Human Rights Watch Azərbaycanda “Toplum TV işi” üzrə doqquz jurnalist, media əməkdaşı və vətəndaş cəmiyyəti fəalına verilən 12 ildən 15 ilədək həbs cəzalarını pisləyib.
Beynəlxalq insan haqları təşkilatı bildirib ki, iyulun 27-də çıxarılan bu hökmlər hökumətin müstəqil jurnalistikaya qarşı davam edən təzyiqləri çərçivəsində verilən ən ağır cəzalardır.
Human Rights Watch qeyd edib ki, hakimiyyət əvvəlcə bu şəxsləri valyuta qaçaqmalçılığında, daha sonra isə digər maliyyə cinayətlərində ittiham edib.
Təşkilatın məlumatına görə, təqsirləndirilən şəxslər ittihamları rədd edib və cinayət təqibinin siyasi motivli olduğunu bildiriblər.
Human Rights Watch: “Bu, müstəqil media və vətəndaş cəmiyyətinə qarşı kampaniyanın davamıdır”
Human Rights Watch bildirib ki, bu hökmlər Azərbaycanın müstəqil media və vətəndaş cəmiyyətinə qarşı illərdir davam edən kampaniya çərçivəsində çıxarılan ən uzunmüddətli cəzalardır.
Təşkilat qeyd edib ki, bu cəzalar 2025-ci ilin iyununda AbzasMedia jurnalistlərinə verilən və 2026-cı ilin aprelində Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılan 7 il yarımdan 9 ilədək həbs müddətlərini də ötür.
Human Rights Watch bildirib ki, Toplum TV 2024-cü ildə əməkdaşları və əlaqəli şəxslər həbs olunana qədər Azərbaycanın son müstəqil xəbər platformalarından biri olub.
Təşkilat qeyd edib ki, hakimiyyət AbzasMedia və Meydan TV jurnalistlərinə qarşı da oxşar valyuta qaçaqmalçılığı ittihamlarından istifadə edib. Meydan TV-nin 12 jurnalisti və media əməkdaşının işi üzrə məhkəmə prosesi davam edir.
Təşkilat hakimiyyəti hökmləri ləğv etməyə çağırıb
Human Rights Watch hesab edir ki, Azərbaycanın məhdudlaşdırıcı qanunvericilik sistemi müstəqil media və vətəndaş cəmiyyəti qruplarının fəaliyyət göstərməsi və maliyyə əldə etməsi üçün qanuni imkanları məhdudlaşdırıb.
Təşkilat bildirib ki, bu vəziyyət həmin qurumları hüquqi risklərlə üz-üzə qoyub və onları maliyyə ittihamları ilə təqiblərə açıq vəziyyətə gətirib.
“Azərbaycan hakimiyyəti məhkumluqları ləğv etməli və həbs olunan şəxsləri azad etməlidir, jurnalistlərə və media əməkdaşlarına qarşı siyasi motivli təqiblərə son qoymalıdır”, – deyə Human Rights Watch bildirib.
Təşkilat Azərbaycanın beynəlxalq tərəfdaşlarını da hökmləri açıq şəkildə pisləməyə, həbs olunan şəxslərin azadlığa buraxılması üçün hakimiyyətə çağırış etməyə və müstəqil medianın sıxışdırılmasının siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığa təsir edəcəyini bildirməyə çağırıb.
İyulun 27-də Toplum TV əməkdaşlarına hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.