Problemli kreditlərin problemsiz həlli var

Fatma Əliyeva “Nikoil bank”dan 13 min manat kredit götürüb. O, banka borcunun 7 min manatını ödəyib. Amma bank onun 34.443 dollar borcu olduğunu deyir. Qadın bankın baş mütəxəssisi Azad Abıyevin onun manatla olan borcunu dollarla əvəzləməsindən şikayətçidir.

“Mən həmişə manat verirəm, onlar isə dollarla çevirib hesablayırlar. Həmişə ağlaya-ağlaya verirdim pulu. Deyirdim, mən axı dollarla yox, manatla götürmüşəm krediti”.

Azərbaycanda 2 milyondan çox insanın banka borcu var. Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb. Bu, 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir. Neftin qiyməti dünya bazarında aşağı düşməyə başlayanda isə bu rəqəm 5 faiz ətrafında dəyişirdi.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, problemli kreditlərin əksəriyyəti dollarladır.

“Dollar kreditini hətta indiyə kimi kimsə ödəyirdisə belə, artıq ödənişləri etmir. Çünki insanlarda və sahibkarlarda belə bir fikir formalaşmağa başlayıb ki, mən ömrümün axırına kimi bu krediti ödəməliyəm. Çünki dollar dayanmadan qalxacaq və mənim borcum da azalmayacaq. Ona görə də dolların qiymətinin bahalaşması, yəni manatın devalvasiyasının davam etməsi bütövlükdə problemli kreditlərin artmasına aparır”.

2015-ci ildə Konstitusiya Məhkəməsi manatın devalvasiyasından sonra kreditlərin hansı məzənnə ilə qaytarılması haqda qərarını açıqladı. Qərarda banklara tövsiyə olunurdu ki, əhalinin maraqlarını nəzərə alaraq xarici valyutada verilmiş kreditlər üzrə kredit müddəti ya uzadılsın, ya da faiz dərəcələri aşağı salınsın.

Ancaq “Nikoil bank” Fatma Əliyevaya hər hansısa bir güzəşt tətbiq etməyib. Şikayətçi deyir ki, borcu manata çevriləcəyi halda ödəniş edəcək. Əks halda onun banka verməyə pulu yoxdur. Şikayətçi Ali Məhkəmədən ədalətli qərar gözləyir. Bu vaxta qədər məhkəmələr girova qoyulmuş evinin bank tərəfindən götürülməsinə qərar verib.

“Hər gün ağlayıram, özümü öldürürəm. Neçə dəfə özümü yandırmaq istəmişəm, məni müdafiə edən insanlar qoymayıblar özümü yandıram. Prokurorluğun qabağında neft töküb özümü yandırmaq istədim, qoymadılar. Bizə əzab verir bu “Nikoil bank”. Əsəblərim də gərgindir. Mənə maddi-mənəvi ziyan dəyib. Nəyə görə? Baxın, yoxlayın, 13 min borcumdan 7 mini ödəmişəm. Mən nəyə görə artıq pul verməliyəm? Dolları niyə mənim üstümə yazdı? Dollar da günü-gündən qalxır. Axı mən yazığam, təkcə özüm işləyirəm. Mən hardan alıb verərəm o boyda pulu?”

“Nikoil bank”dan Meydan TV-yə bildirilib ki, bankın 9 saylı filialı bağlanıb, Azad Abıyev artıq bankın əməkdaşı deyil. Bank rəhbərliyi də bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımır.

Ekspert problemli kreditlərin qarşısını almaq üçün təklif edir ki, bankların verdiyi və geri qayıtmayan kreditlər araşdırılsın. Güzəştli kreditlərin hansı səbəblə kimə verildiyi aydınlaşdırılsın. Hökumət kreditlərin qaytarılmasını tələb etməlidir. Bunu etməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

“İkinci tərəfdən də xeyli vətəndaş, sahibkar var ki, onlar artıq müflisdir. Yəni müflis o deməkdir ki, ya bunların ödəməyə pulu heç yoxdur, ya da aylıq qazancları heç ailələrinə də çatmır. Bu, o deməkdir ki, bu şəxslərin ödəmə qabiliyyəti yoxdur. Onlar müflis elan olunmalıdır və onların borcu tam bağışlanmalıdır. Ortada qalacaq o kəslər ki, ödəniş qabiliyyəti var, amma çətinlik çəkir. Şərtlərin dollarla olmasını ədalətsiz hesab edir. bax bu şəxslərə artıq güzəştlər edilə bilər”.

Qonşu Gürcüstanda isə mənzərə başqadır. Baş nazir Gioirgi Kvirikashvili deyib ki, 2015-ci il yanvarın 1-nə kimi dollarla kredit götürənlər həmin krediti dollardan lariyə çevirə bilərlər.

Ana səhifəVideoProblemli kreditlərin problemsiz həlli var