Cəzalananlar arasında bir neçə ölkənin şirkətləri də var
ABŞ Rusiyaya kömək edən şirkətləri sanksiya ilə cəzalandırıb. Sanksiyalar Çində, Azərbaycanda, Türkiyədə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən şirkətlərə tətbiq edilib. Məlumatı mayın 1-də ABŞ Maliyyə Nazirliyi yayıb. Bildirib ki, Rusiyanı qoyulan sanksiyalardan aşmağa kömək edən, müharibə maşınının maliyyələşdirməyə dəstək olan bütün şirkətlər bu dəfə özləri sanksiya ilə üz-üzə qalacaq.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyanın hədəflərindən 60-ı Azərbaycanda, Belçikada, Slovakiyada, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mənzillənib.
“Həmin şirkətlər və şəxslər Moskvanın hərbi komponentlər əldə etməsinə kömək edən üçüncü ölkələrdədir”, – məlumatda bildirilir.
Maliyyə Nazirliyi xüsusən, Azərbaycanda “Əliyevin satınalma şəbəkəsi”ni təqib etdiyini bildirib.
“Yevgeni Əliyev bir sıra şirkətlərə nəzarət edən və rus hərbçiləri ilə sıx əlaqələri olan satınalmalar üzə agentdir. Onun şəbəkəsinə “Lahıc Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti, GMM FZE və GMM Management, DMCC (GMM Managemenet) daxildir”, – deyə yayılan məlumatda bildirilir.
“Lahıc Energy” 2023-cü ildə Rusiyanın ABŞ-ın sanksiyalarına məruz qalmış texnologiya istehsalçılarının adından biznes həyata keçirməyə çalışan Azərbaycan şirkətidir. GMM FZE və GMM Management BƏƏ-də yerləşən şirkətlərdir. Cahangir Yevgeni oğlu Əliyev (Cahangir Əliyev) “Lahıc Energy” şirkətinin direktoru və Yevgeni Əliyevin oğludur.
“Yevgeni Əliyev Rusiyanın hərbi-sənaye kompleksi ilə işləyib”, – bu da ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
ABŞ Maliyyə Nazirliyi iddia edir ki, sanksiya ilə cəzalandırılan şirkətlərin və şəxslərin hər biri Rusiyanı ehtiyacı olan texnologiya və avadanlıqla xaricdən təchiz edib. Azərbaycan hökuməti, həmçinin adıçəkilən şirkət və şəxslər bu məlumat barəsində hər hansı açıqlama verməyiblər.