Baş nazirin Tavuşun Kirants kəndində sakinlərlə görüşdüyü bildirilir
Aprelin 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Tavuş rayonunun Kirants kənd məktəbində sakinlərlə görüşüb.
“Azadlıq” radiosunun erməni xidməti ( “Azatutyun”) Baş nazirin görüşün təfərrüfatı ilə suala cavab vermədiyini yazıb.
Həmçinin təhlükəsizlik əməkdaşlarının “Azatutyun”un məktəbə daxil olmasına və iclasda iştirakına icazə vermədiyi bildirilir.
Hökumətdən “Azatutyun”a deyiblər ki, Paşinyanın Voskepar sakinləri ilə görüşü bir saata yaxın davam edib.
“Baş nazir yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən sərhədin demarkasiyası prosesində mövcud vəziyyəti təqdim edib. Sonra sualları cavablandırıb”, – deyə hökumətdən deyilib.
Paşinyanla yanaşı, müavini Mher Qriqoryan, sərhədin demarkasiyası komissiyasının rəhbəri, ərazi idarəetmə naziri Qnel Sanosyan və polis rəisi Vahe Qazaryanın da görüşdə iştirak etdiyi bildirilir.
“Azatutyun” yazır ki, Nikol Paşinyan Azərbaycanın iddia etdiyi 4 kəndin – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Alma-Ata Bəyannaməsinə əsasən, de-yure Ermənistan ərazisi olmadığını deyib.
Bundan əvvəl də, martın 18-də Nikol Paşinyan Tavuşun kənd sakinləri ilə görüşüb.
O söz verib ki, bütün narahatlıqlar nəzərə alınacaq, danışıqlar yekun deyil, qərar olarsa, yenidən onlarla görüşəcək.
Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi açıqlanıb.
Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.
Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib:
“Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır”.
“Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”, – deyə məlumatda qeyd olunur.
Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə Yerevanın Bakıya güzəştə getməsindən danışıb.
O bildirib ki, sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakıya güzəştə getməsə, o zaman gələn həftənin sonunda müharibə başlaya bilər:
“İndi biz buradan gedə bilərik, gedək və Azərbaycana deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq”.
“Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, – deyə Paşinyan əlavə edib.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.