ABŞ adı işgəncədə hallanan “Bandotdel” əməkdaşına sanksiya tətbiq etdi

Foto: Azərtac

 Kərim Əlimərdanovun adı “Nardaran işi”ndə və Elgiz Qəhrəmanın məhkəməsində çəkilib

Amerika Birləşmiş Ştatları Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşı Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edib. Dövlət Departamenti Kərim Əlimərdanovu 2015 və 2016-cı illərdə insan hüquqlarını kobud şəkildə pozmasına, yəni məhbuslara işgəncə verilməsində iştirak etdiyinə görə sanksiyaya salıb.

Birləşmiş Ştatlar Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü və Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində bütün dünyada korrupsiya və insan hüquqlarının pozulmasına görə hesabatlılığı təşviq etmək üçün müəyyən tədbirlər həyata keçirir. Bu tədbirlərə Qlobal Maqnitski Aktına əsaslanan icra sərəncamı və maliyyə sanksiyaları, həmçinin viza məhdudiyyətləri daxildir.

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Ölkənin İmmiqrasiya və Vətəndaşlıq Aktına əsasən, sanksiya tətbiq edilmiş fiziki şəxslərin və ya qurumların Birləşmiş Ştatlarda, yaxud ABŞ şəxslərinin ixtiyarında, nəzarətində olan bütün əmlakı bloklanır.

Dövlət Departamentinin hazırladığı hesabatda müxtəlif ölkələrin vətəndaşlarının adı çəkilib. Azərbaycandan isə sanksiya yalnız Kərim Əlimərdanova tətbiq edilib.

Kərim Əlimərdanovun adı ictimai fəal Elgiz Qəhrəmanın məhkəməsində və “Nardaran hadisələri”ndə hallanıb.

“Nardaran hadisələri”nə görə həbs olan İsa İbrahimovun məhkəmədə verdiyi ifadəsindən “Bandotdel”də məni Kərim Əlimərdanovun otağına apardılar. Məni görəndə seyfdən başı qotazlı bir çubuq çıxardı. Onu görəndə Müaviyəni yadıma saldım. Mənə dedi: “Qarşımda diz çök!” Mən də dedim ki, Allahdan başqasının qarşısında diz çökmürəm. Başıma o qədər vurdular ki, başım parçalandı”.

Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətABŞ adı işgəncədə hallanan “Bandotdel” əməkdaşına sanksiya tətbiq etdi