Hərbçinin ürək nahiyəsinə güllə dəydiyi bildirilir
Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Ramin oğlu Zöhrabov vəfat edib.
Müdafiə Nazirliyindən “Report”a bildirilib ki, hadisə martın 22-də baş verib.
Masallının Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılan İlkin Zöhrabovun ölüm səbəbi ilə bağlı araşdırma aparılır.
Mərhumun ailəsinin Meydan TV-yə verdiyi məlumata görə, Kəlbəcər rayonundakı N saylı hərbi hissədə xidmət edən İlkin Zöhrabov aprelin 1-də tərxis olunmalı imiş.
“Ölümü ilə bağlı dəqiq nəsə demək çətindir. Bizə bir neçə versiya deyildi. Tərxis olunmağına səkkiz gün qalmış özünü öldürməsi inandırıcı deyil. Hazırda faktla bağlı Baş Prokurorluqda araşdırma getdiyi bildirilib. Rəsmi məlumat cinayət işinin gedişatı zamanı bəlli olacaq. İlkinin vurulduğu dəqiqdir, güllə ürək nahiyəsindən dəyib”, – mərhumun ailə üzvü deyir:
“İlkin İkinci Qarabağ müharibəsi zamanı bir neçə istiqamətdə gedən döyüşlərdə iştirak edib. Telefonla əlaqə saxlayanda, bizə yeri barədə heç bir məlumat verməmişdi. Ən son isə “Bizi Ağdamdan Kəlbəcərə aparırlar”, – demişdi. Anasına söyləmişdi ki, orada telefonla danışmaq mümkün deyil, narahat olma, özüm əlaqə saxlayacağam. Bu söhbətdən sonra onunla heç cür əlaqə saxlaya bilmədik”.
Ailəsi iki ay iyirmi yeddi gündən sonra, martın 23-də İlkin Zöhrabovun ölüm xəbərini alıb:
“Ölümü ilə bağlı rəsmi məlumat verilmədi. Sadəcə, yayılan xəbərlərdən biz bu işin üstünə düşdük, araşdırdıq, hərbi hissəyə getdik. Məlum oldu ki, İlkin vurulub. Nəşini tələb etdik. Üzərindən bir neçə gün keçəndən sonra bizə dünən məlumat verildi ki, İlkinin nəşi Gəncəyə gətirilir. Bu gün onu dəfn etdik. Yeganə istəyimiz İlkinə şəhid adının verilməsidir. Anasının ürəyi soyumur. Biz ona “İlkin şəhid oldu”- deyib, təskinlik veririk. Bugünkü dəfn mərasimində ona şəhid adının verilməyəcəyi kimi ab-hava sezdik”.
2001-ci il təvəllüdlü İlkin Zöhrabov İkinci Qarabağ döyüşlərində Kəlbəcərin işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.