”Belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar”
“Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsi prezidenti narahat edib. İlham Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verib”, – “Azərtac”-a prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı bərpa olunub. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərə abidələr qoyulub:
“Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir. Belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar”.
Fevralın 27-də
şair Mikayıl Müşfiqin büstünün İnşaatçılar prospekti, “Statistika dairəsi” adlanan ərazidəki parkdan götürüldüyü məlum oldu. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Layihə İdarətmə Qrupunun rəhbəri Valeh İbrahimov buna səbəb kimi ərazidə yolun genişdirilməsini göstərdi. İş bitəndən sonra heykəlin yerinə qoyulacağını bildirdi.
Mədəniyyət Nazirliyi isə açıqlama yayaraq bildirdi ki, şirkət şairin abidəsinin götürülməsi ilə bağlı onların razılığını almayıb.
Heykəlin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı, heykəltəraş Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.