Qazın bahalaşması onlara təsir etmir, çünki…

Bakıda hər kəs qazın qiymətinin bahalaşmasının təlaşını yaşayarkən İsmayıllıda 2000-ə yaxın sakin qazın yoxluğundan əziyyət çəkir. Onların evlərinə 20 ildən çoxdur qaz gəlmir.

“De, bala, odunu belə qoyuruq.(sobanı açıb,içərisinə odun parçası atır) Tüstü də verir daim. Tüstünün əlindən oturmaq olmur. 1992-ci ilin martın 14-də  mən bura gəlmişəm. Onda lap qəşəng qazımız vardı. Ondan sonra qazlar kəsildi. Qazlar kəsiləndən sonra həmişə odunla gördük işləri”- kənd sakini Nurcahan Rəsulova danışır.

Qonşuluqda yaşayan digər sakin Şakir Rəsulov odun sobasının yanında yerini rahatlayıb, qaz problemlərindən danışır. “Qonşu kəndlərə qaz çəkilib, bura elə-belə qalıb. Bizim kəndin yiyəsi yoxdur. Camaatın qabağına çıxan, bunu başa salan, şikayət eləyən yoxdur”.

Qalacıq kəndinin sakinləri qızınmaq üçün odun alırlar. Amma odunun da qiyməti od tutub yanır. Sakinlər  qışı yola vermək üçün 500 manat xərcləyirlər.

Şakir Rəsulov: “Hər gün gün çıxanda çıxıb gündə qızınıram, yoxsa soyuqdur. Bu il mən 470 manat oduna pul vermişəm. Odun gətirənə yalvarmışıq ki, gözlə, 100 manatı sonra verərik”.

“Hələ odunun borcunun yarısın verməmişəm.(gülür) Demişəm ki, bir ay, bir ay verəcəm, 100, 50-50. Neyləyim, yoxdu”-Nurcahan Rəsulova deyir.

Nurcahan xanım ləzgi dilində “qaz yoxdur” deyir. Kənddə yaşayanların əksəriyyəti milliyyətcə ləzgidir.

Evlərdə qaz boruları olsa da, kəndə qaz verilmir.  Onlar hamamlarından belə istifadə edə bilmirlər.

“Qəşəng kolonka, qəşəng tuj, qəşəng vannası var. Di gəl ki, soyuqdan çimə bilmirik” deyir Nurcahan xanım.

İsmayıllı rayon icra başçısının birinci müavini Rövşən Ağayev deyir ki, rayonunun ümumilikdə yaşayış məntəqələri üzrə qazlaşması 30 faizdir.

“Qalacıq bizdə əhalisinin sayı çox olan kəndlərdən biridir. Keçən il Qalacıqdan əvvəlki iki kənd qazlaşdırılıb. İndi növbə Qalacıq kəndinədir”.

Qalacıq kəndinin qazla təminatı “2014-2018-ci illər regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına salınıb.  Amma gələn ilin büdcəsindən kəndə qaz çəkilməsi üçün vəsait ayrılmayıb.

 “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyir ki: “2016-2017-ci illər üçün Qalacıq kəndinin qazlaşdırılmasına vəsait ayrılmayıb. Növbəti illərdə vəsait ayrılacaqsa, kəndin qazlaşdırılması həyata keçiriləcək”.

Nurcahan xanım ki, üst-üstə 4-5 paltar geyinir ki, ona evdə soyuq olmasın.

Ana səhifəVideoQazın bahalaşması onlara təsir etmir, çünki…