“Oğlumu qamışlığa aparıb, başına sidik ifraz ediblər”

Foto: Oxran Şəkərovun yaxınlarının arxivindən

Lökbatan sakini deyir, “Bandotdel” əməkdaşları oğlunu işgəncə yoluyla şərləyiblər

“Oğlumla Kürdəxanıdakı təcridxanada görüşdüm. Dedi, ata, məni elə Lökbatandakı qamışlığa apardılar, başıma sidik ifraz elədilər, o qədər döydülər ki, dedim, gətirin, nəyə istəyirsiz, qol çəkim, məndən əl çəkin”.

Bakının Lökbatan qəsəbəsində yaşayan Kərəməli Şəkərov Meydan TV-yə danışır ki, 25 yaşlı oğlu Orxan Şəkərov oktyabrın 7-də günorta saatlarında Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Atanın iddiasına görə, ərazi polisləri Orxanı saxladıqdan sonra “Bandotdel” kimi tanınan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil veriblər. Ailə məsələdən həmin İdarədən gələn zəngdən sonra xəbər tutub. Ata danışır:

“Zəng vurub, məni idarəyə çağırdılar. Getdim, özünü Ceyhun Məmmədov kimi təqdim edən mülki geyimli əməkdaş qəbul elədi. Dedim, uşağı niyə bura gətirmisiz? Dedi, barəsində şikayət var. Dedim, bu uşaq səhər evdən çıxır, orda-burda günəmuzd fəhləlik edir, kiminlə nə işi var axı… Barmaqlarını qoşalaşdırıb beş işarəsi göstərdi, dedim, 65 yaşım səhər saat 6-da evdən çıxıram, axşama kimi daş karxanasında daş yükləyirəm. Mənim kimsəyə verəcək pulum yoxdur. Dedi, özün bilərsən, “oformit” eləyib, göndərirəm Kürdəxanıya”.

Kərəməli Şəkərov deyir, sabahı gün xəbər tutub ki, Orxan Bakı İstintaq Təcridxanasına göndərilib. Orada görüş zamanı ona məlum olub ki, oğlu Cinayət Məcəlləsinin 234.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) maddəsiylə cinayət məsuliyyətinə cəlb olunub. Oğlu ona şərləndiyini deyib:

“Dedi ki, ata, əvvəlcə mənə dələduzluq maddəsiylə cinayət işi açmaq istədilər, gördülər, heç bir sübut yoxdur, Lökbatandakı qamışlıq əraziyə aparıb işgəncə verdilər, şəxsiyyətimi alçaldan hərəkətlər etdilər, başıma sidik ifraz etdilər, məni o qədər döydülər ki, gördüm əllərində öləcəm, dedim, verin, nəyə istəyirsiz qol çəkim”.

Kərəməli Şəkərovun sözlərinə görə, oğlu ona deyib ki, bir qadınla münasibət qurub, həmin qadın onu şantaj edib:

“Qadın polislərin adamı imiş, oğlumdan başqa daha bir neçə nəfəri şantaj edirmiş. Dedi ki, ata, qadın məndən hamilə qaldığını, ondan ayrılsam, evimizə gəlib, bu barədə ailəmə xəbər verəcəyini deyirdi, mən də ayrılmağa qorxurdum. Mənə kart verirdi, gedib pul çıxarırdım, gətirib özünə verirdim. Nə pul olduğunu bilmirdim”.
Kərəməli Şəkərov deyir, oğlu Orxan günəmuzd fəhləlik edirmiş, iki azyaşlı övladı var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyilənləri yalan və şəxsi mülahizə hesab edib:

“Deyilənlər əsassız olmaqla yanaşı, şəxsi mülahizələrdir, faktsızdır. Vətəndaşın hansı cinayətdə şübhəli bilinməsindən asılı olmayaraq, prosessual tələblərə uyğun olaraq onun hüquq və vəzifələri polis əməkdaşları tərəfindən tədbirlərin görülməsi zamanı diqqət mərkəzində saxlanılır. İctimai mövqeyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insanı rəftara məruz qala bilməz”.

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi. Foto: DİN

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vətəndaşların işgəncələrə məruz qalması məsələsi haqda yerli və beynəlxalq hesabatlarda məlumatlar var. Bu quruma gətirilən, təqsirləndirilən şəxs qismində cinayət işlərinə cəlb edilənlərin əksəriyyəti işgəncə gördüyünü bildirir. İctimai fəallardan Qiyas İbrahimov və mərhum Bayram Məmmədov da vaxtilə bu qurumda işgəncə gördüklərini məhkəmə prosesində söyləmişdilər. Nardaran hadisələri zamanı həbs edilənlərin, eləcə də həbs edilən digər inanclılar “Bandotdel”də işgəncə gördüklərini bildiriblər.

Dekabrın 10-də Amerika Birləşmiş Ştatları Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü və Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Bandotdel”in əməkdaşı Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edib.

Kərim Əlimərdanovun adı ictimai fəal Elgiz Qəhrəmanın məhkəməsində və “Nardaran hadisələri”ndə hallanıb.

“Nardaran hadisələri”nə görə həbs olan İsa İbrahimovun məhkəmədə verdiyi ifadəsindən “Bandotdel”də məni Kərim Əlimərdanovun otağına apardılar. Məni görəndə seyfdən başı qotazlı bir çubuq çıxardı. Onu görəndə Müaviyəni yadıma saldım. Mənə dedi: “Qarşımda diz çök!” Mən də dedim ki, Allahdan başqasının qarşısında diz çökmürəm. Başıma o qədər vurdular ki, başım parçalandı”.

Ana səhifəSosial“Oğlumu qamışlığa aparıb, başına sidik ifraz ediblər”