Prokuror Hüseyn Abdullayevə 8 il cəza istədi, məhkəmədə anasının vəziyyəti pisləşdi

Məhkəməyə təcili tibbi yardım çağərıldı, Zeynəb Abdullayeva zaldan çıxarıldı

Source:

Keçmiş deputat, ötən ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və daha 7 nəfərin işi üzrə məhkəmə istintaqı başa çatıb. Sentyabrın 19-da Bakı Hərbi Məhkəməsində hakim Həbib Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.

İttihamların məhkəmə araşdırmasında da sübuta yetirildiyini deyən prokuror keçmiş deputatın 8 il azadlıqdan məhrum edilməsini istəyib. Daha dəqiq desək, prokuror hazırda ittiham olunduğu CM-in 213 (vergidən yayınma), 178 (dələduzluq), 182 (hədə-qorxu ilə tələb etmə) və başqa maddələrlə H.Abdullayevə 7 il 6 ay həbs cəzası verilməsini təklif edib. Dövlət ittihamçısı H.Abdullayevə parlamentdə Fəzail Ağamalı ilə davasına görə xuliqanlıq və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddələrilə verilmiş 2 il şərti cəzanın da birləşdirilməsini, onun üzərində qəti olaraq, 8 il həbs cəzası saxlanmasını istəyib.

Prokuror çıxış edib, ittihamların məhkəmədə sübuta yetirildiyini dedikcə, H.Abdullayev də yerindən bir neçə dəfə etiraz edərək, yalan olduğunu söyləyib. Bu zaman hakim onu məhkəmə zalından çıxarmaqla hədələyib. H.Abdullayev prokurorun ona istədiyi cəzanın da sifarişli olduğunu vurğulayıb. Bu zaman hakim H.Abdullayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. Sabiq deputatın anası Zeynəb Abdullayeva da buna etiraz edib və nəticədə onun vəziyyəti pisləşib. Durum o həddə çatıb ki, Bakı Hərbi Məhkəməsinin binasına təcili tibbi yardım briqadası çağrılıb. Z.Abdullayeva məhkəmə zalından çıxarılıb ki, ona tibbi yardım göstərilsin.

Prokuror digər təqsirləndirilən şəxslərdən Abdullayevlərin şirkətində çalışmış Namiq Babayevə 8 il, onların qohumları İntiqam Süleymanov və Nazim Əliyevin hər birinə 6 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Təqsirləndirilən şəxslər arasında üç nəfər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına da var – Zaur Quliyev, Pərviz Kazımov və Həbib İbrahimov. Prokuror həm onlara, həm də Xalid Əliyevə şərti cəza verilməsini istəyib.

Sərhədçilər ölkədən çıxışına qadağa qoyulmuş Z.Abdullayevanı bacısının pasportu ilə rüşvət qarşılığında ölkədən buraxmaqda ittiham edilir. İddia olunur ki, Z.Abdullayeva bu yolla ölkəni tərk edərək, Almaniyada sığınacaq almış oğlu H.Abdullayevlə bir neçə dəfə görüşüb.

Prokuror Z.Abdullayevanın isə 5 min manat cərimələnməsini, onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbirinin təyin edilməsini istəyib.

Prokurorun başqa bir təklifi isə Vergilər Nazirliyinin H,Abdullayevə qarşı 1 milyondan yuxarı mülki iddiasının təmin edilməsi, onun və anasının əmlaklarının müsadirə edilməsi olub.

Prosessual qaydalara görə, prokurordan sonra vəkillər çıxış etməlidir. Vəkillər də müdafiə çıxışına hazırlaşmaq üçün 2 həftə vaxt istəyiblər. Lakin hakim növbəti məhkəmə iclasını sentyabrın 24-nə təyin edib.

H.Abdullayev 1 milyon 810 min manat vergidən yayınmaqda, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, onu almadan bina tikib 966 min manat gəlir əldə etməkdə və s. ittiham olunur.

Lakin təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.

Ana səhifəSiyasətProkuror Hüseyn Abdullayevə 8 il cəza istədi, məhkəmədə anasının vəziyyəti pisləşdi