Neft buruqları içərisində ac ailə (VİDEO)

“Mən bu dəqiqə gələndə Allahdan oldu, mənim yolpulumu yad adamlar verdi. Bilmirəm, niyə? Zahirimdə yazılıb pulsuzluq?!”

Jalə Seyfullazadə 4 uşağı ilə birlikdə Ramana qəsəbəsində yaşayır. Onun evi neft buruqları ilə əhatələnsə də uşaqları ac qalır. Qadın deyir ki, övladlarını qonşularının sayəsində böyüdür. Uşaqların geyimi, soyuducuda olan ərzaqlar, hətta bəzən təmiz suyu da qonşudan alır. “Qapıma qurban əti gəlir . Ancaq qurban əti yedirdirəm uşaqlarıma. Mən onu ala bilmirəm”.

Jalə Seyfullazadə 3 il öncə yoldaşından ayrılıb. Aliment almadığına görə ünvanlı sosial yardım üçün müraciət edib. Onun yeganə qazancı anasının 169 manatlıq təqaüdüdür. “Sosial yardım üçün müraciət etmişəm. Deyiblər ki, hökmən işləməlisən.  Dedim, mən vaxtı ilə işləmişəm, gördüm ki, uşaqlarım yiyəsiz qalır. Hətta bir dəfə peçi yandıranda görüblər evi tüstü basıb, elə biliblər ev yanır. Mən istəməmişəm işləyim çünki mən o körpəni tək qoya bilmərəm. Uşağı ana qayğısı ilə böyütməliyəm, onda mən onu niyə dünyaya gətirirəm?!” -Jalə Seyfullazadə deyir.

“Qayğısız uşaqlıq illəri” ifadəsi onun uşaqlarına aid deyil. Onlar anaları aciz qalmasın deyə məktəbdə yığılan pulları ona demirlər. “Utanırlar. Mən o qədər rejimə öyrətmişəm ki, onları uşaq bilir, bezir, demir mənə. Bilir ki, mən onu verməyəcəm, ona görə də demir. Müəllimlərə də demişəm ki, mənim uşağımdan pul istəməyin, mən bunu verə bilməyəcəm axı… Çox vaxt uşaqlarımın əvəzindən müəllimlər pul verirlər”.

Jalə xanım neftli suyu duruldub içdiklərinə və evlərinin rütubətli olmasına görə uşaqlarının xəstəlik tapdığını deyir. O, yoxsulluqdan övladlarını müalicə etdirə bilmir. “Oğlumun gözünə görə narahatam. Qızın qıcolmaları olurmu, olmurmu, bilmirəm. Qız məndən bunu gizlədir. Amma mən gecə onun öskürəyinin səsinə yata bilmirəm. Uşağa daim su verirəm. Bəlkə də gecə ona bir litr su içirdirəm. Mən gecə yatmıram ki… Allaha and olsun deyirəm, birdən bu uşaq boğulub ölər”.

Qadın arzulayır ki, nə vaxtsa evində artıqlaması ilə yemək bişirsin və ondan qonşulara da versin. Onlar da bilsin ki, Seyfullazadə ailəsi daha ac deyil. ”Məsələn, evdə nəsə bişirim, kiməsə verim, desinlər ki, bizdə var. O uşaq fəxr eləyər ki, bizdə çoxdur deyə anam onu verdi. Uşaq fikirləşməz ki, yox, sabah nə yeyəcəyik bəs? İstəmirəm. Mən artıq indidən onun vicdan əzabın çəkirəm”.

Ana səhifəVideoNeft buruqları içərisində ac ailə (VİDEO)