NVIDIA rəhbəri ilə bağlı xəyanət qalmaqalına görə Dövlət Neft Fondu yüz milyonlarla dollar itirə bilər

Foto: Mehaniq\shutterstock

Dünyanın çip nəhəngi NVIDIA şirkətinin rəhbərinin çinli qadınla xəyanət qalmaqalı ətrafında yaranan ajiotaj Azərbaycan Dövlət Neft Fondu (ARDNF) üçün də böyük maliyyə itkilərinə səbəb ola bilər.

Belə ki, qalmaqalın yayılmasından sonra ABŞ-nin çip istehsalçısının səhmləri 11 faiz ucuzlaşıb. Oktyabrın əvvəlindən bəri isə şirkətin səhmlərinin dəyəri 24 faiz azalıb. Nəticədə, NVIDIA-nın bazar kapitallaşması təxminən 1,6 trilyon dollar azalıb. Təkcə şirkət rəhbərinin şəxsi həyatı ilə bağlı qalmaqalın yayıldığı gün NVIDIA-nın bazar dəyəri 182 milyard dollar geriləyib.

Çip nəhənginin son altı həftə ərzində üzləşdiyi uğursuzluqlar Azərbaycan Dövlət Neft Fonduna da təsirsiz ötüşmür. Fondun bu ilin birinci yarısına dair məlumatlarına əsasən, NVIDIA səhmlərinə yatırdığı investisiyaların həcmi 817 milyon dollar təşkil edib. Bu, ARDNF-nin səhm portfelində ən böyük yatırımdır.

İqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkədəki açıqlamasında bildirib ki, NVIDIA səhmlərinin dəyərinin 19–20 faiz azalması Azərbaycana təxminən 160 milyon dollar ziyan vurub:

“Azərbaycan Neft Fondunun texnoloji şirkətlərlə bağlı investisiya portfelində NVIDIA birinci yerdədir. Bu ilin ilk yarısında ARDNF-nin portfelində həmin şirkətin 817 milyon dollar dəyərində səhmləri var idi. Səhmlər 18-20 faiz ucuzlaşıbsa, deməli, ARDNF bu qalmaqala görə 150–160 milyon dollar ziyana düşüb”.

Ümumilikdə, Dövlət Neft Fondunun investisiya portfelinin təxminən 25 faizini inkişaf etmiş ölkələrin şirkətlərinin səhmlərinə yatırılan vəsaitlər təşkil edir.

Fondun məlumatına görə, bu ilin birinci yarısında müxtəlif şirkətlərin səhmlərinə yatırılan investisiyaların həcmi 7,1 milyard dollar olub. Səhm portfelinin ümumi dəyəri isə 18 milyard dollara çatıb.

NVIDIA-dan sonra ARDNF-nin ən böyük investisiyaları 752 milyon dollarla “Apple” və 466 milyon dollarla “Alphabet” şirkətlərinin səhmlərinin payına düşür.

Bundan başqa, Fond “Microsoft” səhmlərinə 408 milyon dollar, “Amazon”a 369 milyon dollar, “Broadcom”a 300 milyon dollar, “ASML Holding”ə 289 milyon dollar, “Meta Platforms”a 230 milyon dollar, “Tesla”ya 219 milyon dollar, “Micron Technology”yə isə 82 milyon dollar investisiya yatırıb.

Son bazar məlumatları göstərir ki, bu texnologiya şirkətlərinin bir çoxunun səhmləri son 1–3 ay ərzində ciddi dəyər itkisinə məruz qalıb. Belə ki, “Intel” şirkətinin səhmləri 39,2 faiz, “Micron Technology”nin səhmləri 28,8 faiz, “Alphabet”in (Google) səhmləri 18,1 faiz, “Meta Platforms”un səhmləri isə 17,5 faiz ucuzlaşıb. Eyni zamanda, son üç ay ərzində “Broadcom”un səhmləri 23,2 faiz, “ASML Holding”in səhmləri isə 15,9 faiz dəyər itirib.

Texnologiya nəhənglərinin səhmlərindəki ucuzlaşma Dövlət Neft Fondunun investisiya portfelinə də ciddi mənfi təsir göstərə bilər. Fondun cari ilin doqquz ayına dair göstəricilərinə əsasən, artıq mənfi tendensiyanın yarandığını demək olar.

Məsələn, bu ilin yanvar–sentyabr aylarında Fondun büdcədənkənar zərəri 1 milyard 874 milyon manat təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə ARDNF-nin büdcədənkənar gəliri 15 milyard manat olub.

Fond cari ilin ilk doqquz ayında yaranmış bu zərəri əsasən qızılın qiymətində və valyuta məzənnələrində baş verən dəyişikliklərlə əlaqələndirir. Sentyabrın sonlarından etibarən səhm bazarlarında müşahidə olunan gərginlik və ucuzlaşmanın isə növbəti rübdə ARDNF-nin investisiya portfelinə təsir göstərməsi qaçılmaz olacaq.

ARDNF də hesabatında qeyd edir ki, sentyabr ayında istiqrazların gəlirliliyinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də geosiyasi gərginliyin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərib.

Qeyd edək ki, Fondun vəsaitlərin idarə edilməsindən əldə etdiyi gəlirlər də ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,2 faiz azalıb. Belə ki, cari ilin ilk doqquz ayında ARDNF-nin bu istiqamət üzrə gəlirləri 3,6 milyard manat təşkil edib. Ötən ilin eyni dövründə isə həmin göstərici 5 milyard 235,7 milyon manat olub.

Ana səhifə ▸ İqtisadiyyat ▸ NVIDIA rəhbəri ilə bağlı xəyanət qalmaqalına görə Dövlət Neft Fondu yüz milyonlarla dollar itirə bilər