Rəsmi Yerevan Bakını Ermənistanın sərhədlərini tanımaqdan boyun qaçırmaqda günahlandırır
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib ki, Yerevan və Bakı hələ də Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımaqla bağlı razılığa gəlmirlər.
O iddia edib ki, Bakı saziş layihəsində “Alma-Ata Bəyannaməsi”nə istinad etməkdən çəkinir.
Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, Ararat Mirzoyan bunu sülh müqaviləsinin son variantını Azərbaycandan aldıqdan sonra deyib.
Ararat Mirzoyan “Əl-Cəzirə”yə müsahibəsində əslində sərhədlərin delimitasiyası prinsipinin hələ sülh sazişində təsbit edilmədiyini də etiraf edib.
Aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev noyabra qədər Ermənistanla sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründüyünü bildirmişdi.
İlham Əliyevin fikrincə, baza prinsipləri üzərində razılığa gəlmək variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar:
“Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”.
“Biz sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. İşğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmirdi. O zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, – deyə Əliyev əlavə edib.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.