”Prezident bilsin ki, ölkədə ədliyyə sistemi dərəbəylikdir” (VİDEO)

“Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsinin keçmiş çilingəri Zakir Hüseynov  qanunsuz işdən çıxarılmasından şikayətçidir.  O, baş mühəndis Məhəmməd Behbudovun ona vəzifəsinə aid olmayan əmrlər verdiyini, əmrlərə tabe olmadığı üçün münasibətlərinin pozulduğunu deyir. Şikayətçi Məhəmməd Behbudovun, idarə rəisi Bəhruz İsmayılov  və sex rəisi Zahir Kazımovun vəzifələrindən sui-istifadə etdikləri qənaətində olduğundan,  məsələ ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət edib. Qurumdan şikayətinin SOCAR-a göndərildiyi cavabını alıb. SOCAR isə şikayətçiyə yoxlama apardıqlarını, iddialarının əsassız olduğınu  bildirib. Daha sonra işdən çıxarıldığını öyrənən Zakir Hüseynov bununla bağlı əmrdə göstərilənlərin böhtan olduğunu deyir.

“İttihamlardan biri də o idi ki, guya, mən imtahan verə bilməmişəm. İzahatımda da göstərmişəm ki, mən şəxsən Zahir müəllimə imtahan vermək istəmirəm.  Birbaşa məndən iş tələb edən adam, imtahan götürə bilməz. İstənilən yerdə, Neft  Şirkətinin, trestin özündə imtahan verə bilərəm. Mən imtahandan yox, sadəcə ona imtahan verməkdən imtina etmişəm. Orada yalandan qeyd olunur ki, mən imtahandan keçməmişəm.  Yalandan yazırlar, şər-böhtandır. Axı mən getməmişəm imtahana”.

Şikayətçi bildirir ki, işdənçıxarılma səbəbi həmçinin, Müsavat Partiyasının üzvü olmasıdır.  Qurumu məhkəməyə verən və iddiası təmin olunmayan Zakir Hüseynov Azərbaycan məhkəmələrinin Məhəmməd Behbudovun tapşırığı ilə qərəzli qərar çıxardığı qənaətindədir.


Məlum idarənin rəisi Bəhruz İsmayılov haqqındakı ittihamlara yalnız 
SOCAR-ın mətbuat xidmətinin icazəsindən sonra cavab verə biləcəyini deyib.


İdarənin baş mühəndisi Məhəmməd Behbudov isə Meydan Tv-yə  haqqındakı ittihamların böhtan olduğunu söyləyib. O, Zakir Hüseynovun işdən çıxarılma səbəbini belə şərh edib:

“Zakir Hüseynov ona görə işdən çıxarılıb ki, birinci dərəcəli nizam-intizamsız işçi idi. İşçilərin arasında iş pozmaqla məşğul idi. Təhlükəsizlik qaydalarına əməl eləmirdi. İmtahanda iştirak etməkdən imtina edən işçi idi”.



Baş mühəndis şikayətçinin işdən çıxarılma səbəblərindən biri kimi, imtahanda iştirakdan imtina etdiyini göstərsə də, sex rəisi Zahir Kazımov keçmiş işçinin imtahandan keçmədiyi  üçün işdən çıxarıldığını deyir:

“Burada komissiya var və komissiyanın tərkibində nümayəndələri var. O, mənə imtahan vermir. Mən həmin komissiyanın üzvüyəm. O, burada başqa adamlara da imtahan verir. İmtahanı verə bilməyib. Nizam-intizamı pozduğuna görədir. Görülən işlərlə bağlı mütəmadi olaraq işçilərin biliklərinin yoxlanılması gedir. Onları mütəmadi olaraq verə bilmədyinə görə işdən çıxarılıb”.


Hüseynovun siyasi baxışına görə işdən çıxarılmasına gəlincə,

“Düzgün deyil. Çünkü birinci dəfə burada olanda, heç mən bilmirdim ki, o, Müsavat Partiyasının üzvüdür.  Nə vaxt iddia qaldırdı, məhkəməyə verdi, ondan sonra mən internetdə görmüşəm ki, sən demə, o, Müsavat Partiyasının üzvüdür. Özü də deyəsən, haranınsa sədr müavinidir”.


SOCAR-ın məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.


İşinə qayıtmaq üçün şikayətini  Avropa Məhkəməsinə göndərməyə məcbur olduğunu deyən Zakir Hüseynov hüququnun Azərbaycanda bərpa olunmasını istəyir. Bunun üçün  dəfələrlə Prezident Aparatına, prezident.az saytına, Ədliyyə Nazirliyinə məktub ünvanlasa da, cavab ala bilmədiyini deyir. O, ölkə başçısından məsələyə müdaxilə etməsini xahiş edir:


“İmkanlarınız dərəcəsində mənim başıma gətirilən bu oyunlar barədə prezidentə məlumat çatdırın. Bilsin ki, bu ölkədə ədliyyə sistemində dərəbəylik baş alıb, gedir.  Açıq sifarişdir. Açıqca. Kimin pulu çoxdur, istədiyi haqsız işini haqlı edər, haqlını da haqsız edər”.


Azərbaycan Respublikasının Əmək Məcəlləsində və həmçinin,  “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında”  Əsasnamədə göstərilir ki, “biliklərin yoxlanmasından keçməmə” əsası ilə Əmək müqaviləsinə xitam verilməsi əsası nəzərdə tutulmamışdır.

İşdən çıxarılan Zakir Hüseynov Müsavatçı olduğu üçün başqa yerdə də iş tapa bilmədiyini deyir :


“Bunun qurduğu ölkədə, bunun davançılarına yaşamağa imkan vermirlər. Bu ölkənin banisidir, bu ölkəni qurandır. İmkan vermirlər yaşamağa, imkan vermirlər işləməyə. Adi çörəkpulu qazanıb, ailəni saxlamağa imkan vermirlər. Nədir, nədir, başımızın üstündədir. Tanıdığımız, qurucumuz, banimiz Məhəmməd Əmin Rəsulzadədir. Allah qəni-qəni rəhmət etsin”.

Ana səhifəVideo”Prezident bilsin ki, ölkədə ədliyyə sistemi dərəbəylikdir” (VİDEO)