilahiyyatçı kimi də təqdim edirlər…

–         Ona qalsa bir çox mollaları da islam alimi hesab edirlər. Məsələn, Cümə Məscidinin axundu Hacı Surxayı ilahiyyatçı kimi təqdim edirlər. Azərbaycanda durum belədir: molla, axund, qazi, şeyxüslam, onlardan biri televiziyada çıxış edəndə, ilahiyyatçı kimi qələmə verirlər.



Doğrudanmı, nurçuluqla vəhhabilik ənənəvi məzhəblər arasında tarazlığı pozur?

–         Bunun səbəbi nədir? Səbəb odur ki, iki əsr tarixi olan qurumun indiyə qədərki fəaliyyəti qənaətbəxş olmadığından İrandan, Ərəbistandan və Türkiyədən fərqli cərəyanlar Azərbaycana gəlir. Beləliklə də Azərbaycan insanları da kənardan gələn cərəyanlara inanır. Deməli, sən fəaliyyətini düzgün qurmadığından, insanları inandıra bilmədiyindən, insanların cibinə girdiyindən, pirlərdə yığılan pullara gözünü dikdiyindən, yaxud siğə kimi məsələlərə “göz yumduğundan” indiki vəziyyət yaranıb.



Söhbət Qafqaz Müsəlmanları İdarəsindən gedir?

–         Təbii ki. İki əsr tarixi olan hansı bir qurumumuz var?



Son vaxtlar nurçululara qarşı əməliyyatlar bu cərəyanının qorxulu olduğu ehtimalını gücləndirirmi?

–         Nurçuluğun özü də bir neçə qola bölünür, Göyçay və Yasamalda əməliyyatlara baxdıqda görürük ki, onlar Türkiyədə AK hökumətinin mübarizə apardığı Fətulla Gülən camaatından fərqlidirlər.



Onların içində ən güclüsü hansıdır?

–         Təbii ki, ən güclüsü Fətulla Gülən camaatıdır. Onların Azərbaycanda şəbəkələşmiş məktəbləri, biznes strukturları, o cümlədən, fərqli televiziya və media orqanları var. Onlar bu işləri rəsmi şəkildə həyata keçirdiklərindən hansı problem yarana bilər? Sual yarana bilər; yaxşı məktəblər quranlara qarşı hansısa addımlar atılmalıdır? Xeyr! Əslində, insanların beynində düzgün maarifləndirmə işi qurulmalıdır. Əgər QMİ maarifləndirmə işi aparmırsa, deməli, onu başqaları həyata keçirir. Yəni, Quranı maarifləndirmə işi düzgün qurulandan sonra alternativ təqdim edirsən. Maarifləndirmı işi deyəndə, bu gün özünü nurçu kimi təqdim edənlərlə televiziyalarda debat keçirmək lazımdır.



Bir ara sizi də nurçu hesab edirdilər?

–         Bəli, bunun səbəbini deyim, mən 3 gün Fətullah Gülənin yanında qalmışam, söhbət 1991-ci ildən gedir, o zaman İzmirdə yaşayırdı. Bundan başqa, mən onların məktəblərində oxuyub, universitetlərində məzun olmuşam, bunları inkar etmirəm. Sadəcə, onlardan ayrılmağı bacarmışam.



Nə üçün?

–         Mən onların zombiləşdirmələrinə, manqurtlaşdırmalarına zidd düşünürdüm. Onlar isə belə şeyləri xoşlamırlar.



Bəs bu gün hansı cərəyandasınız?

–         Xeyr, bu gün bütün cərəyanların içlərini bildiyimdən Allahın Qurani-Kəriminin “Həcc” surəsində deyildiyi kimi, özümü müsəlman adlandırır və heç bir məzhəbə də aid etmirəm.



Deməli, təhlükə mövcuddur?

–         Əvvəllər mən də bu işin içində olanda heç bir təhlükənin olmadığını düşünürdüm, həqiqətən də aşağıdakılar səmimidirlər. Yəni, özlərini fəda edə bilirlər, onların aylarla maaş almadıqlarından məlumatlıyam. Sadəcə, Fətullah Gülənin yanında olanda sezdim ki, o din adamı deyil, bir liderdir, yəni, yeri gəlsə, öz camaatına sözünü keçirə bilən şəxs idi. Amma son dövrlər baş örtüyü, təhsillə bağlı problemi olmayan Türkiyədə bunlar artıq dövlətə qarşı paralel olaraq çalışırlarsa, mən bu məsələdə həqiqətən təhlükənin olduğunu görürəm. Yəni, bu insanlar səmimi ola bilərlər və rəhbərlikdə dayananlar ondan istifadə edərlər. İndi sual yaranır; onlar Türkiyədə etdiklərini başqa ölkədə də edə bilirlərmi, yaxud bir söz deyə bilirlərmi? Xeyr! Faktiki olaraq bunlar onu göstərdi ki, Ərdoğanın onlara verdiyi azadlıqdan daha çox istifadə edib bir az da gücləndilər, amma baş nazirlə fikir ayrılıqları yarandığına görə belə bir problemlər oldu…



O zaman Azərbaycanda nə baş verdi ki, Elnur Aslanovu vəzifəsindən uzaqlaşdırdılar?

–         Vallah, o barədə heç nə deyə bilmərəm. Çünki rəsmi heç bir açıqlama verilmədi. Elnur Aslanov vəzifəsindən kənarlaşdırılsa da, başqa bir nazirlikdə şöbə müdiri təyin olundu. Bir daha deyirəm, rəsmi açıqlama olmadığından münasibət bildirə bilməyəcəm.



Amma həbslər oldu…

–         Yasamaldakı həbslərin Fətulla Gülən camaatına heç bir aidiyyatı yoxdur.

Ana səhifəVideo“QMİ müsəlmanların birliyinin altına “bomba” atır” [ VİDEO ]